• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
transilvaniya-tazisi

Transilvaniya tazısı

Transilvaniya tazısı - Həmçinin Transilvaniya qoxu tazısı və ya Macar tazısı kimi tanınır. Əsasən ov üçün istifadə edilən Macarıstan mənşəli qoxu tazısı (ovun yerini qoxusu ilə təqib edib tapan itlər) növüdür. Tarix Transilvaniya tazısının, 9-cu əsrdə macarların Karpat dağlarını keçərkən yanlarında gətirdikləri tazılarla yerli tazıların qarışması nəticəsində yaranan nəsildən törədiyi iddia edilir. Orta əsrlərdə bu cins, Macarıstan aristokratiyası tərəfindən müxtəlif ov heyvanlarını ovlamaq üçün sevimli bir növ idi. Müxtəlif ərazilərdə fərqli ov növləri üçün iki boy növü inkişaf etdirilmişdir və hər iki növ bir yerdə saxlanılırdı. Uzun ayaqlı növ, meşə və çəmənliklərdə böyük ov heyvanları (məsələn, Avropa bizonu, qonur ayı, donuz və vaşaq) ovlamaq üçün istifadə edilirdi. Qısa ayaqlı növ isə daşlı və ya sıx bitki örtüyü olan ərazilərdə tülkü, dovşan və dağ keçisi ovlamaq üçün yaradılmışdı. Kənd təsərrüfatı və meşəçiliyin inkişafı ilə bu cins azalaraq Karpat meşələrinə sıxışdırıldı və 20-ci əsrin əvvəllərində nəsli kəsilmək təhlükəsi ilə üzləşdi. İkinci Dünya Müharibəsi zamanı cins demək olar ki, məhv edildi və 1947-ci ildə Transilvaniya yenidən Rumıniyaya birləşdirildikdən sonra Rumıniya hökuməti qalan nümunələri məhv etdi. Buna baxmayaraq, Macarıstan və Slovakiya ərazilərində bəzi nümunələr sağ qaldı və bu ölkələrdə yetişdiricilər cinsi bərpa etmək üçün çalışdılar. 1886-cı ildə cinsin ilk rəsmi qeydiyyatı "Macar Ov İtləri Şəcərə Kitabı" ilə başladı. 1941-ci ildə "Macar Milli Vizsla Klubu"nun "Kopó Bölməsi" tərəfindən Macar Tazısı kimi qeydiyyata alındı və 27 fərdlə bərpa işlərinə başlandı. Lakin İkinci Dünya Müharibəsi bu prosesi dayandırdı. 1960-cı illərdə yenidən bərpa işlərinə başlanıldı. 1963-cü ildə "Fédération Cynologique Internationale" (FCI) tərəfindən tanındı və standartlaşdırıldı. 1968-ci ildə cinsin bərpası üçün daha da səy göstərildi. 21-ci əsrdə uzun ayaqlı növün nümunələrinə həm Macarıstan, həm də Rumıniyada rast gəlmək mümkündür. Təsvir İki boy növü var, lakin FCI standartı yalnız uzun ayaqlı növü təsvir edir. Qısa ayaqlı növün boyu 46-51 sm, uzun ayaqlı növün boyu isə 56-66 sm arasında dəyişir. Qısa ayaqlı növün çəkisi 22-25 kq, uzun ayaqlı növün çəkisi isə 30-35 kq arasındadır. Başı uzun, lakin iti deyil və qırışıqsızdır. Qulaqları orta ölçülü, asıq və yumru ucludur. Bədəni nisbətən uzun, lakin kvadratikdir. Sinəsi geniş və uzun, quyruğu isə aşağıdadır və ov zamanı adətən bel səviyyəsində qıvrılır. Tükləri qısa, düz və bədənə yaxın oturur, uzun ayaqlı növün tükləri bir qədər daha uzundur. Qısa ayaqlı növ adətən tünd qırmızı və qəhvəyi rəngdə, uzun ayaqlı növ isə qara və qəhvəyi rəngdə olur. Transilvaniya tazısı, yayları isti, qışları qarlı keçən kontinental iqlimə uyğunlaşmışdır və böyük dözümlülük, həmçinin kəskin və etibarlı qoxu alma qabiliyyəti ilə seçilir. Bu cins adətən itaətkar, yaxşı xasiyyətli, uşaqlara tolerant və asan öyrədiləndir. "Pack hound" olduğu üçün digər itlərlə çox yaxşı yola gedir. Təsvirlərə görə, bu cins ehtiyatlı, bir qədər şübhəli və daxili təfəkkürə malikdir. Ov zamanı isə cəsarət və yaxşı oriyentasiya qabiliyyəti nümayiş etdirir. Sağlamlıq Sağlam və uzunömürlü bir cinsdir. Orta ömrü 10-14 il olan bu itlər ümumiyyətlə yaxşı sağlamlıq vəziyyətinə malikdirlər. Lakin bəzi ümumi sağlamlıq problemlərinə diqqət yetirmək vacibdir. Sağlamlıq problemləri 1. Bud və dirsək displaziyası: Bu ortopedik problem, oynaq sümüklərinin düzgün yerləşməməsi nəticəsində meydana gəlir. Bu vəziyyət ağrıya və axsaqlığa səbəb ola bilər. Bala satmazdan əvvəl valideyn itlərin oynaq problemləri üçün müayinə edildiyindən əmin olmaq vacibdir. 2. Xərçəng: Xüsusilə yaşlandıqca bu cinsdə müxtəlif növ xərçənglərin yaranması ehtimalı var. Erkən diaqnostika üçün müntəzəm baytar müayinələri vacibdir. 3. Ürək problemləri:Yaşlandıqca ürək xəstəlikləri riski artır. Düzgün qidalanma, kifayət qədər idman və erkən müayinələr bu problemlərin qarşısını almaqda və ya gecikdirməkdə kömək edə bilər. Qidalanma Transilvaniya Tazısı üçün gündəlik yemək miqdarı ölçüsünə, yaşına və aktivlik səviyyəsinə uyğun verilir. Bu cins gündəlik bir neçə fincan yüksək keyfiyyətli it yeməyi tələb edir. Həm kommersiya, həm də evdə hazırlanmış qidalar bu cins üçün uyğundur. Paxlalılardan hazırlanan yemlərdən uzaq durmaq lazımdır, çünki paxlalılar itlərdə ürək çatışmazlığı yaradır. Ən çox qoyulan 10 ad 1.Buddy 2.Duke 3.Copper 4.Hunter 5.Dexter 6.Lily 7.Roxie 8.Sadie 9.Archie 10.Mac


İstinadlar

Tarix : 12 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.