- Wikisun
Tibet teryeri - Tibetdən olan orta ölçülü it cinsi. Adına baxmayaraq, teryer qrupuna aid deyil. Bu cinsə "teryer" adı Avropa səyyahları tərəfindən, məlum teryer növlərinə bənzədiyi üçün verilmişdir. Tarix 2000 il boyunca Tibet monastırlarında yetişdirilib saxlanılmışdır. Tarixən bu itlər uğur simvolu, maskot, gözətçi iti, mal-qara idarəçisi və yoldaş kimi istifadə edilirdi. Həmçinin dağ yamaclarına düşən əşyaları geri gətirmək üçün də istifadə olunurdular. İngiltərədən olan Doktor Aqnes Qreyq, 1922-ci ildə ilk Tibet Teryerini Avropaya gətirdi. Tibetdə bir xəstə üzərində uğurlu əməliyyat etdikdən sonra ona "Bunti" adlı qızılı-ağ rəngli bir balaca dişi it hədiyyə edildi. Daha sonra "Rajah" adlı bir erkək it əldə edən Aqnes, bu cinsi yetişdirməyə başladı. İlk balalar 1924-cü ildə dünyaya gəldi və "Lhasa Teryeri" kimi qeydiyyata alındı. 1930-cu ildə "Hindistan Kennel Klubu" bu cinsin adını "Tibet Teryeri" olaraq dəyişdi. ABŞ-a ilk Tibet Teryerləri 1956-cı ildə Doktor Henri və Alis Mörfi cütlüyü tərəfindən gətirilmişdi. 1973-cü ildə "Amerikan Kennel Klubu" (AKC) bu cinsi tanıdı və "İdmançı Olmayan İtlər" qrupuna daxil etdi. Tibet Teryerləri "Şitsu", "Lhasa Apso", "Tibet Spanyeli" və "Polşa Ovalıq Çoban İti" kimi növlərin inkişafına töhfə vermişdir. Xüsusiyyətlər Güclü, orta ölçülü və kvadratik proporsiyalara malik bir itdir. Boyu 35-41 sm, çəkisi isə 8-14 kq arasında dəyişir. İdeal çəki hər iki cins üçün 9.5-11 kq arasındadır. Tam yetişmiş Tibet teryeri, kiçik bir "Bearded Collie"yə bənzəyir. Baş orta ölçüdədir, güclü bir buruna və nə yumru, nə də düz olan bir kəlləyə malikdir. Gözləri böyük, tünd rəngli və bir-birindən aralıdır. V şəklində sallanan qulaqları yaxşı tüklənmişdir və kəllənin yan tərəflərində yüksəkdə yerləşir. Burun rəngi üçün qara üstünlük təşkil edir, lakin nümayiş itlərində bəzən qəhvəyi də ola bilər. Bədəni əzələli və yığcamdır. Bel uzunluğu çiyin hündürlüyünə bərabər olmalıdır, bu da cinsə xas kvadratik görünüş verir. Quyruğu yüksək yerləşir, yaxşı tüklənmişdir və bədənin üzərində qıvrılmış şəkildə daşınır. Tibet Teryerinin ən qeyri-adi xüsusiyyətlərindən biri, dağlara dırmaşmaq üçün ideal olan geniş və düz ayaqlarıdır. Ayaq barmaqları arasında tüklər var ki, bu da təbii qar ayaqqabısı kimi çıxış edir. Tibet Teryerinin tük örtüyü uzun bir böyümə dövrünə malikdir. Nəticədə, xəzləri olduqca uzun olur və ev heyvanları üçün vaxtaşırı kəsim tələb olunur. Bu cins, qısa tük böyümə dövrünə malik itlər kimi tük tökür. Balalar təxminən doqquz aylıq olarkən bütün tük örtüyünü tökür və yetkin tük örtüyünü əldə edir. İkiqat tük örtüyü sıx və isti bir alt tük qatına malikdir. Üst tük qatı isə insan saçının toxunmasına bənzəyir. Tük örtüyü ipək və ya qıvrım olmamalır. Bəzi klublar dalğalı olanı da, qəbul edir. Uzun və qalın tük örtüyü təbii şəkildə nümayiş etdirilir, lakin "Lhasa Apso" və ya "Maltiz" kimi növlərdə olduğu kimi yerə toxunmamalıdır. Üz və gözləri örtən tük örtüyü var, lakin uzun kirpiklər tüklərin gözə daxil olmasının qarşısını alır və bu cinsin görmə qabiliyyəti çox yaxşıdır. Bütün rənglərə icazə verilir, lakin qəhvəyi və şokolad rənglər istisnadır. Qızılı rəng ən nadir rəngdir. Tibet teryerləri çoxrəngli, üçrəngli, qırmızı və ya ala rəngli ola bilər, amma burun və gözlərin tünd rəngli olması şərti ilə. Xarakter Xarakteri, cinsin ilk yaradıldığı vaxtlardan bəri ən cəlbedici xüsusiyyətlərindən biri olmuşdur. Onlar mehriban və sevgi dolu ailə itləridir, sahiblərinə qarşı həssasdırlar və uşaqlara yumşaq davranırlar. Gözətçi it cinsləri kimi, Tibet teryerləri yad adamlara qarşı ehtiyatlı ola bilər, lakin heç vaxt aqressiv və ya utancaq olmamalıdır. Tibet teryerinin dərin bir səsi, həddindən artıq hürmək meyli var. Mənzil həyatı üçün uyğun olsalar da, Tibet teryerləri nizamlı fəaliyyət tələb edən enerjili itlərdir. Enerji səviyyəsi orta ilə yüksək arasında dəyişir və ümumi təbiəti xoşbəxt, fəal, canlı, ağıllı və çevikdir. Nəticə etibarilə, onlar çeviklik kimi it idman növləri üçün çox uyğundur. Onlar möhkəm, qətiyyətli və ağıllıdırlar, bu da bəzən inadçı olmalarına səbəb ola bilər. Tibet teryerləri adətən cazibədar və sadiqdirlər. Bəzi itlər ərazilərini qorumaq meyli göstərə bilər, bu da digər ev heyvanları ilə yaşamağı çətin edə bilər. Fəaliyyətlər Tibet teryerləri çeviklik, itaət, nümayiş, flyball, izləmə və hətta mal-qara idarəetmə yarışlarında iştirak edə bilər. Mal-qara idarəetmə instinktləri və təlim qabiliyyəti qeyri-rəqabətli testlərlə ölçülə bilər. Əsasən mal-qara idarəetmə instinktləri olan Tibet teryerləri, yarışlarda iştirak etmək üçün təlim keçə bilərlər. Sağlamlıq 2024-cü il Böyük Britaniya araşdırmasına görə, Tibet teryerinin orta ömrü 13.8 ildir. Tibet Teryerləri "canine neuronal ceroid lipofuscinosis" (insanlarda Batten xəstəliyi kimi tanınır) genetik xəstəliyini daşıya bilər. Xəstəliyin ilk əlaməti gecə korluğudur. Korluq və epilepsiya, motor pozğunluqları, demans və gözlənilməz aqressiya kimi nevroloji əlamətlər bir neçə il sonra ortaya çıxa bilər. 2009-cu ildə bu xəstəliyə səbəb olan gen müəyyən edildi və indi bunun üçün bir DNA testi mövcuddur. Almaniyada aparılan bir araşdırma göstərdi ki, "Tibet Teryeri Klubu"nun üzvlərinin təxminən üçdə biri bu geni daşıyır, lakin DNA testləri və daşıyıcıların çoxaldılmasının qadağan edilməsi sayəsində klubun itlərində bu xəstəlik müşahidə edilmir. Tibet teryeri, "ADAMTS17" geninin "avtosomal resessiv mutasiyası" səbəbiylə əsas "lens luksasiyası" xəstəliyinə ən çox yoluxan növlərdən biridir. Ən çox qoyulan 5 ad 1.Dorjee 2.Kalden 3.Jompa 4.Lopsang 5.Zaya
https://en.wikipedia.org/wiki/Tibetan_Terrier
https://a-z-animals.com/animals/tibetan-terrier/
https://www.akc.org/dog-breeds/tibetan-terrier/
https://www.petmd.com/dog/breeds/tibetan-terrier
https://dogtime.com/dog-breeds/tibetan-terrier
https://www.purina.co.uk/find-a-pet/dog-breeds/tibetan-terrier
https://www.webmd.com/pets/dogs/what-to-know-tibetan-terriers
https://www.thesprucepets.com/tibetan-terrier-dog-breed-profile-4780314
https://www.pdsa.org.uk/pet-help-and-advice/looking-after-your-pet/puppies-dogs/medium-dogs/tibetan-terrier
https://wagwalking.com/breed/tibetan-terrier
https://www.ckc.ca/en/Choosing-a-Dog/Choosing-a-Breed/Non-Sporting-Dogs/Tibetan-Terrier
Tarix : 12 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.