- Wikisun
Portuqal pointeri - Ov iti kimi inkişaf etdirilmiş it növü. Bu it, ov zamanı ov heyvanının yerini işarə edən (pointing) it növlərindən biridir. Əsasən qırmızıayaq kəklik ovunda istifadə olunur. Tarix Portuqal pointeri İberiya yarımadasının ov itlərindən törəmişdir və Portuqaliyada onun izləri XII əsrin əvvəllərinə qədər gedib çıxır. Əvvəlcə bu it kral köşklərində yetişdirilirdi. Daha sonra isə cəmiyyətin aşağı təbəqələri üçün çox məşhur bir ov itinə çevrildi. XVIII əsrdə bir çox ingilis ailəsi Portu şəhəri bölgəsində şərab istehsalı ilə məşğul olmağa başladı və Portuqal ov iti ilə tanış oldu. Bu itlər İngiltərəyə aparıldı və ingilis pointerinin yaranmasında rol oynadı. Lakin XIX əsrdə Portuqaliyanın ciddi sosial çətinliklər yaşadığı dövrdə bu növ tədricən azalmağa başladı. 1920-ci illərdə bəzi yetişdiricilər Portuqaliyanın əlçatmaz şimal bölgələrində qədim Portuqal itlərini taparaq bu növü qurtarmaq üçün səy göstərdilər. Bu cinsin şəcərə kitabı 1932-ci ildə, növün standartı isə 1938-ci ildə təsis edildi. Ən azı min il ərzində bu it həmişə eyni kvadrat baş, qabarıq alın, üçbucaq formalı qulaqlar və yığcam görünüşə malik olmuşdur. XVII əsrdən etibarən isə onun quyruğu kəsilir. Dünyada sadəcə bu cins və ondan törımiş ingilis pointerləri qeyd olunan görünüşə malikdir. Xüsusiyyətlər Portuqal pointeri orta ölçülü bir itdir. Hündürlüyü 48–56 sm, çəkisi isə erkəklərdə 18–27 kq, dişilərdə isə 16–25 kq arasında dəyişir. Konformasiya şoularında qiymətləndirilərkən, itlər iş qabiliyyətini yaxşılaşdıran xüsusiyyətlərinə görə qiymətləndirilir və standartdan kənara çıxmalar cəzalandırılır. İtlər kvadrat quruluşa malikdir. Quyruğun yarısı və ya üçdə iki hissəsi kəsilir. Xəzi qısa və kobuddur, qulaqlar və üzdə isə məxməri tüklər müşahidə edilir. Portuqal Pointerinin alt xəzi yoxdur. FCI tərəfindən tanınan standart rənglərə açıq sarı, qırmızı-sarı və sarı daxildir. Həm tək rəngli, həm də ağ işarələrlə ola bilər. Sağlamlıq Portuqal pointerinin orta ömür müddəti 14 ildir. Onlar möhkəm bir növ hesab olunur və onlara xas olan məlum xüsusi sağlamlıq problemləri yoxdur. Lakin oynaq displaziyası, diz oynağının çıxması, xərçəng və avtoimmün xəstəliklər bu ölçüdə olan itlər üçün potensial sağlamlıq problemləridir. Xasiyyət Portuqal pointerləri enerjili bir növdür. Ov iti olaraq bu növ həvəslə işləyir və öz işinə sədaqətlidir. Onlar idarəçiləri ilə yaxın əlaqədə işləyir və sədaqətli yoldaş olurlar. Sosial olduqları üçün, ailələri ilə vaxt keçirməyi çox sevirlər. Canlı təbiəti, onları uşaqlar üçün yaxşı bir oyun yoldaşı edir, lakin it uşaqların yanında olarkən nəzarət edilməsi tövsiyə olunur. Portuqal pointerləri çox mehriban və sadiqdirlər.
https://www.purina.co.uk/find-a-pet/dog-breeds/portuguese-pointer
https://dogtime.com/dog-breeds/portuguese-pointer
https://www.akc.org/dog-breeds/portuguese-pointer/
https://www.wisdompanel.com/en-us/dog-breeds/portuguese-pointer
https://www.ukcdogs.com/portuguese-pointer
https://www.dogster.com/dog-breeds/portuguese-pointer
https://wagwalking.com/breed/portuguese-pointer
https://www.royalcanin.com/us/dogs/breeds/portuguese-pointer
https://www.omlet.de/breeds/hunde/portuguese_pointer/
https://en.wikipedia.org/wiki/Portuguese_Pointer
Tarix : 17 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.