- Wikisun
Pis dünya sindromu (ingiliscə Mean World Syndrome) - Kütləvi medianın zorakılıqla bağlı məzmununa uzunmüddətli və orta dərəcədən yüksək səviyyəyə qədər məruz qalan insanların, dünyanın olduğundan daha təhlükəli olduğunu düşünməsinə səbəb olan vəziyyət. Mahiyyəti Tədqiqatın ilkin mərhələlərində bu sindrom yalnız televiziya izləməyin təsiri kimi müzakirə edilirdi. Lakin sonradan sosial media platformalarının da bu sindromun yayılmasında mühüm rol oynadığı məlum oldu. 1970-ci illərdə kommunikasiya üzrə professor Corc Gerbner tərəfindən irəli sürülən bu nəzəriyyənin tərəfdarları, zorakılıqla bağlı məzmuna məruz qalan insanların qorxu, narahatlıq, bədbinlik və artan təhlükə hissi kimi təsirlərlə üzləşdiyini iddia edir. Bu sindromla bağlı tədqiqatlar göstərib ki, kütləvi medianın hər növü insanların dünyaya dair baxışlarını, inanclarını və fikirlərini birbaşa təsir edə və formalaşdıra bilər. Tarixi Pis dünya sindromu termini, televiziya izləmənin, xüsusən də zorakı medianın təsirlərini öyrənən Corc Gerbner tərəfindən irəli sürülüb. 1968-ci ildə Gerbner "Mədəni Göstəricilər Layihəsi"ni (Cultural Indicators Project, CIP) qurdu. Bu, televiziya məzmununun insanların dünyaya dair baxışlarına necə təsir etdiyini öyrənən ilk layihələrdən biri idi. Gerbner 3,000-dən çox televiziya proqramı və 35,000-dən çox personaj haqqında məlumat toplayaraq, məzmun dəyişikliklərinin izləyicilərin baxışlarına necə təsir etdiyini araşdırdı. Bu layihə, Gerbnerin "Yetişdirmə Nəzəriyyəsi"ni təhlil etmək üçün istifadə olundu. Nəzəriyyə, zamanla mediaya məruz qalmanın, izləyicilərin reallıq haqqında təsəvvürlərini formalaşdırdığını iddia edir. Bu məzmun, insanların hadisələrə dair baxışlarını böyük ölçüdə təsir edir və onların real dünyanı necə qavradığını təhrif edə bilər. Nəzəriyyəyə əsasən, "insanlar televiziyada daha çox vaxt keçirdikcə, sosial reallığı televiziyada göstərilən reallıqla daha çox əlaqələndirirlər." Gerbner 1968-ci ildə bir araşdırma apararaq, geniş televiziyaya baxışın fərdin dünyaya dair inanclarına və münasibətinə təsir etdiyini sübut etməyə çalışdı. Sorğu iştirakçılarını "yüngül izləyicilər" (gündə 2 saatdan az), "orta izləyicilər" (gündə 2–4 saat) və "ağır izləyicilər" (gündə 4 saatdan çox) olmaqla üç qrupa ayırdı. Araşdırmanın nəticələrinə görə, daha çox televiziya izləyən qrup, real həyat hadisələrinə əsaslanan inanclardan çox, televiziyada göstərilənlərlə daha çox razılaşırdı. Bu qrupda utancaqlıq, tənhalıq və depressiya halları digər qruplardan daha yüksək idi. Pis dünya indeksi Gerbner və Larry Gross 1976-cı ildə bu araşdırmalar əsasında "Pis dünya indeksi"ni hazırladılar. Bu indeks, televiziya zorakılığına məruz qalmanın fərdlərin dünya haqqında inanc və düşüncələrinə necə təsir etdiyini araşdırırdı. Sonrakı araşdırmalar 1970-ci illərdən etibarən çoxsaylı tədqiqatlar Gerbnerin tapıntılarını təsdiqləyərək zorakılıqla bağlı məzmuna məruz qalmanın depresiya, qorxu, narahatlıq və bədbinlik kimi təsirlərə səbəb olduğunu göstərmişdir. COVID-19 və Pis dünya sindromu COVID-19 pandemiyası dövründə insanlar daha çox vaxtlarını evdə və onlayn keçirərək mediaya məruz qalma səviyyələrini artırdılar. "Doomscrolling" termini 2020-ci ildə məşhurlaşaraq, sosial mediada mənfi məzmuna həddindən artıq baxışı ifadə edirdi.
https://en.wikipedia.org/wiki/Mean_world_syndrome
https://ic4ml.org/blogs/do-you-suffer-from-mean-world-syndrome/
https://happiful.com/what-is-mean-world-syndrome
https://pdxscholar.library.pdx.edu/honorstheses/1302/
https://emro.libraries.psu.edu/record/index.php?id=4063
https://dailyfreepress.com/2023/11/30/mean-world-syndrome-crime-tv-the-city-and-me/
https://interrogatingjustice.org/decriminalizing-mental-illness/mean-world-syndrome/
https://sketchplanations.com/mean-world-syndrome
https://journalism.university/media-and-communication-theories/mean-world-syndrome-media-role-fear-violence-perceptions/
https://traceyward.co/mean-world-syndrome/
https://blog.tuprag.com.tr/kotu-dunya-sendromu/
https://www.gunisigigazetesi.net/makale/13394005/fatma-godeoglu/kotu-dunya-sendromu
https://www.theemotionmachine.com/how-to-overcome-mean-world-syndrome/
Tarix : 17 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.