- Wikisun
Papillon ([papijɔ̃], fransızca 'kəpənək-qulaqlı') - Spaniyel növünə aid olan it cinsi. Ən qədim oyuncaq spaniyellərdən biri olan papillon, adını qulaqlarının uzun və saçaqlı tükləri ilə yaratdığı kəpənəkvari görünüşdən alır. Sallaq qulaqlı papillon isə "Phalène" adlanır. Davranış və təsvir Papillonlar çox ağıllı, özünəinamlı itlərdir və yeni fəndləri öyrənməkdə olduqca bacarıqlıdırlar. Uşaqlar və yad insanlarla sosial bağ qura bilsələr də, ümumiyyətlə yeni tanış olduqları insanlara qarşı ehtiyatlı davranırlar. Digər ev heyvanları ilə də uyğunlaşa bilirlər. Sosiallaşma düzgün aparılmadıqda, digər itlərə və insanlara qarşı aqressiv davranışlar göstərə bilərlər. Papillonlar həmçinin çox oynaq və mehriban ola bilirlər. Yüksək enerji səviyyəsinə malik olduqları üçün digər yoldaş it cinsləri ilə müqayisədə daha çox fiziki fəaliyyətə ehtiyac duyurlar. Gözətçi itlərdir və ətraf mühitdəki dəyişikliklərə qarşı sahiblərini xəbərdar edirlər. Soyuq hava şəraitinə qarşı həssasdırlar və bu səbəbdən açıq havada tək buraxılmamalıdırlar. Xarakterik xüsusiyyəti uzun və saçaqlı qulaqlarıdır ki, bu da onlara kəpənək qanadlarını xatırladan görünüş verir. Onlar ağ və rəngli ləkələrlə örtülmüş olur. Tam ağ rəngli və ya ağ rəngsiz papillonlar yarışlarda diskvalifikasiya edilir. Erkək və dişilərin ikisinində boyları 20-28 sm olsa da, erkəklərin çəkisi 3.6-4.5, dişilərin çəkisi isə 3.2-4.1 kq arasında olur. Temperament Papillonlar xoşbəxt, dostcanlı və macəra sevən itlərdir. Nə utancaq, nə də aqressiv olurlar. Ağıllı olduqları üçün ciddi təlim və zehni stimulyasiya tələb edirlər. Stenli Korenin heyvan zəkası ilə bağlı araşdırmalarında, papillonlar 138 cins arasında 8-ci yerdədir. Papillonlar aktiv cinsdir, gündəlik gəzinti və qaçış onların əsas fiziki ehtiyaclarını ödəyir. Geniş, hasarlanmış ərazilərdə sərbəst oyunlardan zövq alırlar. Papillonların intellektual və enerjili təbiəti onları çeviklik yarışlarında və itaət təlimlərində mükəmməl edir. Sağlamlıq Ümumilikdə sağlam it cinsləridir, lakin patellar luksasiya, qıcolmalar və diş problemləri ilə qarşılaşa bilərlər. Eyni zamanda proqressiv retinal atrofiya, onurğa diski xəstəlikləri və allergiya riski daşıyırlar. Bir araşdırmaya görə, papillonların orta ömrü 14.5 ildir. Tarixi Papillonların tarixi sənət əsərləri vasitəsilə izlənilir. "Titian", "Watteau", "Fragonard" və "Veronese" kimi məşhur rəssamların əsərlərində bu kiçik itlər təsvir edilmişdir. Papillonlar Avropanın kral ailələrinin portretlərində də yer alıb. Əvvəllər "Titian spaniyelləri" adlanan bu itlərin qulaqları sallaq idi, müasir dik qulaqlı görünüş isə 19-cu əsrin sonlarında dəbə çevrilib. Papillonlar ilk dəfə 1935-ci ildə "AKC" tərəfindən tanınıb və "Papillon Club of America" yaradılıb. 1999-cu ildə "Loteki Supernatural Being" adlı papillon "Westminster Kennel Club" yarışında "Best in Show" titulunu qazanan ilk papillon oldu. 2019-cu ildə isə Dylan adlı papillon "Crufts" yarışında "Best in Show" mükafatını qazanıb.
https://en.wikipedia.org/wiki/Papillon_dog
https://a-z-animals.com/animals/papillon/
https://www.akc.org/dog-breeds/papillon/
https://www.britannica.com/animal/Papillon-dog
https://www.thekennelclub.org.uk/search/breeds-a-to-z/breeds/toy/papillon/
https://dogtime.com/dog-breeds/papillon
https://www.purina.co.uk/find-a-pet/dog-breeds/papillon
https://www.webmd.com/pets/dogs/what-to-know-about-papillons
https://www.dogster.com/dog-breeds/papillon
https://pottybuddy.co/blogs/potty-buddy-blog/papillon-dog-breed-information-characteristics
Tarix : 3 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.