• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
korat-pisiyi

Korat pişiyi

Korat pişiyi - Gümüşü uclarla mavi-boz rəngdə, qısa tüklü, kiçikdən orta ölçüyə qədər bədən quruluşuna və az miqdarda bədən yağına malik olan ev pişiyi cinsi. Mənşəyi Korat təbii bir cinsdir. Ən qədim sabit pişik cinslərindən biridir və əsrlər boyu görünüşü dəyişməyən nadir cinslərdən biridir. Taylandın Phimai şəhərindən mənşələnən bu cins, adını yerləşdiyi əyalət olan "Nakhon Ratchasima" əyalətindən (tayland xalqı tərəfindən "Korat" adlandırılır) almışdır. Taylandda bu cins "Si sawat", yəni "sawat toxumunun rəngi" kimi tanınır. Korat gündəlik olaraq "xoşbəxtlik pişiyi" adlanır. Ənənəvi olaraq, onlar yeni evlənənlərə və ya hörmətli insanlara uğur gətirməsi üçün cüt-cüt hədiyyə edilirdi. Yaxın vaxtlara qədər Korat pişikləri satılmır, yalnız hədiyyə olaraq verilirdi. Tarix Korat və Siam pişiklərinin Ayutthaya Krallığı dövrünə (1351–1767-ci illər) aid "Tamra Maew" (Pişiklərin Kitabı) adlı poema kolleksiyasında qeyd edildiyi düşünülür. İndiki vaxtda bunlardan onlarla nüsxə Taylandın Milli Kitabxanasında saxlanılır. Bu cinsə ilk ehtimal olunan istinad "Tamra Maew"də rast gəlinir. Ancaq kitabdakı Korat illüstrasiyası onun hansı cins olduğunu dəqiq müəyyən etmək üçün kifayət qədər detallı deyil. Son illərdə Korat Taylandda poçt markasında təsvir edilmişdir. Bu nümunələrdən biri Korat şəhərindəki poçt şöbəsində asılmışdır. Korat pişikləri ilk dəfə 1889 və 1896-cı illərdə Böyük Britaniyada "Mavi Siam pişiyi" adı ilə meydana çıxdı. Lakin bu tamamilə mavi pişiklər pişik sərgilərində hakimlərin Siam pişiyi haqqında təsəvvürlərinə uyğun gəlmədi və 1901-ci ilə qədər yoxa çıxdılar. Erkən idxal olunan pişiklərdən biri, Fransis Simpsonun 1903-cü ildə çap olunmuş "Pişik Kitabı" əsərində qeyd olunan Constance Carew-Cox adlı şəxsin "Dwina" adlı pişiyi idi. B. Spearmanın "Nam Noi" adlı mavi Siam pişiyi, Siam sinfindən xaric edildi, lakin Mavi sinifində qəbul edilərək birinci yeri qazandı. Spearman bu mavi Siam pişiklərindən daha çox idxal etməyə çalışsa da, uğur qazanmadı. Korat pişikləri ABŞ-da ilk dəfə 1950-ci illərdə ortaya çıxdı. 1959-cu ildə Cedar Glen pişik ferması Korat cütlüyünü ABŞ-a idxal edən ilk yer oldu. Bu cütlükdəki erkək pişiyin adı Nara, dişi isə Darra idi. 1966-cı ildə Korat Marylanddan olan bir yetişdiricinin səyləri nəticəsində çempionat statusuna daxil edildi. Xüsusiyyətlər Korat pişiyinin qeyri-adi rəngi əslində gümüşü ucları olan mavi rəngdir və bu rəng parıltılı görünür. Taylandlılar bu rəngi "yağış buludu boz" və parıltını "dəniz köpüyü" adlandırırlar. Bu pişiyin tək qatlı qısa tükləri var. Kök hissələr açıq gümüşü mavi, saçın mərkəzi dərin mavi, ucları isə gümüş rəngdədir. Korat pişiyi üçün yalnız bu rəng qəbul edilir. Yetkin pişiklərdə gözlər böyük və peridot yaşılı olur, lakin balalarda gözlər palçıqlı, kəhrəba və ya qızıl-yaşıl rənglərdə olur. Göz rəngi iki-dörd yaş aralığında dəyişərək yetkin rənginə çatır. Korat pişiklərinin boyu 23-33 sm arasında dəyişir. Bu ölçü pişiyin qıçına qədər olan hündürlüyünü ifadə edir. Onlar orta ölçülü pişiklər hesab olunur, lakin zərif və əzələli bədən quruluşu ilə fərqlənirlər. Korat pişiklərinin çəkisi 2,7-4,5 kq arasında dəyişir. Dişi Koratlar adətən erkəklərdən bir qədər kiçik və yüngül ola bilər. Onların çəkisi bədənlərinin əzələli quruluşu ilə uyğun gəlir və hərəkətliliyini təmin edir. Sağlamlıq Korat pişikləri ümumiyyətlə çox sağlam bir növ olaraq qəbul edilir. Bu, əsasən onların genetik olaraq təmiz qalması və digər pişik növləri kimi geniş miqyasda seleksiya mərhələlərindən keçməməsi ilə əlaqədardır. Lakin, hər bir pişik kimi, Koratlar da müəyyən genetik və ya ümumi sağlamlıq problemlərinə meylli ola bilər. Korat pişikləri üçün ən ciddi genetik sağlamlıq risklərindən biri GM1 Qangliozidozu adlanan nevroloji xəstəlikdir. Bu xəstəlik, beta-qalaktosidaz fermentinin çatışmazlığı nəticəsində yaranır və hüceyrələrdə karbohidratların düzgün parçalanmamasına səbəb olur. Bu, tədricən sinir sisteminə zərər verir və aşağıdakı simptomlarla özünü göstərir: -Görmə itkisi -Yeriş çətinliyi -Tarazlıq itkisi -Baş titrəmələri -Halsızlıq -Çəki itkisi Bu xəstəlik adətən 2-3 aylıq pişiklərdə özünü göstərir və tədricən pisləşərək təxminən 1 yaşında ölümlə nəticələnir. Responsabl yetişdiricilər Korat pişiklərini bu xəstəlik üçün test etdirməli və sağlam nəsillər yetişdirməlidir. Korat pişikləri, digər pişik növləri kimi, diş xəstəliklərinə meylli ola bilər. Diş çürükləri, diş əti iltihabı və periodontitis kimi problemlər ağrıya, diş itkilərinə və hətta orqanlara təsir edə biləcək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün aşağıdakı tədbirlər tövsiyə olunur: -Pişiyin dişlərini gündəlik fırçalanmalıdır. Bu, plakın təbəqəyə çevrilməsinin qarşısını alır. -Pişik üçün nəzərdə tutulmuş diş fırçası və diş pastası istifadə edilməlidir. İnsanlar üçün nəzərdə tutulmuş diş pastaları pişiklər üçün zərərli ola bilər. -Daimi veterinar yoxlamaları ilə diş sağlamlığı izlənməlidir. Korat pişiklərinin orta ömrü 10-15 il arasındadır. Lakin, düzgün qulluq və diqqətli sağlamlıq yoxlamaları ilə bu müddət daha da uzadıla bilər. Korat pişikləri enerjili və fəal olduğu üçün onların sağlam qidalanması və fiziki fəaliyyəti də vacibdir. Mədəniyyətdə Korat pişiyi 2007-ci ildə Cənub-Şərqi Asiya Oyunlarının maskotu olmuşdur.


İstinadlar

Tarix : 22 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.