- Wikisun
Kembel albatrosu (Thalassarche impavida) - Albatroslar fəsiləsinə aid, orta ölçülü bir molimok növü. Ümumi məlumat Yalnız Cənub Sakit okeanında yerləşən Yeni Zelandiyanın kiçik adalar qrupunda, Kembell adası və onunla əlaqəli Janette Mari adacığında çoxalır. Bəzən qaraqaş albatrosunun yarımnövü kimi qəbul edilir. Bu, açıq sarı göz rəngi olan orta ölçülü qara və ağ rəngli bir albatrosdur. Taksonomiya Molimoklar, albatroslar fəsiləsinə (Diomedeidae) aid olan və fırtınaquşları, fulmarlar, fırtına petroları və dalğıc petroları ilə birlikdə "Procellariiformes" dəstəsinə daxil olan quşlardır. Onlar müəyyən ortaq xüsusiyyətlərə malikdirlər. Birincisi, burun keçidlərində narikorn adlanan və yuxarı dimdiyə birləşən strukturlar var, baxmayaraq ki, albatrosların burun dəlikləri dimdiyin yan tərəflərində yerləşir. "Procellariiformes" dəstəsinə aid quşların dimdikləri də unikaldır, çünki yeddi ilə doqquz buynuz lövhəsinə bölünür. Nəhayət, onlar mədə yağı istehsal edirlər ki, bu da proventrikulusda saxlanılır. Bu yağ həm yırtıcılara qarşı, həm də balalar və uzun uçuşlar zamanı yetkin fərdlər üçün enerji ilə zəngin qida mənbəyi kimi istifadə olunur. Bundan əlavə, onların burun keçidləri üzərində duz vəziləri yerləşir ki, bu da orqanizmlərinin duzdan təmizlənməsinə kömək edir. Bu, onların dəniz suyunu çox miqdarda qəbul etməsi ilə əlaqədardır. Duz vəziləri yüksək duzlu məhlulu burun vasitəsilə ifraz edir. Təsvir Bu növün çəkisi 3,21 kq, uzunluğu isə 88 sm-dir. Yetkin fərdlər qaraqaş albatrosuna çox bənzəyir, lakin göz rəngi ilə fərqlənir. Başı, boynu, beli və alt hissələri ağ, üst qanadları, arxası və quyruğu qara rəngdədir. Alt qanadları ağdır və geniş qara kənarlığı var. Göz ətrafında dimdiyə qədər uzanan qara üçbucaq var. Dimdiyi sarıdır və ucunda narıncı rəng var. Gözləri açıq sarı rəngdədir. Cavan fərdlərin dimdiyi boz-qəhvəyi rəngdədir və ucunda qara ləkə var, gözləri tünd rənglidir və alt qanadlarında daha az qara rəng var. Orta ömür müddəti 28 il olaraq göstərilsə də, bu, çox güman ki, araşdırmaların azlığı ilə əlaqədardır, çünki albatrosların çoxu 50 ildən çox yaşaya bilir. Yayılması və yaşayış mühiti Kembel albatrosu, Kembel adasının şimal və qərb sahilində və Kembell adalar qrupuna daxil olan Janette Mari adacığında çoxalır. Çoxalma dövründə Cənub Adasından Ross dənizinə qədər olan ərazilərdə yem axtarır. Cavan fərdlər və çoxalmayan quşlar isə yalnız Cənubi Avstraliya suları, Tasman dənizi və Cənub-qərbi Sakit okeanında rast gəlinir. Qidalanma Kembell albatrosu balıq, kalmarlar, xərçəngkimilər, leş və jelatinli orqanizmlərlə qidalanır. Çoxalma Çoxalan quşlar alçaq ot, kolluq və ya palçıqla örtülmüş qayalıqlarda və dik yamaclarında yuva qurmağı üstün tuturlar. Onlar 10 yaşında çoxalmağa başlayır və çoxalma uğur dərəcəsi 66%-dir. Yetkin fərdlər avqustun əvvəlində çoxalma koloniyasına qayıdır və sentyabrın sonunda yumurta qoymağa başlayır. Tək yumurta təxminən 70 gün müddətində inkubasiya edilir. Balalar yumurtadan çıxdıqdan təxminən 130 gün sonra uçmağa başlayır. Qorunma "IUCN" bu növü məhdud sayda çoxalma əraziləri səbəbilə "Zəif" statusuna aid edib. Ən son qiymətləndirmə 1997-ci ildə aparılmış və 24.600 cüt olduğu müəyyən edilmişdir. 1992-1997-ci illər arasında nümunə koloniyaların sayı hər il 1,8% artmışdır. Yetkin fərdlərin sağ qalma dərəcəsi 94,5%-dir. Bu növün yayılma sahəsi 31.700.000 km², çoxalma sahəsi isə 13 km²-dir.
https://en.wikipedia.org/wiki/Campbell_albatross
https://ebird.org/species/bkbalb2
https://datazone.birdlife.org/species/factsheet/campbell-albatross-thalassarche-impavida
https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=4CDB783A2738518D
https://www.nzbirdsonline.org.nz/species/campbell-black-browed-mollymawk
https://animalia.bio/campbell-albatross
https://xeno-canto.org/species/Thalassarche-impavida
https://fs.fish.govt.nz/Page.aspx?pk=37&dk=35&sc=XCM
Tarix : 19 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.