• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
karst-coban-iti

Karst çoban iti

Karst çoban iti (Slovence: kraški ovčar və ya kraševec) - Sloveniya mənşəli çoban iti növü. Bu irq, "Fédération Cynologique Internationale" (FCI) tərəfindən tanınır. Xüsusiyyətlər Orta ölçülü bir itdir və uzun, "dəmir bozu" rəngində tüklərə malikdir. Kəlləsi, üz hissəsindən bir qədər uzundur. Kəllənin uzunluğu 13–14 sm, üz hissəsinin uzunluğu isə 11–12 sm olmalıdır. Burun, göz qapaqları və dodaqlar qara rəngdədir. Gözlər badam formasında olub, ya şabalıdı, ya da tünd qəhvəyi rəngdədir. Qulaqları dik deyil, əksinə yastıdır və orta ölçüdədir. Boyun ətrafında uzun və qalın tüklər var. Quyruğu normal vəziyyətdədir, lakin ucunda yüngül bir əyilmə var. Erkək itlərin hündürlüyü 57–63 sm, dişilərin isə 54–60 sm arasındadır. Erkəklərin çəkisi 30–42 kq, dişilərin isə 25–37 kq arasında dəyişir. Xasiyyət Kəskin xasiyyətli və güclü fərdiliyə malik bir it kimi təsvir edilir. Yad insanlara qarşı şübhəli davranır və yaxşı bir qoruyucu itdir. Bütün iri itlər kimi, erkən yaşlarında yaxşı sosiallaşdırılmalıdır. İrqin mənşəyi nəzərə alınaraq, sosiallaşdırılıb təlim keçsə, yaxşı bir ailə iti ola bilər. Bu itlərin fərdləri, fərqli xasiyyətlərə sahib ola bilərlər. Qidalanma Bu cinsin sağlamlığını və uzunömürlülüyünü qorumaq üçün yüksək keyfiyyətli qida vacibdir. Onların oynaq problemlərinə meyilli ola biləcəyi nəzərə alınaraq, oynaqlara müsbət təsir edən maddə tərkibinə sahib, iri cins itlər üçün nəzərdə tutulmuş qida tələb oluna bilər. Lazım olan qida miqdarı itlərin ölçüsündən və gündəlik aktivlik səviyyəsindən asılı olaraq dəyişir. İşləyən bir it, gün ərzində yalnız bir dəfə gəzintiyə çıxan bir ev heyvanına nisbətən daha yüksək kalori ehtiyacına malik olur. İdman Bu cins işləyən itlər kimi yetişdirildiyi üçün yüksək dərəcədə fiziki fəaliyyətə ehtiyac duyur. Bu cins mənzil şəraitində və ya az aktivlik göstərən ailələr üçün uyğun deyil. Hər gün hasarlanmış bir həyətə çıxarılmalı və uzun bir gəzinti edilməlidir. İşləyən itlər adətən iş zamanı enerjilərini sərf edir, buna görə əlavə fiziki fəaliyyətə ehtiyac duymurlar. Ev heyvanı kimi saxlanan itlər kifayət qədər fiziki fəaliyyət olmadıqda dağıdıcı, darıxdırıcı və narahat ola bilərlər. Qulluq Uzun tüklü olmalarına baxmayaraq, bu cins yüksək baxım ehtiyaclarına malik olmaq üçün yetişdirilməyib. Xüsusilə işləyən itlər və çöldə vaxt keçirdikləri üçün tüklərinə ot və ya başqa yad cisimlər yapışır. Bu tip itlərin tüklərinin həftədə bir neçə dəfə daraqla daranması vacibdir. Vaxt aşırı çimizdirmək tüklərin və dərinin sağlamlığını qorumağa kömək edir. Xəstəliklər Sağlam it cinslərinə aiddir. Ortalama ömürləri 10-12 ildir. Onların bədən quruluşu çətin iqlim şəraitinə və ağır yaşayış mühitinə uyğun şəkildə inkişaf edib. Bu cinsin itləri, hətta xırda cızıq və yaralanmalardan da böyük ölçüdə qorunur. Bu, xüsusilə pəncə yastıqlarının xüsusi forması və örtüyü sayəsində mümkün olur. Lakin bu, itin peyvənd olunması ehtiyacını aradan qaldırmır. Bu cins üçün ən çox rast gəlinən problemlər bud displaziyası və bədxassəli hipertermiyadır. Balanslaşdırılmış qidalanma və müntəzəm fiziki fəaliyyət itin sağlamlığını ömrü boyu qoruyub saxlamağa kömək edəcək. Tarix Tarixi Sloveniyadakı Karst Yaylası və ümumilikdə Trieste körfəzindən Dinar Alplarına qədər uzanan bir əraziyə aiddir. Bu itlər əsasən Sloveniya və Xorvatiyanın İstriya bölgəsində yetişdirilir. Bu irqin əcdadları qədim köçəri maldarlarla birlikdə bu ərazilərdə gəzmişdir. 1689-cu ildə etnoqraf Johann Weikhard von Valvasor öz əsəri "The Glory of the Duchy of Carniola"-da bu bölgənin çoban itlərindən bəhs edərək onları güclü və qorxusuz itlər kimi təsvir etmişdir. 20-ci əsrdə, yerli çoban itləri müasir bir irq kimi sənədləşdirilərkən, ilk dəfə " Illyrian" çoban iti (1939) adı ilə tanınmışdır.


İstinadlar

Tarix : 18 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.