- Wikisun
Halmahera cənnət qarğası ("Lycocorax pyrrhopterus") - Həmçinin ipək qarğa kimi tanınan, orta ölçülü qarğayabənzər cənnət quşu növü. Ümumi məlumat Cənnət quşları arasında azsaylı monoqam növlərdən biri olan bu quş, İndoneziyanın Şimali Maluku bölgəsinin düzənlik meşələrinə endemikdir. Qidası əsasən meyvələr və buğumayaqlılardan ibarətdir. Halmahera və Morotai adalarından olan meşə sakinidir və məhdud yayılma sahəsinə malikdir. Yaşayış sahəsi daxilində ümumi növ olan Halmahera cənnət qarğası, "İUCN Qırmızı Siyahı"nda ən az narahatlıq doğuran növ kimi qiymətləndirilmişdir. "CITES"in Əlavə II siyahısında qeyd olunur. Təsvir Halmahera cənnət qarğası orta ölçülü cənnət quşudur, bədən uzunluğu 42 sm-ə qədər çatır. Tünd, yumşaq və ipək kimi lələkləri var, ilk baxışda tamamilə qara görünsə də, əslində çox tünd qəhvəyi rəngdədir. Erkək və dişi fərdlər oxşardır; dişi fərd erkəkdən bir qədər kiçikdir. Nominativ yarımnövün uçuş lələklərinin daxili hissəsində ağ ləkə ya azdır, ya da yoxdur. Başı bir qədər parlaq qara-qəhvəyi, üst hissələri isə başından daha açıq rəngdədir. Üst lələkləri bir qədər parıldayır, xüsusilə bel hissəsində mavi-boz parıltı daha aydındır, qanadları isə darçını-qəhvəyi rəngdədir. Qara dimdiyi, qırmızı gözləri var və çağırışı itin hürüməsinə bənzəyir. Yarımnövlər və yayılması Halmahera cənnət qarğası Şimali Maluku adaları olan Halmahera, Bacan (Batjan), Kasiruta, Morotai və Rau adalarında rast gəlinir. İki yarımnövü var: -"Lycocorax pyrrhopterus pyrrhopterus" — Halmahera, Kasiruta və Bacan adaları. -"Lycocorax pyrrhopterus morotensis" — Morotai və Rao adaları. Əvvəllər Obi cənnət qarğası ("Lycocorax obiensis"), Halmahera cənnət qarğasının yarımnövü kimi qəbul edilirdi. Lakin fərqliliyi və ayrılma potensialı səbəbindən 2016-cı ildə "L. pyrrhopterus"dan ayrıldı və 2021-ci ildə "Beynəlxalq Ornitoloji Konqres" tərəfindən də, təsdiq edildi. Ekologiya və davranış Nominativ forma meşə sakinidir, həmçinin bağlarda və meşə kənarlarında da tapılır. Meşənin daxilindəki daha hündür ağacları üstün tutur və açıq kənd təsərrüfatı sahələrində adətən görünmür. Bataqlıq meşələrində və ya manqrovlarda nadir hallarda rast gəlinir, bəzən kokos plantasiyalarında və meyvə bağlarında görülür. Əsasən meyvələrlə, həmçinin buğumayaqlılarla qidalanır və qidanı əsasən sıx meşə təpəliyindən və orta səviyyəli bitkilərdən toplayır. Çoxalma mövsümü təxminən dekabrdan iyuna qədər davam edir və yumurtalar eyni dövrdə qoyulur. Erkək və dişi fərdlər oxşar olduğu üçün növün monoqam olduğu ehtimal edilir, lakin çoxalma davranışı demək olar ki, məlum deyil. Halmahera yuvaları köklər və mamırdan hazırlanmış böyük qabşəkilli quruluş kimi təsvir edilir və yumurta sayı yalnız bir olur.
https://ebird.org/species/paradi2
https://en.wikipedia.org/wiki/Halmahera_paradise-crow
https://birdsoftheworld.org/bow/species/paradi2/cur/introduction
https://datazone.birdlife.org/species/factsheet/halmahera-paradise-crow-lycocorax-pyrrhopterus
https://birdsoftheworld.org/bow/species/paradi2/cur/introduction?printable
https://xeno-canto.org/species/Lycocorax-pyrrhopterus
https://www.inaturalist.org/taxa/8464-Lycocorax-pyrrhopterus
https://www.oiseaux.net/birds/halmahera.paradise-crow.html
Tarix : 2 mart 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.