- Wikisun
Falen - Kiçik bir oyuncaq it cinsi və "Papillon" ("kəpənəkqulaq") itinin sallanan qulaqlı növü. Xüsusiyyətlər Falen, intellektual bir itdir. Yeni fəndləri asanlıqla öyrənir. Ailə üzvləri ilə dostcanlıdır, lakin yeni insanların yanında ehtiyatlı ola bilər. Digər ev heyvanları ilə yaxşı yola getmək üçün sosiallaşdırılmalıdır, əks halda digər itlərə və insanlara qarşı inamsız və aqressiv davrana bilər. Falenlər mehriban bir itdir. Onlar qucaqda oturan yoldaş itlərdir. Aktiv ailələrə qoşula biləcək qədər enerjiyə malikdirlər, lakin eyni zamanda mənzildə yaşamaq üçün kifayət qədər sakit ola bilərlər. Kifayət qədər yüksək enerji səviyyəsinə görə, digər yoldaş it cinsləri kimi, onlar da müntəzəm fiziki fəaliyyət tələb edir. Falenlər yaxşı gözətçi itləri kimi tanınır və ətraf mühitdəki dəyişikliklər barədə sahiblərini xəbərdar edirlər. Digər kiçik it cinsləri kimi, onlar da səs-küylü ola bilər. Falen isti havalara davam gətirə bilər, lakin tək qatlı tük örtüyünə görə soyuğa daha həssasdır və soyuq havalarda açıq hava da tək qoyulmamalıdır. Tarix Falen, Papillonun ən qədim formasıdır. Dik qulaqlı növ olan Papillon özü 16-cı əsrdən qeydə alınmasa da Falenə o dövrün yazılarında rast gəlinib. Belçika, Fransa, İspaniya və İtaliya, Falenlərin yaradılması və ya inkişafı ilə əlaqəsi olan ölkələrdir. Papillon, 19-cu əsrin əvvəllərindən sonra məşhurlaşdı. 20-ci əsrin ortalarına qədər Papillonun populyarlığı Faleni çox geridə qoydu və Falen o qədər unuduldu ki, nəsli kəsilmək təhlükəsi ilə üzləşdi. Lakin cinsin həvəskarları var idi və onlar nəsli kəsiləcək qədər azalmaya imkan vermədilər. 21-ci əsrdə Falenə maraq yenidən artdı. Onun həvəskarları qeyd edirlər ki, Falenin Papillonla birlikdə qiymətləndirildiyi ölkələrdə, münsiflər cins standartına kifayət qədər yiyələnməli və yaxşı yetişdirilmiş Falenin keyfiyyətlərini qiymətləndirə bilməlidirlər. Onlar, Falenin sallanan qulaqlarını yarım-dik qulaqlı Papillonla qarışdırmamalıdırlar, çünki bu, standartdan kənar bir xüsusiyyət hesab olunur. Falen, "American Kennel Club" (AKC) tərəfindən Papillonun bir növü kimi qəbul edilir və Papillon kimi qeydiyyata alınır. Onlar eyni siniflərdə nümayiş etdirilir və qiymətləndirilir. Cins standartı eynidir, tək fərq sallanan qulaqlardır ki, bu qulaqlar digər spanyel növlərinin qulaqları qədər aşağı sallanmır. "Fédération Cynologique Internationale" (FCI) qaydalarını izləyən ölkələrdə isə Falen ayrı bir cins kimi tanınır.
https://www.richmondveterinaryhospital.com/client-resources/breed-info/phalene/
https://en.wikipedia.org/wiki/Phal%C3%A8ne
https://papillon.breedarchive.com/facts/breed
https://basepaws.com/dog-breeds/phalene?srsltid=AfmBOoqLJfU3pSyDouj9_zS7WvUvA3BlO12c4NGFyINOrYcKzLfGLoC8
https://lildog.com/en/dogbreeds/phalene?srsltid=AfmBOopqoBjOfvvXHekUXvkUHAhj7LzOoD-UbQH0NqH01d33qQ6k7MqO&country=GB
Tarix : 11 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.