• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
boz-basli-paraket

Boz başlı paraket

Boz başlı paraket ("Psilopsiagon aymara")-həmçinin "Aymara tutuquşu" və ya "Sierra tutuquşu" kimi də tanınan, "Psittacidae" fəsiləsinə aid bir tutuquşu növü. Təsvir Boz başlı paraket kiçik və incə bir tutuquşu olub, uzunluğu təxminən 20 sm (8 düym) çatır. Üst hissələri yaşıl, yan tərəfləri və qanadaltı örtükləri yaşıl-sarı rəngdədir. Alın və başın üstü boz-qəhvəyi, çənə, boğaz və döş hissəsi isə ağ-boz rəngdədir, bəzən döşün yan tərəflərində mavi çalar görünür. Qarın hissəsi yaşıl və mavi çalarlıdır. Uzun, dar və iti quyruğun üst tərəfi yaşıl, alt tərəfi isə boz rəngdədir. Dimdiyi ət rəngində, gözləri qəhvəyi, ayaqları və dırnaqları isə boz-qəhvəyi rəngdədir. Erkək və dişi fərdlər görünüş baxımından oxşardır, lakin erkəyin döş hissəsi daha parlaq boz ola bilər, cavan quşların isə quyruqları daha qısadır. Yayılması və yaşayış mühiti Boz başlı paraket cənubi And Yungas meşələrinə endemikdir və yayılma arealı cənubi Boliviyadan şimali Argentinaya qədər uzanır, həmçinin Çilinin şimal sərhədlərində də tapıla bilər. Bu quş quru kolluqlarda, meşəli dərələrdə və kəndlər və ya kənd təsərrüfatı əraziləri yaxınlığındı sıx kolluqlarda yaşayır. Dəniz səviyyəsindən 1,800–4,000 m (6,000–13,000 fut) yüksəklikdə tapılır. Ekologiya Boz başlı paraket sosial bir quşdur və təxminən iyirmi fərddən ibarət kiçik sürülər əmələ gətirir. Bu sürülər bəzən su mənbələri yaxınlığında toplaşır. Sürülər kənd ərazilərində sürətli və dalğalı uçuşlarla hərəkət edir, bəzən kolların və kiçik ağacların budaqlarında qərarlaşaraq cırıltı və oxşar səslər çıxarır. Onlar alçaq bitkilər arasında ot toxumları, aster fəsiləsinə aid bitkilərin toxumları, giləmeyvə və meyvələrlə qidalanır, həmçinin yerə düşmüş toxum və meyvələri toplayır. Çoxalma noyabr ayında baş verir. Yuva torpaq yamacda qazılmış bir deşikdə, yarıqda, kaktusun içində və ya bəzən xarabalıqlarda yerləşir. Bəzən bir neçə yuva yarımkoloniyalar şəklində qruplaşır. Yuvada adətən dörd və ya beş yumurta olur. Status Boz başlı paraket kifayət qədər geniş yayılma sahəsinə malikdir və olduqca tez-tez rast gəlinir. Bu quş üçün xüsusi təhlükələr məlum deyil və populyasiya sabit hesab olunur. "Beynəlxalq Təbiəti Mühafizə İttifaqı" onun qorunma statusunu "Narahatlıq doğurmayan" kimi qiymətləndirib.


İstinadlar

Tarix : 2 mart 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.