• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
boyuk-snautser

Böyük şnautser

Böyük şnautser - Almaniyada XVII əsrdə yetişdirilmiş it növü. Xüsusiyyətlər Böyük şnautserin sıx və kobud tükləri onları pis hava şəraitindən və zərərvericilərdən qoruyur. Bu cins üç rəng variantında mövcuddur: bibər-duz (istiot və duzu qarışdırdıqda alınan rəng), təmiz qara və qara-gümüşü. Qanuni olduğu yerlərdə, qulaqları kəsilə və quyruqları qısaldıla bilər. Digər şnautserlər kimi, onların da xüsusi saqqal və qaşları var. Müasir dövrdə Böyük şnautser, Şutzhund kimi it idman növlərində iştirak edir. Həmçinin, qoxu ilə iz tapma sahəsində də uğur qazanır. Diqqətli təbiəti səbəbilə polis işlərində də istifadə edilir. Böyük şnautser adına baxmayaraq, digər böyük it növləri ilə müqayisədə elə də böyük deyil. Bu böyüklük sadəcə standart və miniatur şnautserlərlə müqayisədə verilmişdir. AKC standartlarına görə, erkəklərin hündürlüyü 65-70 sm, dişilərin isə 60-65 sm olmalıdır. Böyük şnautser kvadrat formalıdır və standart şnautserin böyüdülmüş versiyasına bənzəməlidir. Baş, itin belinin uzunluğunun yarısı qədər olmalıdır. Yanaqları düz, lakin yaxşı inkişaf etmiş və əzələlidir. Tükləri sıx, sərt və hava şəraitinə davamlıdır. Tarix Böyük şnautserin ilk nümunələri XVII əsrdə Almaniyanın Svabiya və Vürtemberq bölgələrində ortaya çıxmışdır. Bu ilk Böyük şnautserlər, Alman Pinscher cinsinin kobud tüklü versiyası kimi qəbul edilirdi və tüklərinin onları sərt alman qışlarından və zərərli məxluqların dişlərindən qoruduğu düşünülürdü. Cinsin mənşəyi tam aydın olmasa da, "Qara Danua", "Alman Çoban iti", "Rottweyler", "Doberman", "Boksör", "Bouvier des Flandres", "Türingiya Çoban iti" və standart şnautser kimi növlərin qarışığı ilə yarandığı ehtimal edilir. Böyük şnautser əvvəlcə ferma iti kimi çoxməqsədli istifadə üçün yetişdirilmişdir. 20-ci əsrin əvvəllərində Bavariyada fabriklərin, pivə zavodlarının, qəssab dükanlarının və heyvan bazarlarının qorunmasında istifadə edilirdi. Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi zamanı hərbi it kimi istifadə edilməsi ilə Almaniya xaricində də tanınmağa başladı. Böyük Şnautser ilk dəfə 1930-cu illərdə Amerikaya gətirilsə də, 1960-cı illərə qədər nadir bir cins olaraq qaldı. 1962-ci ildə Amerikan Kennel Klubunda 23 yeni Böyük Şnautser qeydə alınmışdı,.1974-cü ildə bu rəqəm 386-ya, 1984-cü ildə 800-dən çoxa, 1987-ci ildə isə təxminən 1000-ə çatdı. 2012-ci ildə 94 yeni it qeydə alınmışdı. Bu rəqəm 2011-ci ildəki 95-dən bir az aşağı idi. Müasir dövrdə böyük şnautser polis iti kimi, itaət, çeviklik, mal-qara idarəetmə, axtarış-xilasetmə və Şutzhund kimi fəaliyyətlər üçün hazırlanır və nümayişlərdə iştirak edir. Avropada bu cins daha çox iş iti kimi qəbul edilir və bir çox Avropa şnautser klublarında diqqət daha çox cinsin iş qabiliyyətinə yönəldilir. Almaniya kimi bəzi ölkələrdə itlər əvvəlcə Şutzhund çempionu adını qazanmalıdır ki, nümayiş çempionu ola bilsinlər. Xasiyyət Böyük şnautser sakit bir cins olaraq tanınır. Yetişdirilməsi səbəbilə yad adamlara qarşı şübhəli ola və ərazisini qorumaq meyli göstərə bilər. Bununla belə, tanış olduqdan sonra yeni insanlara tez uyğunlaşa bilir. Aqressiv olduğu hallar nadirdir. Adətən sakit təbiətlidir. Uşaqlarla çox yaxşı dost olduqları məlumdur. Böyük şnautser güclü zəka və enerjiyə malik olsa da, tez bir zamanda can sıxıntısına düşə bilər. Bu, bəzən arzuolunmaz və dağıdıcı davranışlara səbəb ola bilər. Təlimə yaxşı cavab verir və sahibinə sadiqdir. Bəzi yetişdiricilər bibər-duz rəngli böyük şnautserlərin qara rəngli olanlardan daha sakit olduğunu iddia edirlər. Sağlamlıq 2024-cü ildə Böyük Britaniyada aparılan bir araşdırmaya görə, böyük şnautserin orta ömrü 12.1 ildir. Böyük şnautserin müntəzəm qulluğa ehtiyacı var. Saqqalı tüpürcək və yemək qalıqlarını toplaya bilir. Buna görə tez-tez təmizlənməlidir. Nümayişlərdə iştirak edən itlər üçün tüklər hər 2-4 həftədən bir təmizlənməlidir. Əgər sadəcə ev iti kimi saxlanılırsa, tüklər kəsilə bilər. Bəzi böyük şnautserlər şampuna qarşı allergiya reaksiyası göstərə bilər. Bud və dirsək displaziyası tez-tez rast gəlinən problemlərdəndir. Göz problemləri, o cümlədən "quru göz", "qlaukoma", "katarakt", "retinal displaziya" və "retinal atrofiya" da müşahidə edilə bilər. Dəri xəstəlikləri, o cümlədən mövsümi "flank alopesiya", "vitiligo" və "folikulyar" kistalar də çox rast gəlinir. Tünd rəngli itlərdə dəri xərçənginə tez-tez rast gəlinir, xüsusilə ətraflarda "melanoma" və barmaqlarda "skuamoz" hüceyrəli "karsinoma" şişləri. Qeyri-xərçəngli dəri şişləri də tez-tez müşahidə edilir. Bəzi böyük şnautserlər "mərkəzi diabet insipidusu", "avtosomal resessiv hipotireoz", "kobalamin selektiv malabsorbasiyası", "narkolepsiya", "katapleksiya" kimi müxtəlif xəstəliklərə tutula bilir. Bəziləri sulfonamidlərə və qızıla həssas ola bilər. Sümük xəstəlikləri və oynaq problemləri də çox yayılıb. Kennel Klubunun araşdırmasına görə, böyük şnautserlərin ən çox ölüm səbəbləri limfoma və qaraciyər xərçəngi, ardınca ürək tutmaları və ürək çatışmazlığıdır. Qidalanması Böyük şnautserlər yüksək keyfiyyətli, böyük itlər üçün nəzərdə tutulmuş, xüsusi qida ilə qidalanmalıdır. Gündə təxminən 3-4 stəkan qida tələb edir. Bu qida iki hissəyə bölünməlidir. Böyük şnautser üçün dəqiq qida miqdarı yaş, çəki, fəaliyyət səviyyəsi, sağlamlıq vəziyyəti və digər amillərdən asılı olaraq dəyişə bilər. Buna görə də itə nə qədər qida lazım olduğundan əmin olmaq üçün, veterinara müraciət etmək məsləhətdir. Şnautser balaları, onlar üçün nəzərdə tutulmuş xüsusi bala qidası ilə qidalanmalıdır. Balaların mədəsi kiçik olduğundan, onlar gün ərzində daha kiçik porsiyalarla, lakin daha tez-tez qidalanmalıdır. Balalar 8-12 həftəlik olanda gündə dörd dəfə, 3-6 aylıq olanda isə gündə üç dəfə qidalandırılmalıdır. Onlar altı aylıq olduqdan sonra gündə iki dəfə qidalanma kifayətdir.


İstinadlar

Tarix : 9 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.