• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
avar-baligi

Avar balığı

Avar balığı (Regalecus glesne) - Ən uzun sümüklü balıq növü. "Kağız balığı" da adlandırılan bu balıq, qeyri-adi uzunluğu və zərif bədən quruluşu ilə tanınır. Avar balığı dərin sularda yaşayır və çox nadir hallarda səthə yaxınlaşdığı üçün, onun haqqında çox az məlumat mövcuddur. Onlar əfsanələrdə tez-tez "dəniz ilanları" və ya "dəniz əjdahaları" kimi təsvir edilir. Üzgəclərinin hərəkəti avarçəkmə görüntüsünü xatırlatdığı üçüb bu adı alıblar. Təsviri - Uzunluğu: Avar balığı orta hesabla 6-11 metr uzunluğunda olur. Tarixdə qeyd olunan ən uzun avar balığının 17 metr olduğu düşünülür, amma elmi sübutu yoxdur. - Bədən quruluşu: Zərif, lent formasında bədənə malikdir. Bədənlərində pulcuqlar yoxdur, amma bəzi fərdlərdə bədəndə sərt çıxıntılar müşahidə olunur. Onların dərisi gümüşü rəngdədir. - Baş və qırmızı üzgəclər: Başlarının üzərində, gözlərindən başlayaraq uzanan qırmızı rəngli uzun, saça bənzər üzgəclər olur ki, bu da onların "Əjdaha" adlandırılmasına səbəb olmuşdur. Quyruq üzgəcləri yox dərəcəsindədir. Bəzi fərdlərdə isə kiçik formada müşahidə edilir. - Ağırlığı: Avar balığının çəkisi 200-300 kiloqrama çata bilir. Yaşayış mühiti Avar balığı tropik və mülayim dənizlərdə, adətən 250-1000 metr dərinlikdə yaşayır. Onlara ən çox Atlantik, Sakit və Hind okeanlarında rast gəlinir. Dərin sularda yaşadığı üçün onları müşahidə etmək çətindir. Yaralandıqda və ya öldükdə sahilə çıxdıqları müşahidə edilmişdir. Dərinlikdə yaşadıqları üçün okean cərəyanlarından uzaqdırlar. Bu da onların əzələrinin çox zəif inkişaf etməsinə səbəb olmuşdur. Cərəyan müşahidə edilən qatlarda üzən balıqlar güclü müqavimətə məruz qaldıqları üçün, onlarda əzələlər güclü inkişaf edir. Qidalanma Avar balığı kiçik dəniz canlıları ilə, əsasən zooplanktonlar, meduzalar, krevetlər və kiçik balıqlarla qidalanır. Onlar ağzını açaraq suyu və içindəki canlıları filtrasiya etmə üsulu ilə qidalanır. Çoxalma Avar balığının çoxalması ilə bağlı məlumat məhduddur. Alimlər onların qamçı formasında şəffaf yumurta qoyduqlarını düşünürlər. Yumurtaları dəniz səthinə yaxın qoyulur və 3 həftəyə yumurtadan çıxırlar. Yumurtadan çıxan sürfələr zooplanktonlarla qidalanaraq inkişaf edir. Yetkinliyə çatana qədər böyük fərdlərdən tamamilə fərqli olurlar. Yumurtadan çıxdığı andan dərinlərə doğru hərəkət etmələri müşahidə olunmuşdur. Avar balığı haqqında əfsanələr Tarixən, Avar balıqları dənizçilər tərəfindən "dəniz ilanı" və ya "dəniz əjdahası" kimi qəbul edilib. Çünki nadir hallarda səthə çıxan bu böyük və qeyri-adi görkəmli balıqlar qorxu və heyrət doğurub. Yaponiya mədəniyyətində onların görünməsi zəlzələ və sunami kimi təbii fəlakətlərin yaxınlaşması ilə əlaqələndirilmişdir. Yaponlar onu "Dəniz tanrısının sarayından gələn elçi" (Ryūgū-no-Tsukai) adlandırırlar. 2009-2010-cu illərdə Yaponiyada bu balıqların kütləvi şəkildə sahilə vurmasındann sonra, 2011-ci ildə böyük zəlzələ baş verir. Bu da, yapon əfsanələrinin həqiqətə yaxın olması ehtimalını ağıllara gətirmişdir. Maraqlı faktlar - Avar balığı, sümüklü balıqlar arasında uzunluğu ilə dünya rekordu sahibidir. - Onlar çox zəif üzmə qabiliyyətinə malikdirlər və suda zərif dalğalanaraq hərəkət edirlər. - Dərin su balığı olmasına baxmayaraq, onların görmə qabiliyyəti yaxşıdır. - Onlar həddindən artıq zəif fiziologiyaya sahib olduğundan yaralanma və ölüm halları tez-tez müşahidə olunur. Ekoloji status Avar balıqları dərin sularda yaşadığı və az ovlandığı üçün, nəsli kəsilmə təhlükəsi ilə üzləşmir. Lakin iqlim dəyişikliyi və dəniz ekosistemindəki dəyişikliklər onların yaşayış mühitinə təsir göstərə bilər.


İstinadlar

Tarix : 18 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.