• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
3
5
2
adi-yer-goyercini

Adi yer göyərçini

Adi yer göyərçini (Columbina passerina) - ABŞ-ın cənubunda, Mərkəzi Amerikanın bəzi hissələrində, Karib hövzəsində və Cənubi Amerikanın şimalında yaşayan kiçik quş növü. Taksonomiya Adi yer göyərçini ilk dəfə 1758-ci ildə İsveçli təbiətşünas Karl Linney tərəfindən "Systema Naturae" əsərinin onuncu nəşrində təsvir edilmişdir. Linney bu quşu digər göyərçinlərlə birlikdə "Columba" cinsinə aid edərək "Columba passerina" binominal adını vermişdir. Növün xüsusi adı olan "passerina" latınca "sərçəyə bənzər" mənasını verir. Hazırda bu növ, 1825-ci ildə alman təbiətşünası Yohan Baptist fon Şpiks tərəfindən təqdim edilmiş "Columbina" cinsinə daxildir. Yarımnövlər -"C. p. passerina": ABŞ-ın cənub-şərqi. -"C. p. pallescens": ABŞ-nin cənub-qərbi. -"C. p. socorroensis": Meksikanın Sokorro adası. -"C. p. neglecta": Mərkəzi Amerika (Hondurasdan Panamaya qədər). -"C. p. bahamensis": Bermuda və Baham adalarının böyük hissəsi. -"C. p. exigua": Böyük İnaqua adası (Bahamlar), Mona adası, Puerto Riko. -"C. p. insularis": Kuba, Kayman adaları və Hispaniola (Dominikan Respublikası və Haiti). -"C. p. umbrina": Haiti (Ile de la Tortue). -"C. p. jamaicensis": Yamayka. -"C. p. portoricensis": Puerto Riko (Mona adası istisna olmaqla) və Vircinya adaları (Sent-Kroks istisna olmaqla). -"C. p. nigrirostris": Kiçik Antil adaları, Vircinya adaları (Sent-Kroks). -"C. p. trochila": Martinik. -"C. p. antillarum": Cənubi Kiçik Antil adaları. -"C. p. aflavida": Şimali Kolumbiya, şimali Venezuela, Niderland Antil adaları, Trinidad. -"C. p. parvula": Mərkəzi Kolumbiya. -"C. p. nana": Qərbi Kolumbiya. -"C. p. quitensis": Mərkəzi Ekvador. Təsvir Adi yer göyərçini Şimali Amerikanın və dünyanın ən kiçik göyərçin növlərindən biridir. Bu növün uzunluğu 15–18 sm, qanadları arasındakı məsafə 27 sm və çəkisi 26–40 qramdır. Adi yer göyərçininin dimdiyi sarı rəngdədir və ucunda qara ləkə var. Dimdik ətrafındakı lələklər çəhrayı rəngdədir. Baş və üst sinə lələkləri pulcuq şəklindədir. Quyruq lələkləri çox qısadır və arxa hissə ilə eyni rəngdədir. Quşun arxa hissəsi qəhvəyi rəngdədir. Qanad lələkləri də qəhvəyi rəngdədir, lakin üzərində qara ləkələr var. Adi yer göyərçininin qanadları və qanad kənarları şabalıdı rəngdədir, lakin bu xüsusiyyət yalnız quş uçarkən görünür. Adi yer göyərçinində cinsi dimorfizm müşahidə edilir: erkəklərin başının üst hissəsi boz rəngdədir, qarın hissəsi isə çəhrayı-boz rəngdədir. Dişilər isə erkəklərdən daha boz rəngdədir və daha bərabər rəng paylanmasına malikdir. Adi yer göyərçininin səsi yumşaq "vup" səsləri şəklindədir və təkrarlanır. Bu səs xarakterikdir və asanlıqla tanınır. Yayılması və yaşayış mühiti Adi yer göyərçini ABŞ-ın cənub ucunda, Meksikanın böyük hissəsində, Mərkəzi Amerikanın bəzi bölgələrində, Karib adalarında və Cənubi Amerikanın şimal-qərbində yaşayır. Bu quş köçəri deyil və yaşadığı ərazilərdə bütün il boyu qalır. Adi yer göyərçini açıq ərazilərdə, ağac və kolluqların olduğu yerlərdə yaşayır. Onlar həmçinin qumlu əraziləri olan meşələrdə, kənd təsərrüfatı sahələrində, savannalarda və insan infrastrukturu yaxınlığında tapıla bilər. Adi yer göyərçinləri ərazilərini qoruyur, lakin dəvətsiz qonaqlarla qarşılaşdıqda nadir hallarda aqressiv davranır. Qidalanma Adi yer göyərçini əsasən yerdə, bitkilər, toxumlar və meyvələrlə qidalanır. Həmçinin həşərat və ilbizlərlə (o cümlədən onların qabıqları ilə) də qidalandığı vaxtlar olur. Quş yemləyiciləri varsa, onlardan da yemək ala bilərlər. Adi yer göyərçinləri tez-tez hərəkət halında olarkən yemək yeyir və digər qida mənbələrini axtarır. Bu quşlar, digər göyərçinlər kimi, suyu dimdiklərinə çəkərək başlarını qaldıraraq içirlər. Çoxalma Adi yer göyərçini ömürlük cütlük qurur. Onlar yerdə, bitkilər arasında və ya bəzən kolluqlarda yuva qurur. Yuvaları çox sadədir, adətən yerdə kiçik bir çökək və ətrafında bitki materialları ilə əhatə olunmuş bir yerdir. Kolluqlarda qurulan yuvalar isə sadəcə budaq və bitki materiallarından ibarət olur və çox kövrəkdir. Bu quşlar yumurtadan çıxdıqdan 79 gün sonra cinsi yetkinliyə çata bilir. Yuva qurma fevraldan oktyabra qədər davam edir, lakin ən çox aprelin əvvəlindən mayın ortalarına qədər müşahidə edilir. İl ərzində 2–3 dəfə yeni balaya baxa bilərlər. Adətən iki ağ yumurta qoyulur və hər iki valideyn tərəfindən 12–14 gün müddətində qızdırılır. Balalar yumurtadan çıxdıqda çılpaq və az miqdarda boz tüklərlə örtülü olur. Balalar 11 gün sonra yuvadan uça bilir. Hər iki valideyn balaları qidalandırır.


İstinadlar

Tarix : 5 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.