- Wikisun
Portaleqre şəhərinin panoraması. Portaleqre — Portuqaliyanın şərqində, Alentejo regionunda yerləşən şəhər və Portaleqre dairəsinin inzibati mərkəzidir. Şəhər Serra de São Mamede dağlarının cənub yamaclarında, İspaniya sərhədinə yaxın ərazidə yerləşir. Portaleqre dağlıq mövqeyi və tarixi şəhər mərkəzi ilə Alentejonun digər şəhərlərindən fərqlənir. Bələdiyyənin ərazisinin bir hissəsi Serra de São Mamede Təbiət Parkının tərkibinə daxildir. Portaleqre orta əsrlərdə İspaniya ilə sərhədə yaxın yerləşməsi səbəbindən strateji əhəmiyyət daşıyırdı. Şəhərin müdafiə sistemi xüsusilə Portuqaliya kralı I Diniz dövründə möhkəmləndirilmiş və Portaleqre Portuqaliyanın sərhəd müdafiə xəttinin mühüm məntəqələrindən birinə çevrilmişdir. Tarixi Portaleqrenin müasir şəhər kimi formalaşması XIII əsrə təsadüf edir. 1259-cu ildə Portuqaliya kralı III Afonso yaşayış məntəqəsinə ilk foralı vermişdir. Sonrakı dövrdə şəhər kral ailəsi ilə əlaqələndirilmiş və 1299-cu ildə kral I Dinis Portaleqreni yenidən kral mülkiyyətinə daxil edərək şəhərin müdafiə sisteminin yenidən qurulmasını əmr etmişdir. Orta əsrlərdə Portaleqredə fransiskan ordeni də fəaliyyət göstərmiş, şəhərdə São Francisco və Santa Clara monastırları yaradılmışdır. Şəhərin sərhəd bölgəsində yerləşməsi onun həm dini, həm də hərbi əhəmiyyətini artırmışdır. XVI əsrdə Portaleqrenin əhəmiyyəti daha da artmışdır. Kral III João şəhərə şəhər statusu vermiş, eyni zamanda Portaleqre yeparxiyasını yaratmış və yeni kafedralın tikintisini əmr etmişdir. Bu dövrdə Yepiskop sarayı və yeparxiya seminariyası da yaradılmışdır. Sonuncunun binası daha sonra Portaleqre Bələdiyyə Muzeyinə çevrilmişdir. Portaleqrenin tarixi mərkəzi. XVII və XVIII əsrlərdə Portaleqre iqtisadi və mədəni yüksəliş dövrü yaşamışdır. Bu dövr şəhərin memarlığında güclü Barokko təsiri yaratmışdır. Amarelo sarayı, Falcões sarayı və Achioli sarayı həmin dövrdən qalan mühüm zadəgan malikanələrindəndir. Bu binaların fasadlarında ailə gerbləri və zəngin dəmir işləmələri qorunmuşdur. 1834-cü ildə dini ordenlərin ləğvindən sonra şəhərdəki bəzi monastır və saray binalarına yeni funksiyalar verilmişdir. XIX əsrdə sənayeləşmənin inkişafı ilə Portaleqredə toxuculuq və mantar emalı kimi sahələr də inkişaf etmişdir. Şəhərin sənaye tarixi xüsusilə Portaleqre qobelenlərinin yaranması ilə əlaqələndirilir. Coğrafiyası Portaleqre Serra de São Mamede dağlarının cənub yamaclarında yerləşir. Şəhərin ətrafındakı dağlıq relyef onu Alentejonun geniş düzənliklərindən fərqləndirir. Serra de São Mamede bölgəsində Portuqaliyanın cənub hissəsi üçün nisbətən sərin və rütubətli iqlim şəraiti müşahidə olunur. Serra de São Mamede. Şəhərin yaxınlığında yerləşən Serra de São Mamede Təbiət Parkı 1989-cu ildə yaradılmışdır. Park dağlıq landşaftları, meşələri və zəngin biomüxtəlifliyi ilə tanınır. Parkın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1025 metr yüksəklikdə yerləşən São Mamede zirvəsidir. Qalası və memarlığı Portaleqre qalası şəhərin ən yüksək nöqtəsində yerləşən əsas tarixi abidələrdən biridir. Qalanın müdafiə sistemi XIII əsrin sonu və XIV əsrin əvvəllərində I Diniz tərəfindən yenidən qurulmuşdur. Kompleks əvvəlcə ikiqat qala divarı, on iki qüllə və yeddi darvazadan ibarət olmuşdur. Portaleqre qalası. Qalanın müdafiə divarlarının bir hissəsi sonrakı əsrlərdə şəhər tikililəri arasında qalmışdır. Bu gün Porta de Alegrete, Porta do Crato və Porta da Devesa kimi tarixi şəhər darvazalarının bəzi hissələri qorunur. XVII əsrdə qüllələr artilleriyanın istifadəsinə uyğunlaşdırılmış, qala XIX əsrə qədər hərbi funksiyasını saxlamışdır. Portaleqre kafedralı. Portaleqre kafedralı şəhərin ən mühüm dini abidəsidir. Portaleqre yeparxiyasının yaradılmasından sonra kral III João yeni kafedralın tikintisini əmr etmiş və tikinti 1556-cı ildə Afonso Álvaresin layihəsi əsasında başlamışdır. Tikilinin əsas hissəsi gec İntibah və Manerizm xüsusiyyətlərini daşıyır. Katedralın tikintisi 1575-ci ildə tamamlanmış, XVIII əsrdə isə binada Barokko üslubunda dəyişikliklər aparılmışdır. Katedralın daxilində XVI və XVII əsrlərə aid çoxsaylı rəsm əsərləri və azuleju panelləri qorunur. Bu kolleksiya Portuqaliyada manerist rəssamlığının mühüm nümunələrindən hesab olunur. Mədəniyyəti Portaleqre xüsusilə qobelen sənəti ilə tanınır. Şəhərin qobelenləri əl dəzgahlarında hazırlanır və xüsusi toxuma texnikası vasitəsilə rəsm və təsvirlərdəki rəng keçidlərini mümkün qədər dəqiq əks etdirir. Bu sənət Portaleqrenin sənaye və mədəni irsinin mühüm hissəsidir. Portaleqre şəhərinin görünüşü. Portaleqre Qobelen Muzeyi — Guy Fino şəhərin toxuculuq ənənəsinə həsr olunmuş əsas mədəniyyət müəssisəsidir. Muzey keçmiş zadəgan malikanəsində yerləşir və burada Portaleqre qobelenlərinin tarixi, istehsal üsulları və müxtəlif sənət əsərləri nümayiş etdirilir. José Régio və muzeylər Portaleqre Portuqaliya ədəbiyyatının görkəmli nümayəndəsi José Régio ilə də əlaqəlidir. Şair 1929-cu ildən Portaleqredə müəllim işləmiş və uzun illər şəhərdə yaşamışdır. Onun yaşadığı ev 1971-ci ildə bələdiyyənin təşəbbüsü ilə muzeyə çevrilmişdir. José Régio ev-muzeyinin fasadı. José Régio ev-muzeyində şairin topladığı dini və xalq sənəti nümunələri saxlanılır. Kolleksiyanın ən diqqətçəkən hissələrindən biri 400-dən çox çarmıxa çəkilmiş Məsih təsvirindən ibarətdir. Ən qədim nümunələrdən bəziləri XV əsrə, Qotika dövrünə aiddir. Portaleqre Bələdiyyə Muzeyi də şəhərin mühüm mədəniyyət müəssisələrindən biridir. Muzey keçmiş yepiskop seminariyasının binasında yerləşir və burada dini sənət, keramika, rəsm və digər tarixi kolleksiyalar qorunur. İqtisadiyyatı Portaleqrenin iqtisadi inkişafında tarixən kənd təsərrüfatı və regional ticarət mühüm rol oynamışdır. XVII və XVIII əsrlərdə şəhər toxuculuq sənayesinin inkişafı hesabına iqtisadi yüksəliş yaşamışdır. XIX əsrdə sənaye inqilabının təsiri ilə toxuculuq və digər emal sahələri daha da genişlənmişdir. Müasir dövrdə Portaleqrenin iqtisadiyyatında xidmət sektoru, turizm, mədəniyyət və təhsil mühüm yer tutur. Şəhərin qalası, kafedralı, muzeyləri və Serra de São Mamede Təbiət Parkına yaxınlığı onu Alentejonun mühüm turizm istiqamətlərindən birinə çevirir. Həmçinin bax Portuqaliya Portuqaliya şəhərləri İstinadlar
https://az.wikipedia.org/wiki/Portaleqre
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Portaleqre¶ms=39_19_0_N_7_25_0_W_scale:100000_region:PT_type:city
https://maps.google.com/maps?ll=39.31667,-7.41667&q=39.31667,-7.41667&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=-7.41667,39.31667&pt=-7.41667,39.31667&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=39.31667&mlon=-7.41667&zoom=12
https://www.visitportugal.com/pt-pt/content/portalegre
https://www.visitportugal.com/en/NR/exeres/76579AC8-45CD-44AD-A009-D64EC179D1AE
Tarix : 20 oktyabr 2026