Maddə 1. Giriş
1.1. Wikisun qlobal ensiklopedik platforma olan Vikipediyada (Wikipedia) Azərbaycan dilində yerləşdirilən məqalələrin sayını artırmaq üçün yaradılmış layihədir. Buraya yerləşdirilən məqalələr Vikipediya tərəfindən təsdiqlənərək yayımlandıqdan sonra müsabiqələrdə iştirak etmək hüququ qazanır.
1.2. Platformamıza daxil olmaq və ya istifadə etməklə, siz aşağıdakı şərtlərə əməl etməyə razılaşırsınız.
Maddə 2. Yazı qaydaları
2.1. Məqalələrdə aşağıda qeyd edilən yazı qaydalarına mütləq əməl olunmalıdır.
2.1.1. Məqalələr süni intellekt tərəfindən yazılmamalıdır.
2.1.2. Məqalə adları və sinonimləri məqalədə ilk cümlənin lap əvvəlində yazılmalıdır, yazılışı qalın (bold) olmalıdır və tire ilə ayrılmalıdır: Məsələn: Alqoritm — riyaziyyatda əsas anlayışlardan biri.
2.1.3. Məqalə bölümlərə və alt başlıqlara ayırılmalıdır. Başlıq və alt başlıqlarda yalnız ilk sözlər böyük hərflə yazılmalıdır. Məsələn:
Alqoritmdən istifadə qaydaları.
2.1.4. Vurğulamaq istədiyiniz sözləri kursiv ilə (italic) yazın, böyük və ya qalın yazmayın.
2.1.5. Həddindən artıq sitatdan istifadə ensiklopedik yazı üslubu ilə uyğun gəlmir və bu, müəllif hüquqları pozuntusu halı ola bilər. Ümumiyyətlə məzmunun Vikipediya redaktorlarının öz sözləri ilə yazılması tövsiyə olunur. Lazım gələrsə, sitatları parafraza edərək aydın və qısa mətnə çevirməyi nəzərdən keçirin.
2.1.6. Məqalələrdə istifadəçi öz şəxsi mülahizələrini yazmamalıdır. Yazdığı mətnin mənbəsi mütləq göstərilməlidir. Mənbə göstərilməyən mətnin doğruluğu şübhə doğurduğundan, onun silinmə ehtimalı daha böyükdür. Hər-hansı bir ideologiya, fəlsəfi, dini, siyasi baxışı təbliğ edilməməlidir.
2.1.7. Vikipediya yazı standartlarına uyğun formada yazılmalıdır. (Yazı standartları ilə bağlı öhdəliklər Maddə 6. Məqalələrdə diqqət edilməli orfoqrafiya qaydaları’nda qeyd edilib)
2.1.8. Mənbələr istifadə olunan zaman etibarlı mənbələrdən istifadə edilməlidir. (Dövlət qurumları, beynəlxalq və yerli ensiklopediya, qəbul olunmuş agentliklər, medialar, tanınmış saytlar və s. Kitab adlarına istinad verilməməli, istinadlar link şəklində olmalıdır)
2.1.9. Qəbul olunmamış məqalə təkrar yüklənməməlidir. (Çünki bu artıq spam hesab olunur) Yalnız istinadlarında problem olan məqalələr istinadları redaktə edildikdən sonra təkrar yüklənə bilər.
2.1.10. Bir məqalə barədə, hətta Vikipediyanın özündə başqa dillərdə məqalə yoxdursa (və ya sadəcə bir dildə varsa) elə mübahisəli məqalələrdən uzaq durmaq lazımdır.
2.1.11. Məqalələr, məlumatlar və şəkillərdən istifadə zamanı müəllif hüquqları nəzərə alınmalı və qeyd olunmalıdır.
2.1.12. Məqalədəki mətnə müvafiq mənbədən istinad verilərkən istinad etiketi cümlənin sonunda, nöqtə qoyulduqdan sonra yerləşdirilməlidir. Ümumilikdə istənilən ifadədə istinad etiketi durğu işarəsindən (vergül, qoşa nöqtə, nöqtə-vergül) dərhal sonra, boşluq buraxılmadan qoyulmalıdır.
2.1.13. Bu qaydalara əməl edilmədiyi təqdirdə, məqalə WIKISUN platformasında yayımlanmayacaq.
2.2. Məqalə içərisində ilk rastlayışda məqalə ilə əlaqəli olan [[Səfəvilər]] şəklində daxili keçidlərdən istifadə olunması tövsiyə olunur.
2.3. Ay və gün (məsələn, 1 iyun və 12 dekabr) və il (məsələn, 1453, 1918 və 2012) haqqında olan məqalələrə keçid verilməməlidir.
2.4. Paylaşdığınız məzmunda xüsusi isimlər (şəxs adları filan) transliterasiya edilməlidir mütləq. Yəni dilimizə uyğunlaşdırılmalıdır.
2.5. Məqalədə hansısa bir Vikipediyaya, YouTube videosuna, sosial şəbəkə paylaşımına istinad etmək, yəni mənbə göstərmək olmaz. https://az.wikipedia.org/wiki/Vikipediya:Etibarl%C4%B1_m%C9%99nb%C9%99l%C9%99r linkindən keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.
2.6. Məqalələr Vikipediyanın Ensiklopedik Əhəmiyyətlilik ( https://az.wikipedia.org/wiki/Vikipediya:Ensiklopedik_%C9%99h%C9%99miyy%C9%99tlilik ) qaydalarına uyğun olmalıdır.
Maddə 3. Məqalələrdə diqqət edilməli orfoqrafiya qaydaları
3.1. Məqalələrdə aşağıda qeyd edilən orfoqrafiya qaydalarına əməl olunmalıdır.
3.1.1. Paraqraf (§), nömrə (№), faiz (%), promille (‰) işarələri aid olduqları rəqəmlərdən "ayrılmayan boşluq" işarəsi ilə ayrılır: Məsələn: § 14, № 23, 20 %. Ancaq "%" işarəsi sözləri qısaltmaq üçün istifadə olduqda aid olduğu rəqəm ilə bitişik yazılırlar: 5%-lik həddi keçmək üçün
3.1.2. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır. Məsələn: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası…
3.1.3. Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır:
Orta Paleolit dövrü, Son Paleolit dövrü.
3.1.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır:
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.
3.1.5. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır:
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi …
3.1.6. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır:
"İstiqlal" ordeni, "Ata və oğul" povesti, "Yeddi gözəl" baleti, "Uzaq sahillərdə" filmi, "Azərbaycan" qəzeti, "Cücələrim" kafesi, "Bahar" mağazası, "İstisu" mineral suları…
3.1.7. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır:
"Xalq qəzeti"nin bugünkü nömrəsi, "Yeddi gözəl"in ilk tamaşası
3.1.8. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır:
Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım
3.1.9. Şablonda cümləni başlayan sözlər böyük hərflə yazılmalıdır:
Kişi; Azərbaycanlı; Qırmızı
3.1.10. Yalnız "düz" dırnaq işarələrindən istifadə etməli, “bu”, «bu» və „bu“ kimi digər bənzər simvollar işlədilməməlidir.
3.1.11. Dırnaq daxilindəki yazıya daxili keçid verildikdə, dırnaq işarələri keçidə daxil edilməməlidir.
Maddə 4. İstifadəçi hesabları
4.1. Qeydiyyat: WIKISUN platformasında məqalə yayımlamaq və platforma tərəfindən keçirilən müsabiqələrdə iştirak etmək üçün siz hesab yaratmalısınız. 4.1.1. Qeydiyyatdan keçərkən siz ad, soyad və e-poçt adresinizi bizimlə paylaşırsınız.
4.1.2. Qeydiyyatdan keçərkən hesabınıza məxsus şifrə yaratmalısınız.
4.2.Təhlükəsizlik: Hesabınızın məxfiliyinin qorunmasına siz cavabdehsiniz.
4.2.1. Hesabınızın şifrəsini üçüncü tərəflə paylaşmamalısınız.
4.2.2. Hesabınızla bağlı hər hansı problem yaşadığınızda bizimlə (info@wikisun.az) əlaqə yarada bilərsiniz.
4.3. Xitam: Platformanın təqdim etdiyi “İSTİFADƏÇİ ŞƏRTLƏRİ”nin pozulması halı baş verdikdə WIKISUN sizə e-poçt vasitəsilə 3 dəfə xəbərdarlıq edəcək. Xəbərdarlığa baxılmadığı təqdirdə WIKISUN sizin hesabınızı dayandırmaq və ya ləğv etmək hüququna sahibdir.
Maddə 5. Müsabiqə şərtləri
5.1. Müsabiqədə iştirak: WIKISUN platformasında öz yazdığınız məqaləni yayımlamaqla siz müsabiqədə iştirak edə bilərsiniz.
5.2. Qaliblər yerləşdirdikləri məqalə sayına görə müəyyən ediləcəklər.
5.3. Hər məqalə aşağıda qeyd edilən meyarlar üzrə qiymətləndiriləcək:
5.3.1.Söz sayı. Məqalə minimum 150 sözdən ibarət olmalıdır. Məqalənin tərkibində 150-dən çox söz olması bal hesablamasında iştirakçıya üstünlük gətirəcək.
5.3.2.Link sayı. Məqalə minimum 4 istinad link yerləşdirilməlidir. Məqalənin tərkibində 4-dən çox istinad linki olması bal hesablamasında iştirakçıya üstünlük gətirəcək.
5.4. Qalibin müəyyən edilməsi düsturu:
150 söz: 3 bal
150 sözdən əlavə hər bir söz üçün: 0.02 bal
Qeyd: Məqalədə 300 sözdən artıq sözlər üçün əlavə bal hesablanmır.
4 link: 3 bal
4 linkdən əlavə hər bir link üçün: 0.75 bal
Qeyd: Məqalədə 7 linkdən sonra əlavə bal hesablanmır.
Nümunə: X adlı istifadəçi 1 həftə ərzində 3 məqalə yazmışdır. Birinci məqalə 150 söz, 4 linkdən, ikinci məqalə 250 söz, 6 linkdən, üçüncü məqalə isə 300 söz, 7 linkdən ibarətdir. İstifadəçinin toplam balı nə qədərdir?
1-ci məqalə üzrə bal: 150 söz=3bal, 4 link=3 bal yəni 3+3=6 bal
2-ci məqalə üzrə bal: 150 söz=3 bal, 150 sözdən əlavə 100 söz- 100x0.02=2bal 4 link=3 bal, 4 linkdən əlavə 2 link- 2x0.75=1.5 bal yəni 3+2+3+1.5=9.5 bal
3-cü məqalə üzrə bal: 150 söz=3 bal, 150 sözdən əlavə 150 söz- 150x0.02=3bal 4 link=3 bal, 4 linkdən əlavə 3 link- 3x0.75=2.25 bal yəni 3+3+3+2.25=11.25
Ümumi: 6+9.5+11.25=26.75
5.5. Müsabiqə üzrə müvafiq olaraq, həftəlik və aylıq qaliblər müəyyən olunacaq.
5.5.1. Qaliblərə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunacaq.
5.5.2. Ballar bərabər olarsa mükafat qaliblər arasında bölünəcək
5.6. Müsabiqə qalibləri ilə qeydiyyatdan keçdiyi nömrə üzərindən əlaqə saxlanılacaq.
5.7. Hər həftənin bazar günü yekun ballar hesablanıb, həftənin qalibi, hər ayın sonu isə ayın qalibi müəyyən ediləcək.
5.8 Saat 18:00-dan sonra əlavə edilən yazılar növbəti günə hesablanacaq.
5.9 Bazar günləri saat 15:00-dan sonra əlavə edilən yazılar isə növbəti həftəyə hesablanacaq.
Maddə 6. Məqalələr
6.1. Sahiblik: WIKISUN-a məzmun verməklə, məqalələrinizi istənilən məqsədlə istifadə etmək, yaymaq və dəyişdirmək üçün bizə icazə verirsiniz.
6.2. Məsuliyyət: Siz töhfə verdiyiniz məzmuna görə məsuliyyət daşıyırsınız. Paylaşdığınız məzmunun qaydalara uyğun olduğundan və üçüncü tərəf hüquqlarını pozmadığından əmin olun.
6.3. Məqalələr üçün tələblər: Platformada paylaşdığınız məzmun aşağıdakı şərtlərə uyğun olmalıdır.
6.3.1. Azərbaycan qanunvericiliyinə uyğun olmayan məzmun platformada PAYLAŞILMAYACAQ.
6.3.2. Məqalələrinizdə dəqiq və yoxlanıla bilən məlumat təqdim etməyə çalışın.
6.4. Platformada yerləşdirilən məqalədə minimum 4 istinad linki qeyd edilməli (bu linklərin sosial media platformalarına aid olmaması şərtilə), məqalə özü isə minimum 150 sözdən ibarət olmalıdır.
6.5. Məqalə daha əvvəl Vikipediyada yayımlanmamış olmalıdır.
6.6. WIKISUN əvvəlcədən xəbərdarlıq etmədən istənilən məzmunu öz mülahizəmizlə redaktə etmək və ya silmək hüququnu özündə saxlayır.
6.7. Platformada yerləşdirilən məqalə 1 iş günü ərzində təsdiqlənib, saytda yayımlanacaq.
Maddə 7. Əqli mülkiyyət
7.1.Platformanın məzmunu: Yazıçıların paylaşdıqları məzmun istisna olmaqla, WIKISUN-dakı bütün kontentlər əqli mülkiyyət qanunları ilə qorunur.
7.2. İstifadə hüquqları: Qeyd edilən şərtlərə uymaqla, platforma məzmunundan şəxsi, qeyri-kommersiya məqsədləri üçün istifadə edə bilərsiniz. Saytda yerləşdirilən kontentlər icazəsiz kommersiya məqsədilə istifadə edilə bilməz.
Maddə 8. Məxfilik
8.1.Məlumatların toplanması: Biz sizin şəxsi məlumatlarınızı Məxfilik Siyasətimizə uyğun olaraq toplayırıq və istifadə edirik. Platformadan istifadə etməklə siz bizim məlumat təcrübələrimizə razılıq verirsiniz.
8.2. Kukilər: WIKISUN istifadəçi təcrübəsini araşdırmaq üçün kukilərdən istifadə edir.
Maddə 9. Şərtlərə dəyişikliklər
9.1. Biz bu şərtləri istənilən vaxt dəyişdirə bilərik. Sizin platformadan davamlı istifadəniz yenidən işlənmiş şərtləri qəbul edirsiniz. Biz platformamız və ya e-poçt vasitəsilə əhəmiyyətli dəyişikliklər barədə sizi xəbərdar edəcəyik.
Maddə 10. Bizimlə əlaqə
10.1. Bu şərtlərlə bağlı hər hansı sualınız və ya narahatlığınız üçün info@wikisun.az e-poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın.