• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
herbi-aldatma

Hərbi aldatma

Dezinformasiya, gizlətmə, kamuflyaj, nümayiş və saxta hücumlar daxil olmaqla hərbi aldatma üsullarının spektri. Hərbi aldatma (Military deception, MILDEC) — müharibə zamanı qarşı tərəfin qərar qəbul edən şəxslərini yanlış məlumatlandıraraq onların əlverişsiz qərar qəbul etməsinə və ya müəyyən hərəkətlərdən çəkinməsinə səbəb olmaq məqsədilə həyata keçirilən fəaliyyətlər toplusudur. Bunun üçün psixoloji əməliyyatlar, informasiya müharibəsi, vizual aldatma və digər üsullardan istifadə edilə bilər. Hərbi aldatma dezinformasiya və psixoloji müharibə ilə əlaqəli olmaqla yanaşı, əməliyyat təhlükəsizliyi (OPSEC) ilə də sıx bağlıdır. OPSEC əsas məlumatların gizlədilməsinə yönəldiyi halda, hərbi aldatma qarşı tərəfə yanlış məlumat və ya yanlış təsəvvür təqdim etməyə əsaslanır. Tarix İkinci Dünya müharibəsi zamanı Böyük Britaniyanın saxta hərbi texnika nümayişlərində istifadə etdiyi ‘günəş sipəri’. Hərbi aldatmadan qədim dövrlərdən etibarən istifadə olunmuşdur. Qədim Çin hərbi traktatı Müharibə sənəti daha azsaylı qüvvələrin daha güclü rəqib üzərində üstünlük qazanmasında aldatmanın əhəmiyyətini vurğulayır. Bu cür üsullara Qədim Misir, Yunanıstan və Roma, eləcə də orta əsrlər, İntibah və Avropanın müstəmləkəçilik dövründə rast gəlinir. Birinci Dünya müharibəsində tətbiq olunan hərbi aldatma İkinci Dünya müharibəsində daha geniş miqyas aldı və sonrakı dövrdə bir sıra ölkələrin hərbi doktrinalarının tərkib hissəsinə çevrildi. Kateqoriyalar ABŞ hərbi doktrinasında hərbi aldatmanın üç əsas kateqoriyası fərqləndirilir: birgə hərbi aldatma (Joint Military Deception, MILDEC), taktiki aldatma (Tactical Deception, TAC-D) və əməliyyat təhlükəsizliyini dəstəkləyən aldatma (Deception In Support of OPSEC, DISO). Taktiki aldatma taktiki səviyyədə qarşı tərəfin qərarlarına təsir etməyə, birgə hərbi aldatma isə daha geniş hərbi kampaniyaları və əməliyyatları dəstəkləməyə yönəlir. DISO isə qarşı tərəfin mühüm məlumatları əldə etməsinin və ya düzgün şərh etməsinin qarşısını almaqla əməliyyat təhlükəsizliyini gücləndirir. Əsas üsullar Hərbi aldatmanın əsas üsullarına yayındırma, saxta hücum, nümayiş, hiylə və aldadıcı görüntü daxildir. Yayındırma qarşı tərəfin diqqətini əsas əməliyyatdan uzaqlaşdırmaq məqsədi daşıyır. Saxta hücum əsas hücumun istiqaməti və ya vaxtı barədə yanlış təsəvvür yaradır. Nümayiş real döyüş təması olmadan müəyyən istiqamətdə hərbi fəaliyyət görüntüsü yaratmağa əsaslanır. Hiylə qarşı tərəfin yanlış nəticəyə gəlməsinə səbəb olacaq saxta məlumatın məqsədli şəkildə üzə çıxarılmasıdır. Aldadıcı görüntüdə isə qoşunların, texnikanın və ya fəaliyyətin mövqeyi və imkanları barədə yanlış təsəvvür yaradılır. Bu üsullar daha geniş aldatma planının tərkibində birlikdə də tətbiq oluna bilər. İkinci Dünya müharibəsində Operation Bodyguard əməliyyatı hərbi aldatmanın ən məşhur nümunələrindən biridir. Müttəfiqlər Alman rəhbərliyində əsas desantın Normandiyada deyil, Kale bölgəsində həyata keçiriləcəyi barədə yanlış təsəvvür yaratmağa çalışmışdılar. Bunun üçün saxta radio əlaqələri, aldadıcı texnika görüntüləri və uydurma hərbi birləşmələrdən istifadə edilmişdi. Qanunilik Hərbi aldatma ilə xəyanətkar davranış (perfidy) arasında fərq qoyulur. 1977-ci il Cenevrə Konvensiyalarına əlavə I Protokola əsasən, döyüş zamanı xəyanətkar davranış qadağandır. Buna atəşkəs bayrağından düşməni aldatmaq məqsədilə sui-istifadə etmək və tibbi obyektlərin qoruyucu nişanlarından silah və sursatı gizlətmək üçün istifadə etmək kimi hallar daxildir. Müasir inkişaflar Müasir hərbi aldatmada kibertexnologiyalar, elektron hücumlar, pilotsuz uçuş aparatları və süni intellektdən də istifadə olunur. Kiber və elektron vasitələr qarşı tərəfin məlumat toplama və komanda-idarəetmə sistemlərində yanlış təsəvvür yaratmaq üçün tətbiq edilə bilər. Pilotsuz sistemlər isə real qüvvələrin mövcudluğu barədə yanlış təsəvvür yaratmaq və diqqəti başqa istiqamətə yönəltmək məqsədilə istifadə olunur. Süni intellekt həm hərbi planlaşdırma və simulyasiyalarda istifadə edilir, həm də saxta görüntü və məlumatların yaradılması vasitəsilə informasiya mühitində aldatma imkanlarını genişləndirir. Əks-aldatma Əks-al­datma (counterdeception) qarşı tərəfin aldatma fəaliyyətinin təsirini azaltmaq, zərərsizləşdirmək və ya ondan öz xeyrinə istifadə etmək cəhdləridir. Kəşfiyyat bölmələri qarşı tərəfin aldatma fəaliyyətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Aldatma aşkar edildikdə komandirlər onun təsirini neytrallaşdırmaq, saxta məlumatı ifşa etmək və ya qarşı tərəfin yanlış fəaliyyətini davam etdirməsinə imkan verməklə resurs itkisinə səbəb olmaq kimi müxtəlif tədbirlər görə bilərlər. Prinsiplər Müasir hərbi aldatma doktrinasında müxtəlif prinsiplər formalaşdırılmışdır. Magruder prinsipi insanı artıq inandığı fikrə inandırmağın yeni bir fikri qəbul etdirməkdən daha asan olduğunu bildirir. Jones dilemması qarşı tərəfin məlumat toplama imkanları artdıqca onu aldatmağın çətinləşdiyini vurğulayır. “Avoid Windfalls” prinsipi isə həddindən artıq asan əldə edilən məlumatın qarşı tərəfdə şübhə yarada biləcəyini nəzərə alır. Həmçinin bax Döyüş sənəti Hərbi təlim Taktiki bombalama ↑ Caddell, Richard. Military Deception. 2004. ↑ Friedman, Herb. "Deception and Disinformation". Psy Warrior.com. İstifadə tarixi: 16 sentyabr 2026. ↑ Baker, Richard. "The lost and found art of deception". Army.mil. 17 noyabr 2011. İstifadə tarixi: 16 sentyabr 2026. ↑ Malin, Cameron H.; Gudaitis, Terry; Holt, Thomas J.; Kilger, Max. Deception in the Digital Age. Academic Press. 2017. səh. xix. ISBN 9780124116399. ↑ U.S. Army Combined Arms Center. FM 3–13.4: Army Support to Military Deception. U.S. Army Publishing Directorate. 2019. 1–1–1–3. ↑ U.S. Army Combined Arms Center. FM 3–13.4: Army Support to Military Deception. U.S. Army Publishing Directorate. 2019. 1–7. ↑ Rubin, Jamie. "Deception: The other 'D' in D-Day". NBC News. 4 iyun 2004. İstifadə tarixi: 16 sentyabr 2026. ↑ "Perfidy". The Practical Guide to Humanitarian Law. Médecins Sans Frontières. İstifadə tarixi: 16 sentyabr 2026. ↑ Hémez, Rémy; Namor, Anthony Phil. "The Science of Cyber and the Art of Deception". Wavell Room. 18 may 2022. İstifadə tarixi: 16 sentyabr 2026. ↑ Luckenbaugh, Josh. "How AI, Quantum Could Transform Battlefield Deception". National Defense Magazine. 24 iyul 2025. İstifadə tarixi: 16 sentyabr 2026. ↑ Ryan, Mick; Singer, Peter Warren. "The Future of Deception in War: Lessons from Ukraine; Introduction". New America. 5 iyul 2025. İstifadə tarixi: 16 sentyabr 2026. ↑ U.S. Army Combined Arms Center. FM 3–13.4: Army Support to Military Deception. U.S. Army Publishing Directorate. 2019. A–2. ↑ U.S. Army Combined Arms Center. FM 3–13.4: Army Support to Military Deception. U.S. Army Publishing Directorate. 2019. 1–8–1–10.


İstinadlar

Tarix : 16 sentyabr 2026