- Wikisun
Halifaks partlayışı zamanı yaranmış partlayış buludu Halifaks partlayışı (ing. Halifax Explosion) — 6 dekabr 1917-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətində yerləşən Halifaks limanında baş vermiş böyük partlayış və şəhər fəlakətidir. Fransanın Mont-Blanc yük gəmisi yüksək partlayıcı maddələrlə yüklənmiş vəziyyətdə limana daxil olarkən Norveçin Imo gəmisi ilə toqquşmuşdu. Toqquşmadan sonra Mont-Blanc gəmisində yanğın başlamış və təxminən 20 dəqiqə sonra gəmi partlamışdı. Partlayış nəticəsində ən azı 1 782 nəfər həlak olmuş, təxminən 9 000 nəfər yaralanmışdı. Hadisə baş verdiyi dövrdə insan fəaliyyəti nəticəsində yaranmış ən böyük partlayış hesab olunurdu. Arxa plan Birinci Dünya müharibəsi illərində Halifaks Şimali Amerikanın mühüm hərbi və ticarət limanlarından birinə çevrilmişdi. Buradan Avropaya gedən qoşun və təchizat konvoyları yola salınır, limanda hərbi və ticarət gəmiləri toplanırdı. Alman sualtı qayıqlarının Atlantik okeanında hücumlarının artması nəticəsində konvoy sistemi tətbiq edilmiş və Halifaks limanının hərəkətliliyi daha da yüksəlmişdi. 1917-ci ildə Halifaks və Dartmut əhalisi birlikdə təxminən 60–65 min nəfərə çatmışdı. Mont-Blanc 5 dekabrda Nyu-Yorkdan Halifaksa gəlmiş və Bordoya gedən konvoya qoşulmaq üçün limanda dayanmışdı. Gəmi trinitrotoluen (TNT), pikrin turşusu, pambıq barıt və benzol kimi təhlükəli maddələr daşıyırdı. Norveç gəmisi Imo isə Belçikaya yardım yükləri götürmək üçün Nyu-Yorka getməli idi. Ertəsi səhər hər iki gəmi limanın dar keçidi olan Narrows istiqamətində hərəkətə başlamışdı. Toqquşma və yanğın 6 dekabr səhər saatlarında Imo və Mont-Blanc Narrows hissəsində bir-birinə yaxınlaşdı. Gəmilər arasında manevr və keçid qaydaları ilə bağlı anlaşılmazlıqlar yaranmışdı. Təxminən saat 8:45-də Imo gəmisinin burnu Mont-Blancın sağ tərəfinə çırpıldı. Toqquşmanın özü gəmini dərhal məhv etmədi, lakin göyərtədəki benzol çənləri zədələnərək yanıcı buxarların yayılmasına səbəb oldu. Imo geri hərəkət edərkən yaranan qığılcımlar buxarları alışdırdı və Mont-Blancda güclü yanğın başladı. Yanğın getdikcə böyüdü və gəminin ekipajı onu tərk etdi. Yanğınsöndürənlər və yaxınlıqdakı digər gəmilərin heyətləri alovu söndürməyə və gəmini sahildən uzaqlaşdırmağa çalışdılar. Lakin təhlükəli yükün partlama ehtimalı çox yüksək olduğundan vəziyyəti nəzarət altına almaq mümkün olmadı. Partlayış 6 dekabr 1917-ci ildə Halifaks partlayışı nəticəsində yaranan tüstü buludu. Saat 9:04:35-də Mont-Blancda olan partlayıcı maddələr partladı. Gəmi tamamilə məhv oldu və çox güclü partlayış dalğası Halifaks və Dartmutun böyük hissəsinə yayıldı. Təxminən 800 metrlik radiusda yerləşən binaların demək olar ki, hamısı dağıldı. Ağaclar qırıldı, dəmir relslər əyildi, gəmilər sahilə atıldı və Mont-Blancın metal parçaları kilometrlərlə uzağa yayıldı. Partlayış böyük su kütləsini yerindən hərəkətə gətirərək sunamiyə səbəb oldu. Dalğanın hündürlüyü Halifaks limanında yüksək su səviyyəsindən təxminən 18 metr yuxarı qalxmışdı. Partlayış nəticəsində 1,6 km²-dən çox ərazi tamamilə dağıdılmışdı. Hadisənin yaratdığı tüstü və partlayış dalğası uzaq məsafələrdən də müşahidə olunmuşdu. Xilasetmə işləri Partlayışdan dərhal sonra sağ qalan şəhər sakinləri, polis əməkdaşları, yanğınsöndürənlər və hərbçilər dağıntılar altında qalan insanları xilas etməyə başladılar. Şəhərin xəstəxanaları qısa müddətdə yaralılarla doldu. Hadisə günü yeni hərbi xəstəxanalardan biri olan Camp Hill təxminən 1 400 yaralı qəbul etmişdi. Xilasetmə işlərində dəmir yolu əməkdaşları da mühüm rol oynadılar. Partlayışdan az əvvəl təhlükəli yük daşıyan gəmidə yanğın olduğunu öyrənən dəmiryol dispetçeri Vince Coleman yaxınlaşan sərnişin qatarlarını xəbərdar etmək üçün iş yerinə qayıtmışdı. Onun göndərdiyi xəbərdarlıqlar Halifaks istiqamətində hərəkət edən qatarların dayandırılmasına kömək etdi. Coleman özü isə partlayış nəticəsində həlak oldu. Yeni Şotlandiya, Nyu-Brunsvik və Kanadanın digər bölgələrindən xilasetmə qatarları Halifaksa göndərildi. Lakin ertəsi gün güclü çovğunun başlaması yardımın çatdırılmasını və xilasetmə işlərini çətinləşdirdi. Dağıntılar və insan itkisi Partlayışdan iki gün sonra Halifaks limanı və şəhərdə yaranmış dağıntılar. Partlayış şəhərin yaşayış və sənaye ərazilərinə böyük zərər vurdu. Təxminən 1 630 ev tamamilə dağıldı, daha 12 000 bina müxtəlif dərəcədə zədələndi. Təxminən 6 000 insan evsiz qaldı, 25 000 nəfərin isə kifayət qədər sığınacağı yox idi. Halifaks limanı, dəmir yolu infrastrukturu, fabriklər və digər sənaye obyektləri də ciddi zərər gördü. Dartmut tərəfi də ağır zərər gördü və burada təxminən 100 nəfərin öldüyü təxmin edilir. Partlayışın yaratdığı sunami Tufts Cove ərazisində yaşayan Mikmak icmasının yaşayış məntəqəsini də məhv etmişdi. İcmanın dəqiq itki sayı müəyyən edilməsə də, bir neçə nəfərin öldüyü və yaşayış məntəqəsinin sonradan bərpa edilmədiyi məlumdur. İstintaq Partlayışdan sonra əvvəlcə hadisənin səbəbinin Alman hücumu olduğu düşünülmüşdü. Lakin aparılan araşdırmalar bunun dənizdə baş vermiş toqquşma nəticəsində meydana gəldiyini müəyyənləşdirdi.1917-ci ilin dekabrında toqquşmanın səbəblərini araşdırmaq üçün xüsusi məhkəmə istintaqı yaradıldı. 1918-ci ilin fevralında hazırlanan ilkin hesabatda Mont-Blancın kapitanı, pilotu və Halifaks limanında təhlükəsizliyə cavabdeh olan Kanada hərbi-dəniz zabiti məsul şəxslər kimi göstərildi. Sonrakı məhkəmə proseslərində isə bu şəxslərdən heç biri cinayət məsuliyyətinə cəlb olunmadı. Sonrakı mülki məhkəmə qərarları da dəyişdi. Əvvəlcə Mont-Blanc tam məsul sayılmışdı, lakin Kanada Ali Məhkəməsi və daha sonra London şəhərində fəaliyyət göstərən Privy Council qarşısındakı apellyasiya nəticəsində hər iki gəminin toqquşmaya səbəb olan naviqasiya səhvlərində eyni dərəcədə məsul olduğu müəyyən edildi. Yenidənqurma Partlayışdan sonra Halifaksda dağıntıların təmizlənməsi işləri. Partlayışdan dərhal sonra dağıntıların təmizlənməsi və evsiz qalan insanlar üçün müvəqqəti yaşayış yerlərinin yaradılması başlandı. 1918-ci ilin yanvarında hələ təxminən 5 000 insanın sığınacağa ehtiyacı vardı. Sonrakı mərhələdə yeni yaşayış binalarının tikintisi üçün xüsusi layihələr hazırlandı və Şimali Halifaksın Richmond məhəlləsinin yenidən qurulmasına başlanıldı. Yenidənqurma zamanı 326 yeni evdən ibarət yaşayış məhəlləsi planlaşdırıldı. Evlərin daş döşənmiş və ağaclarla əhatə olunmuş küçələr boyunca yerləşdirilməsi nəzərdə tutulmuşdu. Tikintidə yanğına davamlı sıxılmış sement bloklarından, Hydrostone materialından istifadə edildi. Yeni evlərin ilk sakinləri 1919-cu ilin martında mənzillərinə köçməyə başladılar. ↑ Knauer, Kelly. Time: Disasters that Shook the World. Time Home Entertainment. 2012. səh. 56. ISBN 9781603202473. ↑ Ruffman, Alan; Howell, Colin D., redaktorlar Ground Zero: A Reassessment of the 1917 Explosion in Halifax Harbour. Nimbus Publishing. 1994. səh. 276. ISBN 9781551090955. ↑ Sutherland, David A. "We Harbor No Evil Design": Rehabilitation Efforts after the Halifax Explosion of 1917. The Publications of the Champlain Society. 2017. doi:10.3138/9781487517489. ISBN 9781487503222. ↑ Mac Donald, Laura. Curse of the Narrows: The Halifax Explosion of 1917. HarperCollins. 2005. ISBN 9780002007870. ↑ Flemming, David. Explosion in Halifax Harbour. Formac. 2004. 25–26, 47. ISBN 9780887806322. ↑ Mac Donald, Laura. Curse of the Narrows: The Halifax Explosion of 1917. HarperCollins. 2005. ISBN 9780002007870. ↑ Ruffman, Alan; Howell, Colin D., redaktorlar Ground Zero: A Reassessment of the 1917 Explosion in Halifax Harbour. Nimbus Publishing. 1994. 266, 276. ISBN 9781551090955. ↑ Krehl, Peter. History of Shock Waves, Explosions and Impact: A Chronological and Biographical Reference. Springer. 2007. səh. 459. ISBN 9783540304210. ↑ Flemming, David. Explosion in Halifax Harbour. Formac. 2004. 53–55. ISBN 9780887806322. ↑ Kitz, Janet; Payzant, Joan. December 1917: Revisiting the Halifax Explosion. Nimbus Publishing. 2006. səh. 73. ISBN 9781551095660. ↑ Armstrong, John Griffith. The Halifax Explosion and the Royal Canadian Navy. UBC Press. 2002. ISBN 9780774808910. ↑ Burke, Jennifer. Turtle Grove: Dartmouth's Lost Mi'kmaq Community // Ground Zero: A Reassessment of the 1917 Explosion in Halifax Harbour. Nimbus Publishing. 1994. ↑ Flemming, David. Explosion in Halifax Harbour. Formac. 2004. səh. 71. ISBN 9780887806322. ↑ Zemel, Joel. Scapegoat: The Extraordinary Legal Proceedings Following the 1917 Halifax Explosion. New World Publishing. 2016. səh. 303. ISBN 9781895814620. ↑ Flemming, David. Explosion in Halifax Harbour. Formac. 2004. 73–81. ISBN 9780887806322. ↑ Kitz, Janet; Payzant, Joan. December 1917: Revisiting the Halifax Explosion. Nimbus Publishing. 2006. 53, 56. ISBN 9781551095660.
https://az.wikipedia.org/wiki/Halifaks_partlay%C4%B1%C5%9F%C4%B1
//doi.org/10.3138%2F9781487517489
https://az.wikipedia.org/wiki/Halifaks_partlay%C4%B1%C5%9F%C4%B1
https://az.wikipedia.org/wiki/Halifaks_partlay%C4%B1%C5%9F%C4%B1
Tarix : 22 sentyabr 2026