• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
drednought-saxtakarligi

Drednought saxtakarlığı

Drednought saxtakarlığı — 1910-cu ildə Böyük Britaniyada baş vermiş məşhur praktik zarafat və saxtakarlıq hadisəsidir. Hadisənin əsas təşkilatçısı Horace de Vere Cole və onun dostları olmuşdur. Onlar özlərini Həbəşistanın kral ailəsinin nümayəndələri kimi təqdim edərək Kral Hərbi Dəniz Qüvvələrini aldadıb HMS Dreadnought döyüş gəmisinə rəsmi səfər etmişdilər. Hadisə Britaniya cəmiyyətində böyük maraq doğurmuş və Kral Hərbi Dəniz Qüvvələrinin müəyyən müddət ərzində istehza obyektinə çevrilməsinə səbəb olmuşdur. Hadisənin əvvəlki tarixi Hadisənin əsas təşkilatçısı İrlandiyada anadan olmuş Horace de Vere Cole idi. O, İkinci Bur müharibəsində iştirak etmiş və daha sonra Kembric Universitetinin Trinity College kollecində təhsil almışdı. Cole universitetdə oxuduğu dövrdə müxtəlif praktik zarafatlar və saxtakarlıqlar təşkil etməsi ilə tanınırdı. Cole-un Kembricdəki yaxın dostlarından biri Adrian Stephen idi. Stephen sonradan yazıçı Virginia Woolf kimi tanınan Virginia Stephenin qardaşı idi. Cole və Stephen 1905-ci ildə də oxşar bir saxtakarlıq təşkil etmişdilər. Onlar Zənzibar sultanının Kembricə səfəri barədə saxta xəbər yaymış və özlərini onun nümayəndələri kimi təqdim etmişdilər. 1905-ci ildəki hadisə sonradan Drednought saxtakarlığının əsasını təşkil edən ideyanın sınağı olmuşdu. Cole və Stephen bu hadisə ilə rəsmi şəxsləri saxta nümayəndə heyətinə inanmağa sövq etməyin mümkün olduğunu göstərmişdilər. HMS Dreadnought XX əsrin əvvəllərində Britaniyanın Kral Hərbi Dəniz Qüvvələri ölkənin hərbi gücünün əsas simvollarından biri hesab olunurdu. HMS Dreadnought isə bu gücün ən mühüm simvollarından biri idi. Gəmi 1906-cı ildə xidmətə daxil olmuş və öz dövrünün ən qabaqcıl döyüş gəmilərindən biri hesab edilmişdi. 1910-cu ilin fevralında Dreadnought Home Fleetin flaqmanı idi. Gəminin göyərtəsində Adrian Stephenin qohumu olan komandir William Fisher də xidmət edirdi. Bu əlaqə sonradan hadisəyə xüsusi maraq qatmışdı. Saxtakarlığın hazırlanması 1910-cu ilin fevralında Cole və beş dostu — Adrian Stephen, Virginia Stephen, Guy Ridley, Anthony Buxton və rəssam Duncan Grant — saxta Həbəşistan kral heyəti yaratmaq qərarına gəldilər. Məqsəd Kral Hərbi Dəniz Qüvvələrinin ən mühüm gəmilərindən biri olan Dreadnoughta rəsmi səfər etmək idi. Qrup səhnə geyimləri üzrə mütəxəssis Willy Clarksonun köməyi ilə xüsusi geyimlər hazırladı. İştirakçıların üzlərinə tünd rəngli səhnə makiyajı çəkildi, onlar şərq üslubunda geyimlər və çalmalar taxdılar. Adrian Stephen isə qrupun tərcüməçisi rolunu öz üzərinə götürdü. Virginia Stephen sonradan Virginia Woolf adı ilə məşhurlaşdı. Həbəşistan nümayəndə heyətinin üzvü obrazında, 1910. 7 fevral 1910-cu ildə qrupun üzvləri hazırlandıqdan sonra Londondan Veymut şəhərinə yola düşdülər. Saxta nümayəndə heyətinin gəlişi barədə əvvəlcədən teleqram göndərilmişdi. Teleqramda Həbəşistan şahzadəsi və onun heyətinin Veymuta gələcəyi və Dreadnought gəmisini görmək istədiyi bildirilirdi. HMS Dreadnought gəmisinə səfər Saxta heyət Veymuta çatdıqda Kral Hərbi Dəniz Qüvvələri onları rəsmi nümayəndə heyəti kimi qarşıladı. Həbəşistan bayrağı tapılmadığı üçün Zənzibar bayrağından istifadə edildi və Zənzibarın himni səsləndirildi. Qonaqlar donanmanı və Dreadnought gəmisini gəzdilər. Onlar ingilis dilində danışmaq əvəzinə latın və qədim yunan dillərindən götürülmüş sözlərin qarışığından ibarət mənasız ifadələr işlədirdilər. Bəzi mənbələrə görə, qrup üzvləri heyranlıqlarını “bunga bunga” kimi ifadələrlə göstərirdilər. Onlar həmçinin dua xalçaları tələb edir və bəzi zabitlərə saxta hərbi mükafatlar təqdim etməyə çalışırdılar. Hadisənin diqqətçəkən məqamlarından biri komandir William Fisherin öz qohumu Adrian Stephen və Virginia Woolfu tanımaması idi. Beləliklə, saxta nümayəndə heyəti Kral Hərbi Dəniz Qüvvələrinin yüksək vəzifəli şəxsləri tərəfindən həqiqi kral ailəsi nümayəndələri kimi qəbul edildi. Hadisənin üzə çıxması Saxtakarlıq Londona qayıtdıqdan sonra üzə çıxdı. Hadisənin təşkilatçısı olan Cole özü mətbuata məlumat verdi və saxta nümayəndə heyətinin fotoşəklini Daily Mirror qəzetinə göndərdi. Xəbər sürətlə yayıldı və Kral Hərbi Dəniz Qüvvələri ictimaiyyətin istehza obyektinə çevrildi. Donanma Cole-un həbs edilməsini tələb etsə də, onun və dostlarının konkret qanun pozuntusu törətmədiyi müəyyən edildi. Buna görə cinayət məsuliyyətinə cəlb olunmadılar. Bunun əvəzinə, Virginia Woolf istisna olmaqla, qrupun kişi üzvləri bəzi Kral Hərbi Dəniz Qüvvələri zabitləri tərəfindən simvolik şəkildə döyüldülər. Sonrakı təsiri Drednought saxtakarlığı Britaniya cəmiyyətində böyük əks-səda doğurdu. Hadisə Kral Hərbi Dəniz Qüvvələrinin nüfuzuna qısa müddətli zərbə vurmaqla yanaşı, Cole və onun ətrafındakı şəxslərin, o cümlədən sonradan məşhur yazıçıya çevriləcək Virginia Woolfun adlarının daha geniş ictimaiyyət tərəfindən tanınmasına səbəb oldu. 1915-ci ildə Birinci Dünya müharibəsi zamanı HMS Dreadnought Alman sualtı qayığını vuraraq batırdı. Hadisə ilə bağlı Kral Hərbi Dəniz Qüvvələrinə göndərilən təbrik teleqramlarından birində “BUNGA BUNGA” ifadəsindən istifadə olunması 1910-cu il saxtakarlığına işarə kimi qəbul edilmişdi. Drednought saxtakarlığı sonrakı illərdə də xatırlanmışdır. Hadisə Virginia Woolfun həyatı və yaradıcılığı ilə bağlı bioqrafik tədqiqatlarda da mühüm yer tutur.


İstinadlar

Tarix : 5 oktyabr 2026