• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
yelpikli-xanim

Yelpikli xanım

Yelpikli xanım (alm. Dame mit Fächer‎) — avstriyalı rəssam Qustav Klimtin yaratdığı son portretdir. 1917-ci ildə çəkilmiş və sifariş əsasında olmayan bu əsərdə, kimliyi müəyyən edilməmiş qadın təsvir olunmuşdur. Klimt 1918-ci ildə vəfat etdikdə əsər onun emalatxanasında molbert üzərində idi. Klimtin son dövr əsərlərinin bir çoxunda olduğu kimi, bu əsərdə də çoxsaylı Çin motivləri daxil olmaqla, güclü Asiya təsirləri özünü göstərir. 2023-cü ilin iyununda əsər Sotheby'sin Londondakı hərracında 85,3 milyon funt sterlinqə (108,4 milyon ABŞ dolları, 99,2 milyon avro) satılmışdır. Bu məbləğ həmin vaxt Avropada bir sənət əsəri üçün ödənilmiş ən yüksək qiymət idi. Əsəri Honq-Konq kolleksiyaçısının adından sənət alverçisi Patti Vonq satın almışdır. Təsvir Kvadrat formalı rəsmdə sarı rəngli, Şərq motivləri ilə bəzədilmiş fon qarşısında şabalıdı rəngli buruq saçları olan qadın təsvir edilmişdir. Qadın sola, uzaqlara baxır; naxışlı ipək xalatı çiynindən sürüşmüş, əlindəki yelpik isə sinəsini örtmüşdür. Arxa plandakı Çin motivləri arasında ölməzlik, yenidən doğuluş və xoşbəxtlik rəmzi olan böyük uçan feniks və məhəbbət, eləcə də dəyişməz gözəlliklə əlaqələndirilən parlaq çəhrayı lotus çiçəkləri vardır. Kompozisiyada uzunayaqlı durna və qızılı qırqovul da təsvir edilmişdir. Fon naxışlarının səthiliyi Yaponiyanın ukiyo-e ağac üzərində qravüra çaplarını xatırladır, rənglər isə şirli Çin çinisində istifadə olunan xrom sarısı, kobalt mavisi və qırmızı oxranı təqlid edir. Portretdəki qadının kimliyi məlum deyil. Onun Johanna Staude, Klimtin həyat yoldaşı Emili Flöge və ya onun sevimli rəqqaslarından biri ola biləcəyi ehtimal edilir. Vyana Belvedere Muzeyinin məlumatına görə, əsər yaradıldıqdan qısa müddət sonra Rəqqasə (alm. Tänzerin‎) adı ilə nümayiş etdirilmişdir. Bu isə modelin balet və ya musiqili teatr rəqqasəsi ola biləcəyini göstərir. Klimtin 1916-cı ildə çəkdiyi Valli portreti Yelpikli xanım Klimtin 1916-cı ildə çəkdiyi Valli portreti ilə oxşarlıqlara malikdir. Həmin əsərdə də modelin sol çiyni açıq təsvir edilmişdir. Klimt Dost qızlar və ya İki dost qız (1916–1917) əsərində də böyük feniks daxil olmaqla, Şərq motivləri ilə bəzədilmiş fon çəkmişdir. Hər iki rəsm 1945-ci ildə İmmendorf qəsrində baş vermiş yanğın zamanı məhv edilmişdir. Klimtin əvvəlki əsərlərindən fərqli olaraq, Yelpikli xanım daha sərbəst və daha sürətli icra edilmiş fırça vuruşları ilə xarakterizə olunur. Bəzi sənət tarixçiləri əsəri “tamamlanmamış” hesab etmiş və modelin qolunun yuxarı hissəsinin xalatla birləşdiyi yer kimi kətanın bəzi hissələrinin açıq qalmasına diqqət çəkmişlər. Lakin sənət tənqidçisi Kelli Qrovyer hesab edir ki, əsərə güc verən məhz “axıcılıq və fraqmentasiya”dır və belə nəticəyə gəlir ki, “onun tamamlanmamışlığı onu tamamlayır”. Mülkiyyət tarixi Klimtin emalatxanasında 1918-ci ildə Morits Ner tərəfindən çəkilmiş Yelpikli xanım (sağda) Yelpikli xanım, Klimt insult keçirərək 1918-ci ilin əvvəlində vəfat etdikdə onun emalatxanasında, Gəlin adlı tamamlanmamış əsəri ilə birlikdə hələ də molbert üzərində idi. 1918-ci ilin fevralında Klimtin ölümündən sonra əsər Vyanadakı Qustav Nebehay qalereyasının mülkiyyətində olmuşdur. 1920-ci ilə qədər əsəri Klimtin himayədarı və dostu olan sənayeçi Ervin Böler almışdı; sonradan əsəri onun qardaşı Haynrix əldə etmişdir. 1940-cı ildə əsər Haynrixin İsveçrənin Luqano şəhərində yaşayan həyat yoldaşı Mabel Bölerə miras qalmışdır. Vyanadan olan Rudolf Leopold əsərə təxminən 1963–1981-ci illərdə sahib olmuş, daha sonra əsər Nyu-Yorkda yaşayan sənət kolleksiyaçısı və taciri Serj Sabarskinin mülkiyyətinə keçmişdir. Amerikalı sənət kolleksiyaçısı və sahibkar Vendel Çerri əsəri 1988-ci ildə Sabarskidən almışdır. 11 may 1994-cü ildə əsər Çerrinin kolleksiyasının hərracı çərçivəsində Sotheby's tərəfindən 11,6 milyon dollara, komissiya haqları daxil olmaqla, satılmışdır. Əsərin 27 iyun 2023-cü ildə yenidən Sotheby's tərəfindən satılması Qustav Klimtin əsəri üçün hərrac rekordunu müəyyən etmiş və Avropada açıq satış zamanı sənət əsəri üçün ödənilmiş ən yüksək qiymət olmuşdur. Sərgilər Portret yalnız dörd dəfə ictimaiyyətə nümayiş etdirilmişdir: 1920-ci ildə Vyana Kunstşausunda; 1981-ci ildə Yaponiyanın Tokio, Osaka, İvaki və Yama­naşi şəhərlərindəki muzey və qalereyalarda keçirilən Qustav Klimt sərgisinin tərkibində; 1992-ci ildə Polşanın Krakov şəhərindəki Beynəlxalq Mədəniyyət Mərkəzində; 2021–2022-ci illərdə isə Vyanadakı Belvedere Muzeyində. Həmçinin bax Ən bahalı rəsm əsərlərinin siyahısı Qustav Klimt İstinadlar


İstinadlar

Tarix : 10 sentyabr 2026