- Wikisun
Yarpaqlı dəniz əjdahası (lat. Phycodurus eques) - Dəniz atı ailəsinə (Syngnathidae) aid olan və dünyada ən maraqlı və gözəl sualtı canlılarından biri. Bu balıq, Avstraliyanın cənub və qərb sahillərində yaşayır və özünün qeyri-adi bədən quruluşu, təbii yarpaqşəkilli strukturu ilə tanınır. Bu xüsusiyyətlər, ona mükəmməl şəkildə kamuflyaj olmağa, həm yırtıcılardan qorunmağa, həm də qida tapmağa kömək edir. Bioloji xüsusiyyətləri Yarpaqlı dəniz əjdahası dəniz atı ailəsinə mənsub olsa da, bədən quruluşu və xüsusiyyətləri baxımından çox fərqlənir. Balığın ən diqqətçəkən xüsusiyyəti bədənindəki yarpaqlara bənzər çıxıntılardır. Bu çıxıntılar ona mühitində, xüsusilə dəniz yosunları və digər sualtı bitkilərlə qarışaraq düşmənlərindən gizlənməyə imkan verir. O, suda hərəkət edərkən canlıdan çox adi dəniz yosununu xatırladır. Hərəkət etməsini təmin edən üzgəclər çox şəffaf olduğundan, tərpənməsi bilinmir. Bu balığın uzunluğu ortalama 20-24 sm-dir. Lakin nadir hallarda 35-45 sm qədər olan fərdlərə rast gəlinir. Əsasən yaşıl, sarımtıl və qəhvəyi rənglərə malik olan bu balığın bədənində müxtəlif formalı naxışlar olur. Balığın bədənindəki yarpaqlara bənzəyən çıxıntılar, sualtı bitkiləri xatırladır və kamuflyajı təmin edir. Bu çıxıntılar balığa hərəkət etmədən və ya çox az hərəkətlə sualtı bitkilərin arasında gizlənməyə imkan verir. Yarpaqlı dəniz əjdahası, üzgəcləri ilə irəliləyir, lakin bədəninin xarici dərisi olduqca sərt olduğu üçün, hərəkət qabiliyyəti məhduddur. Onlar bəzən bir yerdə uzun müddət qalıb hərəkət etmədən dayanır, lakin ehtiyac olduqda, hər saatda 150 metrə qədər hərəkət edə bilərlər. Yaşayış mühiti Yarpaqlı dəniz əjdahası, yalnız Avstraliyanın cənub sahillərində mövcuddur. Onlar "Wilson’s Promontory" (Viktoriya) ərazisindən başlayaraq, Pertin şimalındakı "Jurien Bay"a qədər olan bölgələrdə yaşayır. Bu balıqlar, dərinliyi 50 metrə qədər olan sulara yaxın, yosunlu qayalar və dəniz otları ilə örtülü ərazilərdə görülür. Cənubi Avstraliyanın müxtəlif bölgələrində, xüsusilə "Rapid Bay", "Edithburgh" və "Victor Harbor" kimi sahillərdə daha çox müşahidə olunur. Bu balıqlar, üzmə qabiliyyəti məhdud olduğu üçün, yerli sualtı bitkilərindən asılıdır. Onlar çox vaxt həyatlarını dərinliklərdə, sualtı yosunlar və suda yaşayan bitkilər arasında gizlənərək keçirirlər. Qidalanma və həyat tərzi Yarpaqlı dəniz əjdahaları, əsasən mikroskopik planktonlar, kiçik sualtı orqanizmlər və dəniz yosunları ilə qidalanır. Onlar qida tapmaq üçün uzun burunlarını istifadə edərək suyu süzür, fitoplankton, zooplankton və digər mikroskopik canlıları udurlar. Balığın həyat tərzi və qidalanma üsulu, onun hərəkətsizliyi və kamuflyajı ilə əlaqəlidir. Çoxalma Yarpaqlı dəniz əjdahaları adətən təkbaşına yaşayır. Cütləşmə dövründə, erkəklər dişiləri özlərinə cəlb etmək üçün müxtəlif rəqs və davranışlar göstərir. Dişi, təxminən 250 tünd-çəhrayı rəngdə yumurtasını erkəyin quyruğuna yaxın yerləşən xüsusi bölməyə yerləşdirir. Erkək yumurtaların inkişafını öz quyruğunda davam etdirir, yumurtalar təxminən 9 həftə sonra inkişaf edir. Bu müddət ərzində yumurtalar tünd-bənövşəyi və ya narıncı rəng alır. Erkək hazır yumurtaları silkələyir, onları dəniz yosunlarına sürtərək balaların çıxmasına kömək edir. Təhlükələr və mühafizə Yarpaqlı dəniz əjdahaları təbii və insan mənşəli bir çox təhdid ilə üzləşir. Balıqlar nadir olduğu üçün, onlar tez-tez insanlar tərəfindən ovlanır və alternativ təbabətdə istifadə olunur. Balığın gənc yaşlarda zəif üzməsi və yavaş hərəkət etməsi, onları yırtıcılardan qorunmasız edir. Bununla yanaşı, su hövzələrindəki çirklənmə və sənaye tullantıları, bu növün sayını azaldır. 1987-ci ildən etibarən Cənubi Avstraliyada, 1995-ci ildən etibarən Viktoriya və 1991-ci ildən etibarən Qərbi Avstraliyada yarpaqlı dəniz əjdahalarının tam mühafizəsi başlanılıb. Bu balıqların yığılması və ticarəti ciddi qaydalarla idarə olunur.
https://en.wikipedia.org/wiki/Leafy_seadragon
https://www.nationalgeographic.com/animals/fish/facts/leafy-sea-dragon
https://www.dbca.wa.gov.au/wildlife-and-ecosystems/marine/marine-parks/fun-facts/leafy-sea-dragon
https://seaworld.org/animals/facts/bony-fish/leafy-sea-dragon/
https://uykusuzb.wixsite.com/endemikturler/blank-2
https://www.ensonhaber.com/ipucu/yaprakli-deniz-ejderi-nedir
https://www.dutchmermaid.com/the-invisible-leafy-seadragons-of-south-australia/
Tarix : 18 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.