• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
xiasi-it-cinsi

Xiasi (it cinsi)

Xiasi - Çinin "Quicou" əyalətində yerləşən Xiasi kəndinin adını daşıyan və Miao xalqı tərəfindən min illərdir bəslənən yerli it cinsi. Tarixən ov iti və gözətçi iti kimi yetişdirilən Xiasi iti bu gün ailəyə var-dövlət gətirdiyinə inanıldığı üçün dəyərli hesab edilir. Bu cins hazırda kritik şəkildə təhlükə altındadır və genetik müxtəlifliyi aşağıdır. Xiasi itləri hazırda Çində keçirilən əksər it nümayişlərində qəbul edilir. Tarix Əsrlər boyu Xiasi və ətraf kəndlərdə yetişdirilmişdir. Əsasən Miao xalqı tərəfindən inkişaf etdirilən Xiasi itləri sıx meşələrdə, yüksək dağlarda və təhlükəli yolların olduğu bölgələrdə təhlükəli ov heyvanları ilə mübarizə apara bilən dözümlü ov iti kimi yetişdirilmişdir. Bölgədə yaxşı tanınmasına baxmayaraq, XX əsrdə bu cinsin populyasiyası azalmağa başlamış və 1999-cu ildə aparılan bir araşdırma nəticəsində cəmi 271 safqan itin qaldığı müəyyən edilmişdi. O vaxtdan bəri cinsi qorumaq üçün müxtəlif səylər göstərilir. Əvvəlcə Guicou əyalətinin Heyvandarlıq Bürosu, daha sonra isə "Xiasi İti Cinsinin Qorunması, İnkişafı və İstifadəsi Layihəsi" tərəfindən bu istiqamətdə işlər görülmüşdür. Xüsusiyyətləri Xiasi itləri orta ölçülü, ağ və ya krem rəngində, sərt və kobud tüklərə, solğun çəhrayı rəngli buruna malik itlərdir. Onların tükləri qalın və sərtdir, tez-tez dik vəziyyətdə dayanır. Tükləri qısa, orta və uzun olur. Başları iri, qulaqları dik, burunları çəhrayı və ağızları kvadrat formalı olur. Sinələri dərin və yuvarlaqdır, ayaqları güclü, pəncələri möhkəm və quyruqları dik vəziyyətdə dayanır. Erkək Xiasi itləri çiyin hündürlüyü baxımından 46–50 sm, dişilər isə 46–47 sm olur. Erkək itlərin ideal çəkisi 16–20, dişi itlərin çəkisi isə 14–18 kq arasında dəyişir. Xiasi itləri sürətləri və dözümlülükləri ilə tanınır və kompakt quruluşa, çevik hərəkətlərə və partlayıcı gücə sahib olmalıdırlar. Bu itlər əla ovçudur, sahiblərinə sadiq və itaətkardırlar, yad insanlara qarşı dostyana davranırlar.


İstinadlar

Tarix : 5 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.