- Wikisun
Tropik fırtınada pələng və ya Təəccüblənmiş! — Anri Russo tərəfindən 1891-ci ildə çəkilmiş kətan üzərində yağlı boya əsəridir. Bu, rəssamın əsasən tanındığı cəngəllik mövzulu əsərlərinin ilk nümunəsi idi. Tabloda şimşəyin işığında görünən bir pələng, şiddətli fırtınanın ortasında ovunun üzərinə atılmağa hazırlaşarkən təsvir olunub. Russonun əsərinin Gözəl Sənətlər Akademiyasının münsiflər heyəti tərəfindən qəbul edilməsinə nail ola bilməməsindən sonra rəssam, 1891-ci ildə Təəccüblənmiş! adı ilə əsəri Müstəqil Rəssamlar Salonunda nümayiş etdirib. Bu sərginin münsiflər heyəti yox idi və bütün rəssamların iştirakı üçün açıq idi. Əsər tənqidçilər tərəfindən müxtəlif cür qarşılandı. Russo rəssamlığa gec başlamışdı. Onun məlum olan ilk əsəri — Dəyirmanlı mənzərə — yalnız 35 yaşında ikən çəkilmişdi. Onun yaradıcılığında texniki baxımdan mürəkkəbliyini gizlədən sadə və sadəlövh kompozisiya xüsusiyyətləri diqqəti cəlb edir. Tənqidçilərin əksəriyyəti Russonun əsərlərini uşaq işlərinə bənzədərək lağa qoyurdu. Lakin sonralar müasir ksiloqrafiyanın inkişafında mühüm rol oynayan gənc isveçrəli rəssam Feliks Vallotton bu əsər haqqında belə yazmışdı: Onun ovunu təəccübləndirən pələngi mütləq görülməlidir; bu, rəssamlığın başlanğıcı və sonudur və o qədər çaşdırıcıdır ki, belə yüksək peşəkarlıq və uşaq sadəlövhlüyü qarşısında insanın ən dərin kök salmış əqidələri belə sarsılır və şübhə altına düşür. Anrinin tablosundakı qorxmuş pələng Ejen Delakruanın rəsmlərində və tablolarında rast gəlinən bir motivdən götürülüb. Russo özü, dostları və pərəstişkarları tərəfindən rəssamın 1860-cı ildə Meksikada olarkən cəngəllik həyatı yaşadığı iddia edilirdi. Guya o, burada alay orkestrində musiqiçi kimi xidmət etmişdi. Əslində isə Russo heç vaxt Fransanı tərk etməyib. Onun ilham mənbəyi kimi Parisdəki botanika bağları, xüsusilə Bitkilər bağı — burada ekzotik heyvanların taxidermiya nümunələrinin saxlanıldığı zooloji qalereyalar da vardı —, eləcə də müxtəlif qravüralar və kitablar göstərilir. XIX əsrin sonlarında Fransada yaşayan insanlar ekzotik və təhlükəli mövzulara, o cümlədən uzaq ölkələrin heyvanları və xalqlarının vəhşiliyi haqqında təsəvvürlərə böyük maraq göstərirdilər. Pusquda olan pələnglər 1885-ci ildə Gözəl Sənətlər Məktəbində keçirilmiş sərgidə də, mövzu kimi təqdim edilmişdi. Emmanuel Fremyenin 1887-ci ildə çəkdiyi və qadını daşıyan qorillanı təsvir edən məşhur heykəlində, Russonun tablolarındakı hər şeydən daha güclü vəhşilik hissi olsa da, əsər sənət nümunəsi kimi qəbul edilmişdi. Buna görə Russonun əsərinin ilk vaxtlarda zəif qarşılanmasının səbəbinin, mövzusundan daha çox onun üslubu olduğu düşünülür. Pələngin ovunun bir hissəsi kətanın hüdudlarından kənarda qaldığından, nəticənin necə olacağını təsəvvür etmək tamaşaçının ixtiyarına buraxılıb. Bununla belə, Russonun əsərə verdiyi ilk ad — Təəccüblənmiş! — pələngin üstün vəziyyətdə olduğunu göstərir. Russo sonralar pələngin bir qrup səyyahın üzərinə atılmağa hazırlaşdığını bildirib. Russonun cəngəllik mövzulu əsərləri ilk baxışda, sadə görünsə də, əslində çox diqqətlə, bir-birinin üzərinə çəkilmiş çoxsaylı boya qatları vasitəsilə işlənib. Rəssam cəngəlliyin sıx və zəngin bitki örtüyünü göstərmək üçün yaşıl rəngin çoxsaylı çalarlarından istifadə edib. O, həmçinin şiddətli yağışı təsvir etmək üçün özünəməxsus üsul hazırlayıb: kətan üzərində diaqonal istiqamətdə uzanan gümüşü boya telləri vasitəsilə, yağışın axmasını göstərib. Bu texnika Vilyam Buqronun rəsmlərindəki atlasa bənzər səth effektlərindən ilhamlanmışdı. Tropik fırtınada pələng Russoya ilk dəfə tanınma qazandırsa da, rəssam əsəri hər il Müstəqil Rəssamlar Salonunda nümayiş etdirməyə davam edib. Buna baxmayaraq, o, yeddi il ərzində cəngəllik mövzusuna qayıtmayıb. 1898-ci ildə Salonda nümayiş etdirilən Həyat uğrunda mübarizə (hazırda itmişdir) əsəri ilə bu mövzuya qayıdıb. Bu sərgidən sonra onun əsərlərinə münasibət demək olar ki, dəyişməmişdi. Tənqidçilərdən biri yazmışdı ki, Russo öz təsəvvürlərini hələ də gerçəkliyə uyğun gəlməyən cəngəlliklərdə kətana köçürür və heyvanların taxta oyuncaq ustasının əlindən qaçmış kimi görünən qanlı döyüşlərini təsvir edir. Növbəti cəngəllik tablosunun yaranmasına daha beş il lazım oldu. Bu əsər 1904-cü ildə çəkilmiş Pələngin hücumuna məruz qalan kəşfiyyatçılar idi. Pələng onun ən azı 3 əsərində də görünür: insanların ovçu kimi təsvir edildiyi Pələng ovu (təxminən 1895), Pələngin hücum etdiyi camışlı cəngəllik (1908) və Pələng ilə camışın döyüşü (1908). Russonun yaradıcılığı 1910-cu ildə ölümündən əvvəl və sonra da tənqidçilər tərəfindən məsxərəyə qoyulurdu. Buna baxmayaraq, o, müasirləri arasında pərəstişkarlar qazanmışdı. Pablo Pikasso, Anri Matiss və Anri de Tuluz-Lotrek onun yaradıcılığını yüksək qiymətləndirirdilər. Təxminən 1908-ci ildə sənət taciri Ambroaz Vollar Təəccüblənmiş! əsərini və Russonun digər iki əsərini aldı. Russo bu əsərlər üçün nəhayət aldığı 190 frankdan xeyli yüksək qiymət tələb etmişdi. Əsər daha sonra London Milli Qalereyası tərəfindən 1972-ci ildə amerikalı milyarder və xeyriyyəçi Uolter Annenberqin maliyyə töhfəsi ilə satın alındı. İstinadlar ↑ Morris & Green, s. 49–60. ↑ Morris & Green, s. 143. ↑ 1 2 Morris & Green, s. 142. Ədəbiyyat "Henri Rousseau: Jungles in Paris". National Gallery of Art, Washington D.C. 2006. İstifadə tarixi: 1 may 2007. "Surprised!". National Gallery. İstifadə tarixi: 13 iyul 2026. Morris, Frances və Christopher Green (red.). (2006 ). Henri Rousseau: Jungles in Paris. Nyu-York: Abrams. ISBN 0-8109-5699-3 Stephen Farthing, redaktor1001 Paintings You Must See Before You Die. London: Quintet Publishing Ltd. 2006. ISBN 1-84403-563-8. Smith, Roberta. "Henri Rousseau: In imaginary jungles, a terrible beauty lurks". The New York Times. 2006. İstifadə tarixi: 7 avqust 2010.
https://az.wikipedia.org/wiki/Tropik_f%C4%B1rt%C4%B1nada_p%C9%99l%C9%99ng
http://www.nga.gov/exhibitions/2006/rousseau/index.shtm
https://www.nationalgallery.org.uk/paintings/henri-rousseau-surprised
https://archive.org/details/1001paintingsyou0000unse
https://www.nytimes.com/2006/07/14/arts/design/14rous.html?_r=1&oref=slogin&pagewanted=print
Tarix : 9 sentyabr 2026