- Wikisun
Tombili (türkcə kök mənasını verən ləqəb) doğum yeri və tarixi məlum olmayan, 1 avqust 2016-cı ildə vəfat etmiş küçə pişiyi idi. O, səkidə uzanmış vəziyyətdə göründüyü fotoşəkillə beynəlxalq səviyyədə tanınmışdı. İstanbul şəhəri onun ölümündən sonra xatirəsini əbədiləşdirmək üçün Tombilinin heykəlini ucaltdı. Həyatı Tombili İstanbulun Kadıköy rayonundakı Ziverbey ərazisində yaşayan küçə pişiyi idi. Media məlumatlarında Tombilinin erkək olduğu bildirilsə də, onun cinsiyyəti ilə bağlı fərqli fikirlər də mövcuddur. Tombili məhəllə sakinləri arasında mehribanlığı və pilləkənlərə söykənərək uzanması ilə məşhur idi. Onun bu vəziyyətdə çəkilmiş fotoşəkli sosial şəbəkələrdə yayıldıqdan sonra pişik bütün dünyada tanındı və internet fenomeninə çevrildi. Tombili Kadıköy rayonunda xüsusi məşhurluq qazandı. 2016-cı ildə Tombiliyə böyrək çatışmazlığı diaqnozu qoyuldu və o, avqustun əvvəlində vəfat etdi. Abidəsi Tombilinin ölümündən sonra onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə başladılan petisiyaya 17 000 nəfər imza atdı. Kadıköy bələdiyyəsinin meri Aykurt Nuhoğlu da onun xatirəsini rəsmi şəkildə yad etməyə razılıq verdi. Yerli heykəltəraş Seval Şahin Tombilinin məşhurlaşmasına səbəb olan uzanmış vəziyyətini əks etdirən heykəl hazırladı. Heykəl 4 oktyabr 2016-cı ildə, Ümumdünya Heyvanlar Günü münasibətilə açıldı. Tədbirə yüzlərlə insan qatıldı. Kadıköy bələdiyyəsinin sədr müavini Başar Necipoğlu da mərasimdə çıxış etdi və tədbir Türkiyə televiziyasında yayımlandı. Heykəlin oğurlanması və qaytarılması Təxminən bir ay sonra Tombilinin heykəli yoxa çıxdı. Sosial şəbəkələrdə yayılan fotoşəkildə heykəlin yerində olmadığı, yalnız onun bürünc lövhəsinin qaldığı görünürdü. Kadıköy bələdiyyəsi 8 noyabr 2016-cı ildə heykəlin oğurlandığını açıqladı. Hadisə həm Türkiyədə, həm də digər ölkələrdə böyük narazılığa və narahatlığa səbəb oldu. Türkiyə parlamentinin üzvü Tuncay Özkan hadisə ilə bağlı açıqlamasında Tombilinin heykəlinin oğurlanmasını sərt şəkildə pislədi. Lakin 10 noyabr 2016-cı ildə heykəl salamat vəziyyətdə geri qaytarıldı. İstinadlar Xarici keçidlər BoRa KiLiC Travel In Turkey – In Memory Of Istanbul's Phenomenal Cat — YouTube
https://az.wikipedia.org/wiki/Tombili
https://www.independent.co.uk/news/world/middle-east/tombili-istanbul-cat-and-worldwide-meme-honoured-with-statue-a7344671.html
https://www.hurriyetdailynews.com/istanbuls-phenomenal-cat-tombili-dies--102691
https://web.archive.org/web/20221204120621/https://www.hurriyetdailynews.com/istanbuls-phenomenal-cat-tombili-dies--102691
https://www.huffpost.com/entry/tombili-cat-statue-istanbul_n_57f3cc84e4b0d0e1a9a9d362
https://www.boredpanda.com/laid-back-cat-statue-tombili-istanbul/
http://www.miamiherald.com/news/nation-world/world/article106394842.html
Tarix : 4 sentyabr 2026