- Wikisun
Sumatra oranqutanı (Pongo abelii) - Oranqutanların üç növündən biri. Nəsli tükənməkdə olan növlər sırasına daxil edilib. Ancaq İndoneziyanın Sumatra adasının şimalında yaşayır. O, Borneo oranqutanından az, Sumatrada tapılan yeni müəyyən edilmiş Tapanuli oranqutanından isə çox yayılmışdır. Onun adı, malay dilindən "orang" (insan) və "hutan" (meşə) birləşməsindən götürülüb, "meşə adamı" kimi tərcümə olunur. Təsviri Erkək Sumatra oranqutanları təxminən 1.7 metr hündürlüyündə və 90 kq ağırlığında ola bilir. Dişilər isə daha kiçikdir, orta hesabla 90 santimetr uzunluğu və 45 kq ağırlığı olur. Sumatra oranqutanları digər növlərə nisbətən daha arıq olur. Uzun üzü və açıq qırmızı rəngdə tükləri olur. Davranış və ekosistem Sumatran oranqutanları daha çox meyvə yeyən növ hesab olunsa da, həşəratlar və heyvan mənşəli qidalar da qida rasionuna daxildir. Onun sevimli meyvələri arasında xurma və "jak" var. Həmçinin quş yumurtaları və kiçik onurğalıları yedikləri müşahidə olunur. Sumatra oranqutanları bəzən ağacların qabığını da yeyirlər. "Suaq Balimbing" bataqlığında yaşayan Sumatra oranqutanlarının alət istifadə etdiyi müşahidə edilmişdir. Bir oranqutan təxminən 30 santimetr uzunluğunda bir ağac budağını qırır və ucunu dişləri ilə çatladır. Oranqutan bu çubuğu termitləri toplamaq üçün ağacın içinə daxil edir. Onlar həmçinin çubuğu arı yuvasına salıb hərəkət etdirərək bala batırırlar. Əlavə olaraq, oranqutanlar meyvə yemək üçün alətlərdən istifadə edirlər. "Neesia" ağacının meyvəsi yetişdikdə, onun sərt qabığı yumşalır və açılır. İçində orangutanların yeyə biləcəyi toxumlar var, amma bu toxumlar tikanlı olduğu üçün onları yemək elə də asan olmur. Oranqutanlar bu tikanları təmizləmək üçün sərt ağac budaqlarından istifadə edirlər. Alətlər müxtəlif istifadə məqsədləri üçün fərqli şəkildə yaradılır. Çubuqlar, həşəratlar və ya meyvələr üçün istifadə ediləcəyinə görə, daha uzun seçilir. Əgər bir alət xüsusilə faydalı olarsa, oranqutan onu atmayıb saxlayır. Zaman keçdikcə xeyli alət toplayan oranqutanların sözün əsl mənasında "alətlər qutusu" formalaşır. Ağac budaqları Sumatra oranqutanı üçün, həm də nəqliyyat vasitəsidir. Oranqutanlar ağaclar üzərində hərəkət edən ən ağır məməlilərdir. Budaqların onların ağırlığına tab gətirməsi üçün oranqutanlar xüsusi texnikalardan istifadə edirlər. Oranqutanlar şaquli yerimə texnikasından istifadə edərək, ağacları geri və irəli yelləyir, ağırlıqlarını tənzimləməyi bacarırlar. 2017-ci ildə aparılan sayıma görə Sumatra oranqutanının təxminən 13,846 ədəd qalması müəyyən olunmuşdur. "Dünya Vəhşi Təbiət Fondu", bu növü qorumaq üçün onları təhlükəsiz bir mühitdə çoxaltmaq məqsədilə tədbirlər həyata keçirir. Lakin bu, Sumatra oranqutanının təbii davranışları üçün risk yaradır. Qapalı mühitdə olan oranqutanlar "Qapalı Effekt" riski ilə qarşılaşırlar: Uzun müddət qapalı mühitdə olan heyvanlar təbiətdə necə davranmağı unudur. Onlar su, qida və sığınacaqla təmin edildikdə və təbiətdə yaşamaqla əlaqəli bütün çətinliklərdən məhrum olduqdan sonra vəhşi təbiətə buraxıldıqda mühitə uyğunlaşmaqda çətinlik çəkirlər. Jestlər Oranqutanların istifadə etdiyi 64 müxtəlif jest müəyyən edilmişdir, bunlardan 29-u digər oranqutanlar tərəfindən əksər hallarda başa düşülür. Altı məqsədli jest müəyyən edilmişdir: "Dostlaşma və oyun", "Hərəkətə son vermək", "Obyekti görmək və götürmək", "Yemək və ya obyekti bölüşdürmək", "Birlikdə hərəkət etmək və uzaqlaşmaq". Sumatra oranqutanları səsdən istifadə etmir, bu da onları təhlükə siqnalları kimi səslərdən məhrum edir. Yalnız jestlərə əsaslanan ünsiyyət qururlar. Həyat dövrləri Sumatra oranqutanı beş həyat mərhələsindən keçir və bunlar fərqli fiziki və davranış xüsusiyyətləri ilə xarakterizə olunur. Birinci mərhələ körpəlikdir, bu dövr doğumdan təxminən 2.5 yaşa qədər davam edir. Oranqutanın bu dövrdə çəkisi 2 ilə 6 kiloqram arasında olur. Növbəti mərhələ "uşaqlıq"dır və bu dövr 2.5 ilə 5 yaş arasında olur. Oranqutanın çəkisi 6 ilə 15 kq arasında olur və o, xasiyyətcə körpədən ciddi şəkildə fərqlənmir. Hələ də əsasən anası tərəfindən daşınır, lakin bəzən anasının gözü qarşısında kiçik araşdırma səfərləri edir. Bu mərhələnin sonunda oranqutan artıq anasının yuvasında yatmayaraq yaxınlıqdakı öz yuvasını qurur. 5 ilə 8 yaş arasında oranqutan "gənclik" mərhələsində olur. Çəkisi təxminən 15–30 kiloqram olur. Üzündəki işıqlı ləkələr itməyə başlayır və nəticədə üz tamamilə tündləşir. Bu müddət ərzində oranqutanlar hələ də anaları ilə daimi əlaqədə olurlar, lakin onlar artıq yoldaşları ilə daha güclü əlaqə qurur və qruplarda oynayırlar. Onlar hələ də gəncdirlər və tanımadıqları böyüklərlə, xüsusilə erkəklərlə ehtiyatla davranırlar. 8 yaşında olan dişi oranqutanlar tam inkişaf edir və öz balalarını dünyaya gətirməyə başlayırlar. Erkəklər isə "yarı yetkinlik" mərhələsinə girirlər. Bu mərhələ 8-dən 13-15 yaşa qədər davam edir və oranqutanın çəkisi 30 ilə 50 kiloqram arasında olur. Onların üzü tamamilə tündləşir və yan tərəfdən çıxan yanaq şişlikləri inkişaf etməyə başlayır. Saçları uzanır, üzün ətrafındakı tük qısalır. Erkək oranqutanlar artıq yalnız böyük erkəklərlə qarşılaşaraq yoldaşlıq etməyə başlayırlar. Erkək oranqutanlar 13 yaşından başlayaraq tam yetkin olurlar.
https://en.wikipedia.org/wiki/Sumatran_orangutan
https://www.worldwildlife.org/species/sumatran-orangutan
https://www.britannica.com/animal/Sumatran-orangutan
https://animaldiversity.org/accounts/Pongo_abelii/
https://denverzoo.org/animals/sumatran-orangutan/
https://evrimagaci.org/orangutan-pongo-11305?srsltid=AfmBOoqIDcW6D6vNvdovIEgp7fUHcNYVJxF-ibZ0TQVR0-TKr4DA8_9D
Tarix : 19 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.