- Wikisun
Siqtuna[a] — İsveçin Stokholm qraflığında, Siqtuna bələdiyyəsinin qərb hissəsində yerləşən şəhərdir. 2020-ci ildə şəhərin əhalisi 9.689 nəfər olmuşdur. Bələdiyyənin inzibati mərkəzi isə şərqdə yerləşən Mersta şəhəridir. Tarixi səbəblərə görə Siqtuna hələ də tez-tez isveçcə stad — «şəhər» adlandırılır. Siqtuna Skarven körfəzinin sahilində, Upplands-Bro bələdiyyəsinin yaxınlığında və Malar gölünün bir hissəsində yerləşir. Müasir Siqtuna təxminən 980-ci ildə salınmış liman şəhəridir və Qədim Siqtunadan təxminən 4 km şərqdə inkişaf etmişdir. Qədim Siqtuna qədim skandinav dininə görə geniş hörmət edilən tanrı Odinin məskəni hesab olunurdu. Etimologiya Ad şimalda yerləşən yüksək ərazi və Signhildsberq ilə sıx bağlıdır. Bu, ikinci hissəsi yaşayış məntəqəsi mənasını verən tuna sözündən yaranmış mürəkkəb addır. İlk hissənin isə hazırda nadir işlənən, yaxın dialekt sözlərindən biri olduğu düşünülür: sig «sızan su» və ya «bataqlıq», sik isə «bataqlıq» mənasını verə bilər. Bu izahın əsası kimi Signhildsberqin cənubundakı çay və ya mülkün bataqlıq ərazi ilə əhatə olunması göstərilir. Digər nəzəriyyəyə görə, ad qədim nüfuzlu «köçəri toponim» ola bilər və kelt toponimi Segodunum kimi «güclü qala» mənasını verə bilər. Bu nəzəriyyə adı proto-german dilindəki *siga-tūna, qədim skandinav dilindəki Sigtún və proto-german dilindəki *segaz ~ *sigiz — «qələbə» sözləri ilə əlaqələndirir. Müqayisə üçün qot dilində sigis, qədim skandinav dilində sigr, qədim ingilis dilində sigor, qədim friz dilində sige, sīge və qədim yüksək alman dilində sigi, sigu sözləri göstərilir. Tarix Siqtuna 1.000 ildən bir qədər əvvəl, o zaman Malar gölünün sahilində yerləşən ərazidə salınmışdır. Şəhər adını bir neçə kilometr qərbdə yerləşən qədim kral mülkündən götürmüşdür. Müxtəlif mənbələr şəhərin banisi kimi kral Erik Segersälli, digərləri isə kral II Olafı göstərir. Siqtuna təxminən 250 il ərzində kral və ticarət mərkəzi kimi fəaliyyət göstərmiş və İsveçin ən mühüm şəhərlərindən biri olmuşdur. X əsrin sonu və XI əsrin əvvəllərindəki qısa müddət ərzində İsveçin ilk sikkələri burada zərb edilmişdir. XIII əsrdə Dominikan ordeni tərəfindən monastır kilsəsi kimi inşa edilən Siqtuna Müqəddəs Məryəm kilsəsi bu günə qədər böyük ölçüdə qorunub saxlanılmışdır. Dominikan monastırı İsveçin orta əsrlərində mühüm rol oynamış və çoxsaylı mühüm din xadimləri, o cümlədən bir çox İsveç arxiyepiskopu yetişdirmişdir. Şəhərdə bir sıra kilsə və monastır xarabalıqları da qorunub saxlanılmışdır. Bunlara XII əsrə aid Müqəddəs Per kilsəsinin xarabalıqları (S:t Pers kyrkoruin), XI əsrin ortalarına aid Müqəddəs Olaf kilsəsinin xarabalıqları (S:t Olofs kyrkoruin) və XIII əsrin ortalarına aid Müqəddəs Lars kilsəsinin xarabalıqları (S:t Lars kyrkoruin) daxildir. 1187-ci ildə Siqtuna hücuma məruz qalmış və talan edilmişdir. Basqının Baltik dənizinin o tayından gələn quldurlar tərəfindən həyata keçirildiyi güman edilir. Onların Kurşiyadan və ya Saaremaa adasından olan estonlar (Oeselilər) və ya Kareliyalılar və novqorodlular olduğu ehtimal edilir. Arxeoloji qazıntılar şəhərin dağıdılması ilə bağlı bu ənənələri təsdiqləməmişdir. XIII əsrdə buzlaqsonrası qalxmanın yaratdığı gəmiçilik problemləri səbəbindən şəhər tədricən əhəmiyyətini itirənədək Siqnutada normal həyat davam etmişdir. Hazırkı gerb 1311-ci ilə aid şəhərin məlum olan ilk möhürünə gedib çıxır. Bir əfsanəyə görə, Siqtuna vaxtilə kral iqamətgahı olmuşdur, lakin bunu təsdiqləyən dəlil yoxdur. Tac şəhərdə yerləşən böyük kral zərbxanasını da simvolizə edə bilər. 1971-ci ildən gerb daha böyük əraziyə malik Siqtuna bələdiyyəsi üçün istifadə olunur. XIX əsrin sonlarında Siqnutada cəmi 600 nəfərə yaxın əhali yaşayırdı və şəhər İsveçin ən kiçik şəhəri idi. Şəhər XX əsrin ikinci yarısına qədər əhəmiyyətsiz olaraq qalmışdır. Əhalinin artımının böyük hissəsi Siqnutadan 10 km məsafədə yerləşən Stokholm Arlanda hava limanı ilə əlaqədardır. Turist məkanları Siqnutanın restoran, kafe və kiçik mağazaların yerləşdiyi orta əsr üslublu şəhər mərkəzi var. Qədim kilsə xarabalıqları, vikinq run daşları və qədim əsas küçə (Stora qatan) turistlər, xüsusilə də yay aylarında şəhərə gələnlər arasında məşhurdur. Alçaq taxta evlərin yerləşdiyi kiçik küçələr bir sıra sənətkarlıq mağazalarına və qədim kiçik bələdiyyə binasına (Siqtuna Radhus) aparır. Şəhər mərkəzində restoranlar və Malar gölünə baxan Siqtuna Stadshotell oteli yerləşir. Qalereya Siqtuna təxminən 1700-cü ildə. Suecia antiqua et hodierna əsərindən qravüra Müqəddəs Məryəm kilsəsi (Mariakyrkan) — İsveçdə kərpic qotika memarlığının gözəl nümunəsi Siqnutanın qədim bələdiyyə binası, qışın əvvəllərində Müqəddəs Olaf kilsəsinin xarabalıqları (S:t Olofs kyrkoruin) Siqtuna keşiş evi və Müqəddəs Per kilsəsinin xarabalıqları (S:t Pers kyrkoruin) Müqəddəs Lars kilsəsinin xarabalıqları (S:t Lars kyrkoruin) Siqtuna Stadshotell, Malar gölünə baxan ənənəvi şəhər oteli Siqtuna muzeyi Sigtunaskolan Humanistiska Läroverket — internat məktəbi 1917-ci ildə yaradılmış özəl mədəniyyət fondu olan Sigtunastiftelsen Qardaş şəhərlər Siqtunanın qardaş şəhəri: Finlandiya Raisio, Finlandiya Qeydlər İstinadlar (isveç.) "Sigtuna" — Nordisk familjebok ensiklopediyasından Əlavə ədəbiyyat Tesch, Sten; Jacques Vincent (2003) Vyer från medeltidens Sigtuna (Siqtuna Muzeyi) ISBN 9789197112802 Hjorth, Agnete; Edéus, Anne-Marie (2006) Sigtunabilder : hus och människor i gamla Sigtuna (Svartsjö: Förlag Agnete Hjorth) ISBN 9177988639 Xarici keçidlər Vikisəyahətdə Siqtuna haqqında səyahət məlumatları var. Siqtuna bələdiyyəsinin rəsmi saytı Siqtuna muzeyinin saytı Arxivləşdirilib 2020-02-08 at the Wayback Machine
https://az.wikipedia.org/wiki/Siqtuna
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Siqtuna¶ms=59_41_0_N_17_46_0_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=59.68333,17.76667&q=59.68333,17.76667&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=17.76667,59.68333&pt=17.76667,59.68333&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=59.68333&mlon=17.76667&zoom=12
https://runeberg.org/ortnamn/0025.html
https://web.archive.org/web/20181219043925/http://samla.raa.se/xmlui/bitstream/handle/raa/3025/2002_161.pdf?sequence=1&isAllowed=y
Tarix : 6 oktyabr 2026