• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
sapsali-it-cinsi

Sapsali (it cinsi)

Sapsali (Sapsari və ya Sapsalqae) - Pis ruhları dəf etdiyi deyilən, bol tüklü, Cənubi Koreyaya aid it cinsi. Koreya dilində bəzən Sapsare də adlandırılır. Bu cins 1992-ci ildə Cənubi Koreyanın təbii sərvətlərindən biri olaraq mühafizə statusu almış və Koreyanın mədəni irsinin bir hissəsi kimi qorunması üçün maliyyə vəsaiti ayrılmışdır. Cins Koreya Kennel Federasiyası tərəfindən rəsmi olaraq tanınır. Təsvir Erkək Sapsalinin boyu 51 sm, dişinin boyu isə 49 sm-dir və bədəni onları soyuqdan qoruyan uzun, qalın xəzlə örtülmüşdür. Erkəklərin çəkisi 18-28, dişilərin isə 16-25 kq arasında olur. Sapsalinin qara, qızılı, narıncı, qəhvəyi, boz, mavi, ağ rəngləri mövcuddur. Qulaqları sallanmış, burnu nisbətən kütdür və Jindo iti kimi sivri deyil. Quyruğu yuxarıda dayanır və başı böyük olduğu üçün şirə bənzəyir. Temperament Sapsalilər zərif və qayğıkeş təbiətləri ilə tanınır. Lakin onlar yad insanlara qarşı narahat ola bilər və aqressiv reaksiya göstərə bilərlər. Ancaq bu cins sahiblərinin yad insanla rahat olduğunu hiss edərsə, adətən həmin şəxsi də qəbul edirlər. Bundan əlavə, sapsalilər sahiblərinə son dərəcə sadiq və vəfalıdır və bəzən qoruyucu davrana bilirlər. Dostcanlı itlər olsalar da, onların güclü və gur səsi bu cinslə tanış olmayan insanları qorxuda bilər. Bu itlər, adətən uşaqları çox sevirlər və əla ailə iti ola bilirlər. Lakin davranış problemlərini və aqressiyanı önləmək üçün erkən sosiallaşma vacibdir. Bundan əlavə, sapsalilər digər itləri də öz evlərində qəbul edirlər. Qidalanma Sapsalilər həmişə yüksək keyfiyyətli quru it yeməyi ilə qidalanmalıdırlar. İdeal olaraq, bu yemək bulyon, su və ya konservləşdirilmiş yeməklə qarışdırılmalıdır. Bundan əlavə, bu itlər bişmiş yumurta, kəsmik, tərəvəz və meyvə yeyə bilərlər. Lakin bu qidalar onların rasionunun cəmi 10%-ni təşkil etməlidir. Sapsali balaları yüksək keyfiyyətli, tanınmış brendə məxsus bala it yeməyi ilə qidalanmalıdır. Onları insan yeməyi ilə qidalandırmaq düzgün deyil, çünki bu, diş və sümük problemlərinə, mineral və vitamin balanssızlığına səbəb ola bilər. Tarix "Joseon" sülaləsinin son dövrlərində Kim Doo Ryang tərəfindən çəkilmiş qısa tüklü Sapsali təsvirləri 1743-cü ilə aiddir. Cinsin adı Sapsalgae "pis ruhları və bədbəxtliyi qovan it" mənasını verir və mahnı sözlərində, xalq nağıllarında və rəsmlərdə tez-tez rast gəlinir. Onlar fövqəltəbii keyfiyyətlərinə görə "Ruh Ovçuları" və ya "Günəş İtləri" adlandırılır, böyük pəncələri və tüklü kürklərinə görə isə "Şir İtlər" ləqəbi ilə tanınırlar. Sapsali itlərinin tarixi eramızın 220–280-ci illərinə, Üç Krallıq dövrünə aiddir. Onlar əsasən Silla dövründə aristokratların yoldaşı kimi yetişdirilirdi, lakin Vahid Sillanın süqutundan sonra adi insanların həyatına daxil oldular. Cənubi Koreyanın cənub-şərqində yerləşən 300 illik daş abidədə sadiq Sapsali itin sahibi olan aristokratı yanğından xilas etməsi ilə bağlı bir əfsanə təsvir olunur. Hazırda bu cinsin sayı minlərlədir və mülayim xasiyyəti, sadiqliyi və mehribanlığı səbəbindən ev heyvanı və terapiya iti kimi geniş istifadə olunur. Sapsali 2011-ci ildə Daequ şəhərində keçirilən IAAF Dünya Çempionatında maskot seçilmişdir.


İstinadlar

Tarix : 5 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.