- Wikisun
RESO (Fransızca: "réseau"-"şəbəkə") - Monrealın mərkəzində yerləşən, müxtəlif ticarət mərkəzlərini, ofis binalarını, yaşayış komplekslərini, universitetləri, konqres mərkəzlərini və mədəniyyət müəssisələrini birləşdirən böyük bir yeraltı şəbəkə. (Underground City). RESO, həmçinin Monrealın yeraltı metro sistemi ilə tam inteqrasiya olunmuşdur və şəhərdən şəhərə, mərkəzdən kənara doğru genişlənən bir çox yeraltı tunelləri və keçidlər özündə birləşdirir. Tarixi RESO-nun yaranması, urbanist Vinsent Ponte tərəfindən ortaya atılan bir ideyadan başlayıb. Monreal şəhərində qışın çox sərt keçməsi insanların yaşayışını çətinləşdirirdi. Bu layihə ilə insanların soyuq aylarda RESO vasitəsilə asanlıqla hərərək etməsi təmin olunacaqdı. "Place Ville Marie" (1962) ofis binası və yeraltı alış-veriş mərkəzinin inşası bu layihənin başlanğıcı oldu. Sözü gedən bina Nyu Yorkda yerləşən "Rockfeller Center" binasının formasından ilhamlanaraq tikilmişdir. Bu bina, soyuqda qorunmaq, dəmir yolu xətlərinin üzərini örtmək və şəhərin mərkəzindəki ticarət zonalarını inkişaf etdirmək məqsədilə inşa edildi. 1966-cı ildə Monreal Metro xəttinin istifadəyə verilməsi ilə bu yeraltı şəhər layihəsi daha da genişləndi. Metro stansiyalar arasında qurulan tunellər Monrealın əsas mərkəzi ərazilərini birləşdirərək, bu yeraltı şəbəkənin əsasında dayanan infrastrukturu təşkil etdi. Bu layihə zamanla daha da böyüyərək, Monrealdakı müxtəlif ofislər, ticarət mərkəzləri, yaşayış kompleksləri və mədəniyyət müəssisələrini birləşdirən bir şəbəkə halına gəldi. Xüsusiyyətləri RESO, təxminən 32 km uzunluğunda olan yeraltı tunellərdən təşkil olunub və 12 kvadrat kilometrlik geniş bir ərazini əhatə edir. Bu şəbəkə, Monrealın ən sıx əhalisi olan mərkəzi hissəsini əhatə edir və gündəlik 500,000-dən çox insan tərəfindən istifadə olunur. Şəbəkənin əsas hissəsi "Peel", "Place-des-Arts", "Lucien-L'Allier" və "Place-d'Armes" kimi Metro stansiyaları ətrafında yerləşir. RESO-nun ümumilikdə 200 girişi mövcuddur. RESO-da, "McGill" Universiteti, "Concordia" Universiteti, "Université de Montréal" və "Université du Québec à Montréal" kimi böyük təhsil müəssisələri yerləşir. Bununla yanaşı, "Montreal Sənət Muzeyi", "Bell Mərkəzi", "Place des Arts", "Palais des Congrès" (Konqres Mərkəzi) və "Olympic Center" kimi mədəniyyət və idman obyektləri də bu şəbəkəyə daxil edilir. Bu şəbəkəyə 1,200 ofis sahəsi, 2,000 mağaza, 1,600 yaşayış sahəsi, 200 restoran, 40 bank, 7 böyük otel, 40 kinoteatr, 3 sərgi zalı ("Place Bonaventure", "Konqres Mərkəzi" və "Olimpik Mərkəz") daxildir. Şəbəkənin həmçinin Monrealın yeraltı metro sistemi ilə tam inteqrasiya edilməsi sakinləri və turistləri sərfəli və rahat bir nəqliyyat sistemi ilə təmin edir. Təhlükəsizliyi 2007-ci ildə "McGill" stansiyası ilə "The Bay" mağazası arasındakı yeraltı tuneldə ciddi problem meydana gəldi. Beton plitənin qırılması və tunelin zədələnməsi səbəbindən şəbəkə qısa müddətə bağlandı və təcili təmir işləri aparıldı. Bu hadisə, şəbəkənin struktural cəhətdən nə qədər önəmli olduğunu və vaxt keçdikcə lazımi yoxlamaların aparılmasının vacibliyini göstərdi. İqtisadi və turistik təsiri RESO yalnız Monrealın gündəlik həyatı üçün vacib bir nəqliyyat şəbəkəsi olmaqla yanaşı, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Şəhərin ticarət və xidmət sektorları bu yeraltı şəbəkə vasitəsilə daha geniş kütlələrə xidmət edir. Həmçinin, Monrealdakı sərt qış şəraiti səbəbindən RESO, həm sakinlər, həm də turistlər üçün çox vacib bir həyat sahəsi olaraq çıxış edir. Turistlər, yeraltı şəbəkəni kəşf etmək və şəhəri dondurucu havasından qorunaraq gəzmək üçün xüsusilə bu şəbəkəni seçirlər.
https://en.wikipedia.org/wiki/Underground_City,_Montreal
https://repository.avermaete.ethz.ch/commons_register/underground-city-montreal/
https://tr.absolutviajes.com/Kanada/montreal-yeralt%C4%B1-%C5%9Fehri/
http://montrealundergroundcity.com/
https://www.konutayonverenler.com/gundem/yer-alti-sehirlerinin-gizemleri-h2084.html
https://www.mtl.org/en/experience/guide-underground-city-shopping
https://www.tomorrow.city/montreal-underground-city/
Tarix : 19 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.