- Wikisun
Racapalayam tazısı - Hindistanın cənubuna aid it cinsi. Həmçinin Poliqar tazısı və ya Hind Qəbiristanlıq tazısı kimi tanınır. Bu cins, Tamilnad ştatında yerləşən Racapalayam şəhərinin adını daşıyır. Tarix 18-ci əsrdə Hindistanda təxminən 50 fərqli it növü tanınırdı. Onlardan biri də Racapalayam Tazısı idi. Tarixi mənbələrə görə, bu cins ilk dəfə Tamilnadın əsas kral ailəsi olan Nayak sülaləsi dövründə yetişdirilmişdir. Bu itlər yalnız əla gözətçi deyil, həm də son dərəcə sadiq və gözəl görünüşlüdür. Qədim zamanlarda kəndlilər tərəfindən kənd təsərrüfatı məhsullarını, mal-qaranı və əkinləri qorumaq üçün istifadə edilirdi. Bu gün isə Hindistanın ən məşhur it növlərindən birinə çevrilib. 1799-1805-ci illər arasında "Poligar" müharibələri zamanı bu itlər kral düşərgələrində istifadə edilmiş və döyüşlərdə atları dişləyib öldürməklə mühüm rol oynamışdır. Tarixdə qeyd olunur ki, Tipu Sultan bu itlərin böyük bir kolleksiyasını yığmışdır. Bu gün Hindistan ordusu bu itlərin böyük bacarığını qiymətləndirərək onlara təlim keçirir. Görünüş İri bir it növüdür. Hündürlüyü 65-75 sm, çəkisi isə 30-45 kq arasında dəyişir. Əsasən Tamilnadın mərkəzində tapılan bu cins, ovçu və mülk qoruyucusu kimi yetişdirilmişdir. Racapalayam tazısı iki cəhətdən unikaldır. Birincisi, o, ov zamanı qurbanı özü tuta bilir. İkincisi isə ov zamanı həm iti görməsindən, həm də qoxu ilə iz tapmasından istifadə edir. Bu itlər ov zamanı amansız təqibçilər olurlar və mürəkkəb relyef və ya su kütlələrindən qorxmurlar. Ovunu tapdıqdan sonra onu yaralayır və ya küncə sıxışdıraraq sahibinə təhvil verir. Bu it tək, cüt, dəstə halında və ya sahibi ilə birlikdə ov edə bilir. Əzələli və ağır sümüklüdür, lakin dərin sinə və sürətli bədən quruluşuna malikdir. Üz quruluşu Caravan tazısından fərqlənir, daha böyük başı və güclü çənələri var. Bir qədər qıvrılmış quyruğa sahibdirlər. Son dərəcə zərif və cəlbedici görünüşə malikdir. Yerişi safqan atın yerişinə bənzəyir. Əsas rəngi ağdır, lakin açıq qəhvəyi ləkələr tez-tez rast gəlinir. Burun rəngi çəhrayıdır. Gözlərin rəngi qızılı, qəhvəyi və ya yaşıl ola bilər. Ağ və ya mavi gözlü doğulan balalar adətən kar olur və çoxaldılmamalıdır. Tük örtüyü tək qatlı, qısa və incədir. Bu itlər çox soyuq iqlimdə yaxşı uyğunlaşmır, lakin Cənubi Hindistanın isti iqlimində və tropiklərdə əla fəaliyyət göstərirlər. Qulluq Qotur xəstəliyindən əziyyət çəksə də, bu nadir hallarda ciddi olur, çünki qotur gənələr səbəbindən yaranır və əsasən gənələrin qarşısını almaqla problem həll olunur. Bu cins az qulluq tələb edir. Karnatik müharibələri və Poligar müharibələri zamanı Britaniya süvarilərinə qarşı istifadə edilmiş bu itlər sürətli qaçış itləri deyillər, lakin uzun məsafələrdə yorulmaz və davamlıdırlar. Hindistan ordusunun Kəşmirdə onları gözətçi iti kimi istifadə etdiyi bildirilir. Qorunması Saf Racapalayam tazısı əvvəllər yalnız Tamilnadınn cənubundakı təcrid olunmuş bölgələrdə tapılırdı. 1980-81-ci illərdə Çennaidə bir it yetişdirmə mərkəzi quruldu. Bu mərkəz əsasən Racapalayam tazısı, Kombai İti, Kanni və Çippiparai kimi yerli növləri yetişdirir. Yerli it növlərinin yetişdirilməsini təşviq etmək üçün "Tamilnad Hökumətinin Heyvandarlıq Departamenti" it sərgilərində iştirak edir. Yerli sakinlər korperativ qurmuş və maraqlı ailələrə dişi itlər və genişmiqyaslı çoxaltma üçün lazım olan bilik verilir. "Hindistan Kennel Klubu" Racapalayam Tazısının qorunması üçün "Racapalayamı Xilas Et" layihəsini başlatmışdır. Bu təşəbbüslər növün nəslinin kəsilməsinin qarşısını almaqda müvəffəq olub.
https://en.wikipedia.org/wiki/Rajapalayam_dog
https://wagwalking.com/breed/rajapalayam
https://www.dogbreedinfo.com/r/rajapalayam.htm
https://indihopshop.com/blogs/blogs/everything-you-need-to-know-about-rajapalayam-dog?srsltid=AfmBOoob6dEsehF7dygTNSfAth1hjy0UTqXXWeEEf955TbEwXsMdoc2u
https://steemit.com/hive-181205/@nobbogutu/rajapalayam-dog-breed
https://discover.hubpages.com/animals/Rajapalayam-Dog-Breed-Information-Facts-and-Characteristics
https://rajapalayamdog.in/
https://www.petpaw.com.au/breeds/rajapalayam/
https://www.milouchouchou.com/en/little-known-dog-breeds/rare-breeds/rajapalayam
Tarix : 12 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.