• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
3
9
9
qaradimdik-asma-tutuqususu

Qaradimdik asma tutuquşusu

Qaradimdik asma tutuquşusu (lat. Loriculus bonapartei) — Filippinin Sulu arxipelaqına məxsus asma tutuquşusu növü. Əvvəllər Filippin asma tutuquşusu ilə eyni növ hesab olunurdu. Təsvir və taksonomiya Bu növün uzunluğu 14 sm-dir. Qaradimdik asma tutuquşusunun başının ön tərəfi qırmızı, başın arxa hissəsi isə narıncı və sarı rəngdədir. Quyruğu üstdən yaşıl, altdan mavi rəngdədir. Lələklərinin çoxu parlaq yaşıl, dimdiyi qara, gözləri isə qəhvəyi rəngdədir. Əvvəllər Filippin asma tutuquşusu ilə eyni növ hesab edilsə də, sonradan qara və ya tünd qırmızı dimdiyi və daha solğun boz ayaqları ilə fərqləndiyinə görə ayrı növ kimi təsnif edilmişdir. Bu növ monotipikdir və yarımnövləri yoxdur. Qidası haqqında dəqiq məlumat azdır, lakin ehtimal olunur ki, Filippin asma tutuquşu kimi çiçək, banan və əncir ilə qidalanır. Davranış və ekologiya Bu növün davranış və ekologiyasının Filippin asma tutuquşusuna bənzədiyi güman edilir. Adətən tək-tək və ya cütlük halında, nadir hallarda isə kiçik qruplarda rast gəlinir. Əsasən meşələrin yuxarı və orta qatlarında qida axtarırlar. Qidası nektar, çiçəklər və əncir kimi yumşaq meyvələrdən ibarətdir. Filippin asma tutuquşusu mövsümi çoxalma xüsusiyyətinə malikdir, yuva qurma dövrü martdan maya qədər davam edir. Əksər tutuquşular kimi o da ağac oyuqlarında yuva qurur. Lakin bu növ, yuva materialını yuva yerinə daşımaq üçün dişi fərdlərin lələkləri arasına material sıxışdırdığı bir neçə tutuquşu növündən biridir. Qapalı şəraitdə yumurta sayı 3 olur və yumurtalar 20 gün müddətində inkubasiya olunur. Balalar yumurtadan çıxdıqdan təxminən 35 gün sonra uçmağa başlayır. Yumurtaların ölçüsü təxminən 18.7 x 16.4 mm-dir. Yaşayış yeri və qorunma statusu Bu növ tropik rütubətli düzənlik meşələrində, meşə kənarlarında, kolluqlarda, kokos plantasiyalarında və bambuk dəstələrində yaşayır. "Beynəlxalq Təbiəti Qoruma Birliyi" (IUCN) hələ bu quşu qiymətləndirməsə də, Jolo və Sanga-Sanga adaları demək olar ki, tamamilə meşəsizləşdirilib, Tavi-Tavidə qalan meşələr isə palma yağı və rezin plantasiyalarına çevrilib. Filippin asma tutuquşusu kimi, bu növ də qanunsuz vəhşi təbiət ticarəti üçün tez-tez tutulur və Zamboanga City kimi yaşayış arealından kənarda qaçqınlar qeydə alınıb.


İstinadlar

Tarix : 10 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.