- Wikisun
Qara Rus Teryeri - Rusiyaya aid it cinsi. "Beynəlxalq Kinologiya Federasiyası" FCI (sentyabr 1983) və "American Kennel Club" (iyul 2004) başda olmaqla bir çox kinoloji təşkilatlar tərəfindən tanınan cinsdir. Adına baxmayaraq, Qara rus teryeri əsl teryer deyil. Onun inkişafında "Airedale Terrier", "Nəhəng Şnauzer", "Rottweiler", "Nyufaundlend", "Qafqaz Çoban iti" və digər təxminən 17 cinsdən istifadə edildiyi hesab edilir. Cinsin yaranmasında "Cənubi Rus Çoban iti" də yer almışdır. Tarix Qara rus teryerləri, ənənəvi olaraq müxtəlif vəzifələr üçün istifadə edilmişdir. Əvvəlcə 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində hərbi və ya işçi it kimi istifadə olunmaq üçün "Qırmızı Ulduz" it sığınacağında yetişdirilmişdir. Görünüşünə görə deyil, işləmə qabiliyyətinə görə yetişdirilmişdir. İlk nümunələr yalnız quruluşu və kürk tipinə görə bugünkü qara rus teryerinə bənzəyirdi. Onlar yalnız 1957-ci ilə qədər Moskvada dövlətə məxsus Qırmızı Ulduz it sığınacağında yetişdirilib, bəzi balalar isə mülki it yetişdirənlərə satılıb. Vaxt keçdikcə cins SSRİ-nin Sankt-Peterburq, Sibir, Ukrayna kimi digər bölgələrinə, daha sonra Finlandiyaya və digər Avropa ölkələrinə yayılmışdır. 1955-ci ildə cinsin ilk işçi nümunələri Moskvada keçirilən sərgidə nümayiş etdirilmişdir. Sonradan, 1983-cü ildə "Beynəlxalq Kinologiya Federasiyası" tərəfindən qəbul edilmişdir. Xüsusiyyətləri Erkək itlərinin boyu 72-76, dişi itlərinin boyu isə 68-72 sm olur. Erkəklər 50-60, dişilər isə 45-50 kq çəkidə olur. İtlər klubunda nümayiş etdirilən itlər bir qədər hündür ola bilər. Qeyd olunan göstəricilərdən aşağı və yuxarı olan itlər qüsurlu hesab olunur. Kürkü ikiqatdır. Daha yumşaq alt kürkünün üzərində sərt və sıx xarici qoruyucu tüklər mövcuddur. Kürkü heç vaxt yumşaq, yunlu, ipək və ya qıvrım olmur. Tüklərinin uzunluğu 5 ilə 15 sm arasında olmalıdır. Tükləri az tökülür, rəngi qara və ya qara-boz qarışığı səpələnmiş tüklərdən ibarət olur. Qara rus teryeri işləyən bir it kimi yetişdirildiyi üçün çox güclü "iş etikası"na malikdir və xoşbəxt olmaq üçün bir işə ehtiyacı var. Erkən təlim mütləqdir və onlar möhkəm, ardıcıl məşqlərə həssasdırlar. İtaət yarışlarında yüksək nəticə göstərirlər. Onlar çeviklik və "Schutzhund" təlimi kimi digər it idmanlarında da yaxşı nəticələr əldə edir. 2024-cü ildə Böyük Britaniyada aparılan bir araşdırma, bu cinsin orta ömür uzunluğunun 10,9 il olduğunu qeyd edir. Xəstəliklər "Hipertrofik osteodistrofiya" (HOD): Xüsusilə, ağır və sürətlə böyüyən balalarda qidalanmaya əsaslanan inkişaf xəstəliyi. "Panosteit" (pano və ya axsaqlıq): Xüsusilə, ağır və sürətlə böyüyən balalarda qidalanmaya əsaslanan inkişaf xəstəliyi. Ürək xəstəlikləri: Ən çox rast gəlinən ürək problemləri arasında "aorta stenozu" və "kardiomiopatiya" vardır. Göz xəstəlikləri: Ən çox rast gəlinən göz problemləri arasında "ektropion", "entropion" və "konjonktivit" yer alır. Allergiyalar: Ən çox yayılanı qida allergiyasıdır.
https://en.wikipedia.org/wiki/Black_Russian_Terrier
https://a-z-animals.com/animals/black-russian-terrier/
https://www.akc.org/dog-breeds/black-russian-terrier/
https://www.thekennelclub.org.uk/search/breeds-a-to-z/breeds/working/russian-black-terrier/
https://dogtime.com/dog-breeds/black-russian-terrier
https://www.thesprucepets.com/black-russian-terrier-dog-breed-profile-4782569
https://wagwalking.com/breed/black-russian-terrier
https://guardianbearskennel.com/characteristics-black-russian-terrier
https://www.articlesfactory.com/articles/animals-and-pets/black-russian-terrier.html
https://www.dogster.com/dog-breeds/black-russian-terrier
Tarix : 29 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.