• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
papilio-xuthus-kepeneyi

Papilio xuthus kəpənəyi

Papilio xuthus kəpənəyi – Asiya qıvrıqqanadı, Çin sarı qıvrıqqanadı, Yaponiya qıvrıqqanadı, Koreya qıvrıqqanadı və ya Xuthus qıvrıqqanadı adlanan, şimal-şərqi Asiyada, Myanmanın şimalında, Çinin cənubunda, Tayvanda, Koreya yarımadasında, Yaponiyada (Hokkaydo adasından Yaeyama adalarına qədər), Sibirdə və Havay adalarında rast gəlinən sarı rəngli, orta və iri ölçülü kəpənək növü. Bu kəpənək Yeni Zelandiyada üç dəfə müşahidə olunmuşdur. İlk dəfə 1996-cı ildə Dunedində, Yaponiyadan gətirilmiş avtomobillər üzrə ixtisaslaşan bir avtomobil qarajında xrizalisdən çıxmışdır; ehtimal olunur ki, xrizalis həmin avtomobillərdən birinin içərisində Yeni Zelandiyaya gəlib. Daha sonra 2011 və 2016-cı illərdə Oklend şəhərində də müşahidə olunmuşdur. Bu növ 2014-cü ildə Hindistanın Arunachal Pradeş ştatında da qeydə alınmışdır. Bu növ həyatında bir neçə dəfə cütləşir ki, bu da nəsillərində genetik müxtəlifliyin artmasına səbəb olur. Papilio xuthus müxtəlif yırtıcıların hücumuna məruz qalır. Bu yırtıcılara Oecanthus longicauda ağac cırcırı, Lasius niger qarışqası, Polistes və Trogus mactator cinsinə aid yabanı arılar daxildir. Bu kəpənək bitkiləri axtararkən rəng görmə qabiliyyətindən və rəng sabitliyindən istifadə edir. Xüsusilə Rutaceae (sitrus) fəsiləsinə aid bitkilərlə qidalanır. Bu növ geniş yayılmışdır və hər hansı təhlükə altında deyil. Papilio xuthus şəhər və qəsəbələrdə, meşəlik ərazilərdə və portağal bağlarında rast gəlinən ümumi bir növdür. Uçuş dövrü maydan avqusta qədər davam edir. Taksonomiya Papilio xuthus, Papilio cinsinə, Papilionidae fəsiləsinə və Lepidoptera dəstəsinə aiddir. Bu növ ilk dəfə 1971-ci ildə Yaponiyadan və ya Quam adasından Havay adalarına gətirilmişdir. Papilio xuthus hər mövsümdə 200 km-dən çox məsafəyə köç edir. Bu növün üç yarımnövü mövcuddur: - Papilio xuthus xuthus - Papilio xuthus koxinga - Papilio xuthus neoxuthus Təsvir Asiya qıvrıqqanadı orta ölçülü, sarı rəngli və quyruqlu bir kəpənəkdir. Onun qanadlarının açılımı 90-110 mm arasındadır. Ümumi rəng naxışı sarı fon üzərində qara zolaqlardan ibarətdir. Bu növdə qanad rəngi cinsi dimorfizmlə fərqlənir – dişi fərdlərdə arxa qanadların kənarında daha geniş qara zolaqlar olur. Arxa qanaddakı qara zolaqları mavi-iridensent və narıncı pulcuqlar ayırır. Ön qanadlarda isə müxtəlif qalınlıqda olan qara zolaqlar uzanır.


İstinadlar

Tarix : 3 mart 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.