- Wikisun
Oddaⓘ — Norveçin Vestland əyalətində yerləşən Ullensvanq bələdiyyəsinin inzibati mərkəzi və Hardanger bölgəsinin ən böyük şəhəridir. Şəhər Sörfyordenin cənub ucunda, cənubda yerləşən Sandvinvatnet gölü ilə uca dağlar arasındakı dar vadidə yerləşir. Böyük Folqefonna buzlağı şəhərin qərbində, yüksək dağların arasında yerləşir. Odda 2004-cü ildə şəhər statusu alıb. 3,02 km² əraziyə malik şəhərin 2025-ci ildə əhalisi 4.750 nəfər, əhalinin sıxlığı isə 1.573 nəfər/km² olub. Şəhərin tərkibinə mərkəzin şimal-qərbində yerləşən Eytrem ərazisi də daxildir. Odda kilsəsi şəhərin mərkəzində yerləşir. Norveç Milli avtomobil yolu 13 şəhərdən keçən əsas yoldur. Tarixi Oddada əsrlər boyu yaşayış məskəni olub. Lakin XIX əsrdə Odda əhəmiyyətli turizm məkanına çevrildi və 1913–2020-ci illərdə mövcud olmuş Odda bələdiyyəsinin mərkəzi idi. 1830-cu illərdə buraya gələn ilk ingilis səyyahlardan, Almaniya imperatoru II Vilhelmə qədər müxtəlif turistlər Oddanı ziyarət edirdilər. II Vilhelm 1891–1914-cü illər arasında hər il Oddaya gəlirdi. Bu, şəhərdə bir neçə otelin tikilməsinə səbəb oldu. Odda ətrafındakı əsas turizm məkanlarına Buarbreen buzlağı, yaxınlıqdakı Folqefonna buzlağı və "Hardanqervidda" yaylası daxildir. Müasir Odda XX əsrin ortalarında əsas Hardanqerfyordenin qolu olan Sörfyordenin başında tikilmiş metallurgiya zavodlarının ətrafında inkişaf etmiş şəhərdir. Zavodlar Norveçin müxtəlif yerlərindən gələn miqrantları şəhərə cəlb edirdi. Yaxınlıqdakı Tissedalda hidroelektrik stansiyanın tikilməsindən sonra, 1908-ci ildə karbid və daha sonra sianamid istehsalına başlanıldı. Elektrik stansiyası elektrik qövs sobaları üçün lazım olan elektrik enerjisini təmin edirdi. Zavod o dövrdə dünyanın ən böyük zavodu idi və 2003-cü ilə qədər fəaliyyət göstərdi. Həmin il zavod bağlanaraq Philipp Brothers Chemicals Inc. şirkətinə satıldı. Norveç hökuməti bu ərazinin digər sənaye obyektləri ilə birlikdə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsinə çalışdı. 2010-cu ildə hazırlanmış beynəlxalq hesabatda Odda metallurgiya zavodunun Norveçin hidroenerji mənbələrindən və qabaqcıl kimya sənayesindən istifadəsində mühüm əhəmiyyət daşıdığı, burada erkən kimyəvi istehsal prosesinin fiziki qalıqlarının beynəlxalq miqyasda nadir şəkildə qorunduğu qeyd olunurdu. 1 yanvar 2020-ci ildə Odda şəhərinin daxil olduğu Odda bələdiyyəsi yeni yaradılmış Ullensvanq bələdiyyəsi ilə birləşdirildi. Səhiyyə Odda xəstəxanası, Hardanger bölgəsinin sakinlərinə Fonna xəstəxana trestinin tərkibində səhiyyə xidmətləri göstərir. Xəstəxana ərazisində təcili yardım məntəqəsi, Folgefonn DPS Odda və bələdiyyə xəstəxanası da yerləşir. Əhali yerli səhiyyə məntəqələrində də tibbi xidmət ala bilər. Dialekt Odda şəhəri XX əsrin əvvəllərində metallurgiya zavodunun ətrafında inkişaf etdi və Norveçin müxtəlif bölgələrindən gələn miqrantları cəlb etdi. Nəticədə miqrantların gəldikləri bölgələrdə danışılan dialektlərin qarışığından yeni dialekt yarandı. Dilçilər bu hadisəni "koiné dili" adlandırırlar. Odda və qonşu Tissedal kəndi bu hadisəni araşdıran dilçilər üçün dəyərli material verdi. Tədqiqatçı Pol Kersvill bu iki yaşayış məntəqəsində danışılan norveç dilini ətraflı şəkildə araşdıraraq onların sakinlərinin müxtəlif coğrafi mənşələrini müqayisə edib. Oddadakı işçilərin əsas hissəsi (86%) Qərbi Norveçdən gəlmişdi. Tissedalda isə işçilərin yalnız təxminən üçdə biri Qərbi Norveçdən, digər üçdə biri Şərqi Norveçdən, qalanları isə ölkənin digər bölgələrindən gəlmişdi. Bu iki yaşayış məntəqəsində formalaşan dialektlər bir-birindən ciddi şəkildə fərqlənirdi, baxmayaraq ki, onların arasında coğrafi məsafə az idi. Media qalereyası Cənuba doğru havadan görünüş. Şəklin aşağı hissəsində fyord, sonra şəhər, yuxarı hissəsində isə Sandvinvatnet gölü yerləşir. Şəhəri qarla örtülmüş dağlar əhatə edir. Şəhərin 2004-cü ilin fevralında görünüşü Odda metallurgiya zavodunun görünüşü Şəhərin 1950-ci illərdə görünüşü Limanın görünüşü, təxminən 1895-ci il Oddadakı stav kilsəsinin təqlidi Həmçinin bax Norveç şəhərləri Esheym Honninqsvöq Holmestrand Kolverayd Kragerö Lanqesun Larvik Leknes Leyrvik Okrehamn Ondalsnes Vinstra Yerpelan İstinadlar
https://az.wikipedia.org/wiki/Odda
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Odda¶ms=60_4_8.00_N_6_32_44.02_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=60.0688889,6.5455611&q=60.0688889,6.5455611&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=6.5455611,60.0688889&pt=6.5455611,60.0688889&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=60.0688889&mlon=6.5455611&zoom=12
https://stadnamn.kartverket.no/fakta/126074
https://www.ssb.no/en/befolkning/folketall/statistikk/tettsteders-befolkning-og-areal
Tarix : 30 sentyabr 2026