- Wikisun
Müdriklərin pərəstişi — Böyük Piter Breygelin 1564-cü ildə çəkdiyi, Müqəddəs üç müdrikin İsa Məsihə pərəstişini təsvir edən yağlı boya tablosudur. Əsər Londondakı Milli Qalereyada saxlanılır. Bu rəsm Böyük Piter Breygelin şaquli formatda çəkdiyi azsaylı əsərlərdən biridir. Rəssamın əsərlərinin böyük hissəsi isə üfüqi formatda hazırlanmışdır. Breygelin «Müdriklərin pərəstişi» mövzusunda daha iki əsəri günümüzə gəlib çatmışdır. Bunlardan daha erkəni təxminən 1556-cı ilə aid edilən, tempera ilə kətan üzərində çəkilmiş Müdriklərin pərəstişi əsəridir; əsər Brüsseldəki Belçika Kral Təsviri Sənət Muzeylərində saxlanılır. Digəri isə 1563-cü ildə çəkilmiş, yağlı boya ilə panel üzərində hazırlanmış Qarlı mənzərədə müdriklərin pərəstişi əsəridir; bu əsər Oskar Reynhartın «Am Römerholz» kolleksiyasında, İsveçrənin Vintertur şəhərində yerləşir. Təsviri Breygelin yaradıcılığının xronoloji ardıcıllığında 1564-cü ildə çəkilmiş bu tablo mühüm dönüş nöqtəsi hesab olunur. Bu, rəssamın demək olar ki, tamamilə iri fiqurlardan ibarət kompozisiya qurduğu ilk əsəridir. Fiqurların belə qruplaşdırılması italyan manerist rəssamlarından, xüsusilə Parmicanino kimi sənətkarlardan götürülmüş bir yanaşmadır. Bu üsul Breygelə ayrı-ayrı insanların üz cizgiləri arasındakı fərqləri daha qabarıq göstərməyə imkan verir. Nəticədə hər bir üz özünəməxsus, bəzən isə qrotesk ifadə alır və əsər dövrün ənənəvi katolik dini təsvirlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Hər bir fiqurun özünəməxsusluğuna verilən bu önəm, eləcə də Breygelin italyan sənətinə xas ideal gözəlliyi təsvir etməkdə maraqlı olmaması göstərir ki, rəssam italyan kompozisiya sxemindən istifadə etsə də, ona tamamilə fərqli məqsədlə yanaşmışdır. Bu əsərdə rəssamın əsas məqsədi müqəddəs hadisə qarşısında insanların fərdi reaksiyalarının müxtəlifliyini və emosional intensivliyini göstərməkdir. Əsərdə üç müdrikin İsa Məsihə pərəstiş etməsi təsvir olunur. Onlar körpə İsaya hədiyyələr təqdim edirlər. Yaşlı Kaspar diz çöküb, orta yaşlı Melxior solda baş əyir, ağ libaslı Baltazar isə sağ tərəfdə dayanır. Üçü də zəngin geyinsə də, uzun səfərdən sonra bir qədər dağınıq vəziyyətdə təsvir olunublar. Kasparın libasının üzərindəki qızılı bəzəklərdə ulduz, Oxatan obrazında kentavr, əlində ilan tutan kişi və ilbiz təsvir edilmişdir. Bu simvolların hamısı orta əsrlərə aid təsvir ənənələri ilə əlaqələndirilir. Üç müdrik həm insanın üç yaş mərhələsini — qocalıq, orta yaş və gənclik dövrlərini, həm də həmin dövrdə məlum olan üç qitəni — Avropa, Asiya və Afrikanı təmsil edir. Avropanı təmsil edən ağsaçlı qoca Kaspar, yaşıl libas, üzərindən qızılı və erminlə işlənmiş çəhrayı üst geyimi geyinmişdir. O, üçyarpaqlı qapağı çıxarılmış və içərisində qızıl sikkələr görünən qızılı qab təqdim edir. Asiyanı təmsil edən orta yaşlı Melxior, mavi libasının üzərindən qırmızı üst geyimi geyinmişdir. Onun üzərində mürəkkəb naxışlarla işlənmiş qızılı qabın içində ətirli qatran — kündür yerləşir və qabın qapağı hələ açılmayıb. Ənənəvi olaraq Afrikanı təmsil edən qaradərili Baltazar sağ tərəfdə uzun ağ libas və ucu sivri qırmızı çəkmələrlə dayanır. Başına isə müvəqqəti hazırlanmış, şüaları xatırladan tac bağlanmışdır. Onun gətirdiyi mür uzun qızılı zəncirlə bəzədilmiş, spiral formalı yaşıl nautilus qabığının ətrafında qurulmuş, yelkənli gəmi formasında qızılı qabda saxlanılır. Kompozisiyanın mərkəzində körpə İsa çılpaq vəziyyətdə, ağ parçaya bükülmüş halda təsvir edilmişdir. O, anası Müqəddəs Məryəmin qucağında, onun dizləri üzərində uzanır. Məryəm özünəməxsus mavi örtüyə bürünüb və dağılmış vəziyyətdə olan tövlənin qarşısında oturub. Kölgədə isə bir eşşək saman yeyir. Məryəmin arxasında yaşlı Müqəddəs İosif dayanaraq sol tərəfində duran üç kişidən birinin danışdıqlarını dinləyir. Bu şəxslərin çobanlar olduğu ehtimal edilir. Onlardan İosiflə danışan kişinin üz cizgiləri və baş geyimi eşşəyi xatırladır. Ən sağdakı şəxs isə eynək taxıb. Əsərin diqqətçəkən xüsusiyyətlərindən biri də səhnədə çoxsaylı əsgərlərin yer almasıdır. Onların təsviri, ehtimal ki, həmin dövrdə Niderlandda hökm sürən siyasi vəziyyətə işarə edir. İosifin sağında iki təhdidedici görünüşlü əsgər dayanır. Onlardan dəbilqə taxmış biri lüsern çəkici daşıyır və dəri jiletin üzərindən zəncirli zireh geyinib. Digəri isə papağının içindən arbalet oxu keçirilmiş halda arbalet tutur. Onların arxasında metal dəbilqələr taxmış çoxsaylı tamaşaçılardan ibarət çaşqın izdiham görünür. Kütlənin arasında müxtəlif növ tiyəli uzun saplı silahlar da diqqəti cəlb edir. Əsgərlərin, xaç formasını xatırladan arbaletin və körpənin kəfənini xatırladan ağ parçanın təsviri, gələcəkdə baş verəcək Çarmıxa çəkilməyə işarə kimi şərh edilə bilər. Hadisə soyuq qış günündə baş verir. Bunu təsvir olunan insanların isti geyimlərindən, xüsusilə Məryəmin qollarındakı xəz astardan görmək mümkündür. Fiqurların bir çoxu bir qədər uzadılmış şəkildə təsvir olunub, onların üzləri isə karikaturavari, hətta qrotesk görünüş alıb. Bunun əksinə olaraq Məryəm daha təbii və ideallaşdırılmamış şəkildə göstərilib. Breygel bu mövzuya digər rəssamların Bibliyadakı hadisəni təsvir edərkən istifadə etdikləri yanaşmadan tamamilə fərqli münasibət göstərmişdir. Tablo fiqurların bir-birinə sıx şəkildə yerləşdirilməsi və tamaşaçının səhnəyə bir qədər yuxarıdan baxması səbəbindən boğucu, darısqal təəssürat yaradır. Rənglər olduqca parlaqdır, lakin mavi səma zaman keçdikcə solaraq tutqun boz rəng alıb. Texniki baxımdan əsər yüksək ustalıq nümayiş etdirir. Bununla belə, rəsm olduqca sürətlə çəkilmişdir. Buna görə də astarlama qatının fırça izləri bəzi yerlərdə boya təbəqəsinin altından görünür və ilkin cizgilər də nəzərə çarpır. Əsərin kompozisiyası əsasən təxminən 1485–1500-cü illərdə İeronim Bosx tərəfindən çəkilmiş Müdriklərin pərəstişi triptixindən ilhamlanıb. Bu əsər hazırda "Madriddəki Prado Muzeyində" saxlanılır. Kompozisiyanın bəzi hissələrində isə təxminən 1510–1515-ci illərdə Yan Qossaert tərəfindən çəkilmiş Müdriklərin pərəstişi əsərinin təsiri görünür. Qossaertin əsəri də Londondakı Milli Qalereyada saxlanılır. Oxşar fiqurlara Breygelin Qış mənzərəsində müdriklərin pərəstişi əsərində də rast gəlinir. Əsər palıd ağacından hazırlanmış panel üzərində çəkilib. Rəssam əsərin aşağı sağ hissəsində öz imzasını və tarixini — “BRVEGEL M.D.LXIIII” — qeyd edib. Tablo Brüssel şəhərində, İspan Niderlandında siyasi gərginliyin hökm sürdüyü və Səksənillik müharibənin başlamasından az əvvəlki dövrdə hazırlanıb. Əsərin, ehtimal ki, mehrab tablosu kimi sifariş edildiyi və bəlkə də Nikolas Yonqelink üçün nəzərdə tutulduğu düşünülür. 1594-cü ildə əsər Avstriya arxdukeşi Ernst tərəfindən satın alınaraq Habsburqların imperiya kolleksiyasına daxil edilmişdir. Daha sonra tablo şəxsi kolleksiyaçıya satılmış və 1920-ci ildə London Milli Qalereyası tərəfindən satın alınmışdır. Alışın maliyyələşdirilməsində Art Fund və gəmi brokeri Artur Serena iştirak etmişdir. Qalereya Breygelin Müdriklərin pərəstişi, tempera ilə kətan üzərində, təxminən 1556-cı il, Brüsseldəki Belçika Kral Təsviri Sənət Muzeyləri Breygelin Qarlı mənzərədə müdriklərin pərəstişi, yağlı boya ilə panel üzərində, 1563-cü il, Oskar Reynhartın «Am Römerholz» kolleksiyası, Vintertur Detallar qalereyası Aşağıda Breygelin əsərinin ayrı-ayrı detallarını göstərən təsvirlər təqdim olunur: Məryəm və körpə İsa Müqəddəs İosif və ona pıçıldayan fiqur Hədiyyəsi ilə Melxior İosifin yanındakı fiqurlar qrupu Həmçinin bax Qızıl buzova sitayiş Müqəddəs Georgi və əjdaha Vendramin ailəsinin portreti Madonna çəmənlikdə Müqəddəs Sebastianın şəhidliyi İstinadlar
https://az.wikipedia.org/wiki/M%C3%BCdrikl%C9%99rin_p%C9%99r%C9%99sti%C5%9Fi
https://rkd.nl/images/260968
https://archive.org/stream/expositiondesprimi00expo#page/133/mode/1up
https://az.wikipedia.org/wiki/M%C3%BCdrikl%C9%99rin_p%C9%99r%C9%99sti%C5%9Fi
Tarix : 9 sentyabr 2026