• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
misis-cippi

Misis Çippi

Misis Çippi (ing. Mrs Chippy) — ser Ernest Şekltonun 1914–1917-ci illərdə həyata keçirdiyi İmperial Trans-Antarktika ekspedisiyasında iştirak etmiş erkək gəmi pişiyi idi. Həyatı Zolaqlı Misis Çippini ekspedisiyanın Ueddell dənizi dəstəsinin istifadə etdiyi Endurance gəmisinə gəmi pişiyi kimi, gəminin dülgəri və baş gəmi ustası Harri «Çippi» Makniş aparmışdı. «Çippi» Böyük Britaniyada dülgər üçün işlədilən danışıq ifadəsi idi. Gəmiyə mindikdən sonra pişik Maknişin arxasınca daim getdiyi və ona həddindən artıq diqqət göstərən həyat yoldaşını xatırlatdığı üçün ona «Misis Çippi» adı verilmişdi. Gəmi Antarktidaya doğru yola düşdükdən təxminən bir ay sonra məlum oldu ki, adına baxmayaraq, Misis Çippi əslində erkək pişikdir. Lakin həmin vaxta qədər bu ad artıq onun üzərində qalmışdı. Ekspedisiya üzvləri onu «xarakterli» pişik kimi təsvir edirdilər. O, ən güclü dəniz şəraitində belə gəminin təxminən 2,5 santimetr enində olan məhəccəri boyunca rahatlıqla yeriyə bilməsi ilə heyətin heyranlığını qazanmışdı. Kapitan Frank Uorsli gündəliyində Misis Çippinin gəminin takelajına «yuxarı qalxan dənizçi kimi» dırmaşdığını yazmışdı. Yeni Zelandiya Antarktida Cəmiyyəti tərəfindən Karori qəbiristanlığında Harri Maknişin məzarına qoyulmuş Misis Çippinin bürünc heykəli Karori qəbiristanlığında Misis Çippinin heykəlinin yaxından görünüşü Misis Çippinin səyahəti hadisəsiz keçməyib. Anbar müdiri Tomas Orde-Lis 13 sentyabr 1914-cü il tarixli gündəliyində belə bir hadisəni qeyd edib: «Gecə qeyri-adi bir hadisə baş verdi. Zolaqlı pişik kayutadakı illüminatorlardan birindən dənizə düşdü. Növbədə olan zabit, leytenant Hubert Hadson, onun qışqırtısını eşidərək gəmini sürətlə döndərdi və pişiyi sudan çıxardı. O, suda on dəqiqə və ya daha çox qala bilərdi». Pişiyi gəminin bioloqu Robert Klark öz nümunə torlarından birinin köməyi ilə sudan çıxarıb. Endurance buzlaqlara ilişdikdən və nəticədə məhv olduqdan sonra Şekleton Misis Çippinin və gəmidə saxlanılan dörd xizək itinin yeni şəraitdə yaşaya bilməyəcəyinə qərar verdi. O, 29 oktyabr 1915-ci il tarixli gündəliyində yazırdı: Bu gün günortadan sonra Sallinin üç ən kiçik balası, Syunun Sirius adlı iti və dülgərin pişiyi Misis Çippi öldürülməlidir. Yeni şəraitdə zəif heyvanların saxlanmasını öz üzərimizə götürə bilməzdik. Maklin, Tom Kriyin və dülgər, dostlarının itkisini olduqca ağır qarşıladılar. Makniş Misis Çippiyə çox bağlı idi və onun öldürülməsini heç vaxt Şekletona bağışlamadı. İrsi Makniş 1930-cu ilin sentyabrında Yeni Zelandiyanın Vellinqton şəhərində yoxsulluq içində vəfat edib. O, Karori qəbiristanlığında hərbi dəniz qüvvələrinin tam fəxri mərasimi ilə adsız məzarda dəfn olunub. Yeni Zelandiya Antarktida Cəmiyyəti 1959-cu ildə onun məzarına başdaşı qoyub. 2004-cü ildə isə dülgər və onun çox sevdiyi pişiyinin xatirəsinə, ictimai ianələr hesabına Misis Çippinin real ölçüsündə bürünc heykəli hazırlanaraq məzara əlavə edilib. 2011-ci ilin fevralında Misis Çippi və ekspedisiya üzvü Pers Blekborou tərəfindən təsvir olunan poçt markası Cənubi Georgiya və Cənubi Sendviç adaları tərəfindən buraxılıb. Mədəniyyətdə Yazıçı Karolin Aleksanderin Mrs. Chippy's Last Expedition: The Remarkable Journal of Shackleton's Polar-Bound Cat adlı romanı 1997-ci ildə Bloomsbury nəşriyyatı tərəfindən nəşr olunub. Əsərdə Şekletonun İmperial Trans-Antarktika ekspedisiyası 15 yanvar 1914-cü ildən 29 oktyabr 1915-ci ilədək olan dövrü əhatə edən və Misis Çippinin dilindən yazılmış gündəlik formasında təsvir edilir. Kitabın son qeydi gəmi məhv edildikdən sonra,buzlaqlar üzərində düşərgə salmış ekspedisiya heyətinə Şekletonun verdiyi göstərişi təsvir edir. Ekspedisiyanın sağ qalmasını təmin etmək üçün onun əmri belə idi: «Öz yükünü çəkə bilməyən və ya ekspedisiya üçün faydalı olmayan hər şey aradan götürülməlidir». Əsər Misis Çippinin Şekletonun əmrinin nəticələrindən xəbərsiz şəkildə çadırda dincəlməsi, keçmiş macəralarını xatırlaması və ona bir kasa sardina verildikdən sonra ekspedisiyanın qalan hissəsində də kömək etməyi gözləməsi ilə kədərli şəkildə başa çatır. Misis Çippi 2002-ci ildə Kennet Brananın baş rolda çəkildiyi Channel 4 kanalının Shackleton mini-serialında da təsvir olunub. Ekran əsərinin titrlərində pişiyi «Mak» adlı pişiyin canlandırdığı göstərilir. Vulf Hovardın Mrs Chippy adlı əsərində pişik «güllələnmək üzrə» təsvir edilir. Arxa planda buzların arasında qalmış Endurance gəmisi, onun heyəti isə xilasetmə məqsədilə kiçik açıq qayığı suya endirərkən göstərilir. Əsər 2004-cü ildə Liverpul Biennalesi çərçivəsində Walker Art Gallerydə keçirilən The Stuckists Punk Victorian sərgisində nümayiş etdirilib. Keyt Atkinsonun Case Histories (2004) romanında Endurance gəmisində Şekletonun pişiyinin şərəfinə Misis Çippi adlandırılmış bir pişik obrazı yer alır. İbtidai məktəb şagirdləri üçün nəzərdə tutulmuş Shackleton's Cat operası 2015-ci ildə English Touring Opera tərəfindən sifariş edilib. Operanın müəllifi Rassel Heplvaytdır. Syuzan Brokker və Raymond Makqratın Mrs Chippy the Cat adlı şəkilli kitabı 2021-ci ildə Scholastic New Zealand tərəfindən nəşr olunub. Həmçinin bax Tombili Nora (pişik) Stüvi (pişik) İstinadlar Xarici keçidlər Purr 'n' Fur: Şekletonun Endurance gəmisinin Misis Çippisi Lost and Fond: Misis Çippinin xatirəsinə The Great Cat: XX əsr tarixində pişiklər — Misis Çippi


İstinadlar

Tarix : 4 sentyabr 2026