- Wikisun
Maviqanadlı makav (Primolius maracana)-Cənubi Amerikanın mərkəzi və şərq hissələrində tapılan kiçik bir quş növü. Ümumi məlumat Bu quş əvvəllər "Propyrrhura" cinslərinə daxil edilmişdir. Maviqanadlı makavlarım 50-60 il yaşaya bildiyi məlumdur. Təsvir Bu növün ümumi uzunluğu təxminən 36-43 sm-dir. Orta ölçülü qara dimdiyi, uzun quyruğu və əsasən yaşıl lələkləri var. Uçuş lələkləri və əsas örtüklərin üst hissəsi mavi rəngdədir, bu da onun adını izah edir. Qanadların alt hissəsi sarımtıl, quyruq ucu, başın üstü və yanaqları mavi, quyruq əsası və kiçik qarın ləkəsi qırmızıdır. Gözün içi qəhvəyi rəngdədir. Bu və qırmızıqarın makav, üzlərindəki çılpaq dəri sarımtıl olan yeganə makav növləridir, lakin əsarətdə bu rəng tez-tez ağ rəngə çevrilir. Qırmızıqarın makavdan fərqli olaraq, maviqanadlı makavın alt qarın və bel hissəsi qırmızıdır. Vəhşi təbiətdə uçuşu "kəskin, dik hərəkət" kimi təsvir edilir. Yaşayış mühiti və qidalanma Maviqanadlı makav Braziliyanın şərq və cənub hissələrində (şimal-şərqdə qalmış populyasiya ilə), şərqi Paraqvayda və ən azı keçmişdə şimal-şərqi Argentina və Boliviyanın şərqində tapılır. Həmişəyaşıl və yarpağını tökən meşələrdə yaşayır, qalereya meşələrini üstün tutur. Əsasən "Cnidoscolus phyllacanthus", "Jatropha", "Guazuma ulmifolia" və qeyri-yerli "Melia azedarach" bitkilərinin toxumları ilə qidalanır. Lakin quşlar, həmçinin meyvə və qozlarla da, qidalanır. Çoxalma Maviqanadlı makavlar cinsi yetkinliyə doğulduqdan 2-4 il sonra çatır. Yetkin dişilər adətən iki yumurta qoyur və bu yumurtalar təxminən 29 gün ərzində çatlayır. Cavan maviqanadlı makavlar çatladıqdan təxminən 11 həftə sonra uçmağı öyrənir. Uçmağı öyrəndikdən sonra təxminən bir il valideynləri ilə qalır. Vəhşi təbiətdə çoxalması haqqında məlumat azdır, lakin şimal-şərqi Braziliyada çoxalma mövsümü dekabrdan fevrala qədər davam edir. Lakin 1990-cı ildə bir dişi maviqanadlı makav Spiks makavı ilə birlikdə tapılmışdır. Təhlükələr Bu quşlar əsasən meşələrin qırılmasından təsirlənir. Həmçinin qəfəs quşu ticarəti üçün tutulmuşdur. 1977-1979-cu illərdə 183 quş Paraqvaydan ABŞ-a gətirilmişdir. Növün cənub hissəsində populyasiya azalıb və Argentinanın Misiones əyalətində son zamanlarda heç bir qeyd yoxdur, burada fermerlər tərəfindən zərərverici hesab edilərək çoxlu sayda quş öldürülüb. Buna görə də əvvəllər "zəif" kimi qiymətləndirilmişdir. Braziliyadan gələn məlumatlar göstərir ki, növ geniş yayılmışdır və hətta Rio-de-Janeyronun cənubunda tarixi arealına yenidən qayıdıb. Bu səbəbdən növ "təhlükəyə yaxın" kimi yenidən qiymətləndirilmişdir.
https://en.wikipedia.org/wiki/Blue-winged_macaw
https://ebird.org/species/buwmac1
https://www.parrots.org/encyclopedia/blue-winged-macaw
https://datazone.birdlife.org/species/factsheet/blue-winged-macaw-primolius-maracana
https://birdsoftheworld.org/bow/species/buwmac1/cur/introduction
https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=A6B715E5A4F86B11
https://www.thesprucepets.com/illigers-macaws-390837
https://www.oiseaux-birds.com/card-blue-winged-macaw.html
https://www.parrots.org/gallery/blue-winged-macaw
https://www.zootierliste.de/en/?klasse=2&ordnung=244&familie=24406&art=2130717
Tarix : 15 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.