- Wikisun
Kral Eyder (lat. Somateria spectabilis) - Böyük bir dəniz ördəyidir və Şimal Yarımkürəsinin Arktika sahillərində, Şimali Avropa, Şimali Amerika və Asiyada yayılmışdır. Bu quşlar ilin böyük hissəsini yüksək enliklərdəki sahil-dəniz ekosistemlərində keçirir və cütləşmək üçün iyun və iyul aylarında Arktika tundrasına köç edirlər. Dişi yerdə olan yuvada, ot və tüklə örtülmüş bir çuxura 4–7 yumurta qoyur. Taksonomiya və etimologiya Kral Eyderini 1758-ci ildə ilk dəfə olaraq, "Systema Naturae" əsərinin 10-cu nəşrində Karl Linnes təsvir etmişdir və onu digər ördəklərlə birlikdə "Anas" cinsinə daxil etmişdir. 1819-cu ildə Vilyam Elford Linç, bu quşu və digər böyük Eyderləri "Somateria" cinsinə yerləşdirmiş və bu cins hələ də qalmaqdadır. Kral Eyderi, "Somateria" cinsinin digər üzvləri ilə çox yaxından əlaqəlidir və "Common Eyder" (Adi Eyder) ilə hibridləşməsi məlumdur. Bu cins geniş yayılmasına baxmayaraq, monotipikdir, yəni yalnız bir növü mövcuddur. "Somateria" cinsinin adı, yunan dilində "bədən" mənasını verən "sōma" və "yun" mənasını verən "erion" sözlərindən alınmışdır. Bu, Eyderin məşhur olaraq qalın, yumşaq tüklərinə işarə edir. "Spectabilis" növ adı latın dilində "göstərilməli", "diqqətəlayiq" və ya "görülməyə dəyər" mənasını verir, bu isə erkək quşun parlaq və gözəl bədən rənginə işarədir. "Kral Eyderi", "kral" adını, erkəyin dimdiyinin üstündəki narıncı, taç şəklindəki şişkinliyə görə almışdır. Erkəyin çoxrəngli tükləri də krallıq libasını xatırladır. Xüsusiyyətləri Kral Eyderi, 50–70 sm uzunluğa və 86–102 sm qanad eninə sahib böyük bir dəniz ördəyidir. Erkəklər, adətən, dişilərdən daha ağırdır, ortalama olaraq 1.668 kq çəkisində olurlar. Dişilər isə ortalama olaraq 1.567 kq çəkiyə sahibdirlər. Bir fərdin çəkisi mövsümdən mövsümə əhəmiyyətli dərəcədə dəyişə bilər, bu fərq 0.9 kq-dan 2.2 kq-a qədər ola bilər. Kral Eyderi, bütün Eyder cinsləri kimi cinsə görə dimorfikdir, yəni erkək nisbətən daha böyükdür və cütləşmə dövründə daha çox rəngli olur. Erkək quş, əsasən qara rəngdə bədənə, açıq sarımtıl-boz döşə və çoxrəngli başa malikdir. Baş, boyun və gicgahlar açıq mavi-yaşıl rəngdədir. Yanaqlar isə açıq yaşıl rəngdədir. Arxa tərəfdə bəzi örtük qanadları qatlanmış və "vurucu" xüsusiyyətinə malikdir. Dişi, qəhvəyi rəngdə olur. Baş və boyun qəhvəyinin daha açıq tonunda olur. Yuxarı hissələrində və yanlarında qara rəngli V şəkilli ləkələr vardır. Boyun və baş hissəsində isə ince qara zolaqlar mövcuddur. Dimdiyinin üzərində sarımtıl bir ləkə və gözü əhatə edən sarımtıl bir halqa vardır. Dimdiyi qara və ya boz rəngdə ola bilər, ayaqları və dabanları isə yaşıl-boz rəngdədir. Cavan quşlar boz-qəhvəyi rəngdədir. İlk payızlarında, gənc erkəklər tünd bir tük rənginə keçir, döş və kürək hissəsində ağ ləkələr ortaya çıxır. Tam yetkinləşməsi üç il çəkir. Yaşayış yeri və yayılma Kral Eyderi, Arktika boyunca, bütün Arktika regionunda yayılmışdır. O, Alaskanın, Kanadanın, Qrenlandiyanın, Svalbardın və Rusiyanın Arktika sahillərində cütləşir və müxtəlif tundra yaşayış sahələrində yaşayır. Qışlama dövründə, əsasən Berinq dənizində, Qrenlandiyanın qərb sahilində, Şərqi Kanadada və Şimali Norveçdə olurlar. Qışlayan quşlar, uyğun sahil su hövzələrində böyük sürülər əmələ gətirir, bəzən 100,000-dən çox quşu özündə cəmləşdirir. Bu hal, hər il Şimali Amerika və Kamçatka bölgələrində də müşahidə edilir. Davranış Kral Eyderinin yemlənmə strategiyaları mövsümdən asılı olaraq dəyişir. İlin çox hissəsində o, dənizdə olur və orada dənizin dibindəki orqanizmlərlə qidalanır. Onlar bu orqanizimləri əldə etmək üçün dənizin dibinə baş vurma bacarığına sahibdir. Cütləşmə dövründə isə daha çox göllər və gölməçələrdə yemlənir. dənizin əksinə olaraq, burada kiçik orqanizmləri suyun səthindən toplayırlar. Onlar molyusklar, xərçəngkimilər, kral xərçəngləri, dəniz kirpiləri, dəniz ulduzları və dəniz anemonları ilə qidalanır. Cütləşmə Dişi, adətən su yaxınlığında bir çuxur qazır və onu öz tükü və otlar ilə bəzəyir. O, 2-7 yumurta qoyur və yalnız özü bu yumurtaları 22-23 gün inkubasiya edir. Balalar, dişilər tərəfindən kollektiv şəkildə yetişdirilir. Səs Erkəyin mahnısı, titrəyən, göyərçin tərzində bir cəh-cəhdir və "croo-croo-croo" və ya "hoo-hoo-hooo" şəklində özünü göstərir. Dişi isə müxtəlif aşağı səslə qıp-qıp etmə, qırıq səs və ya iniltili səslər çıxardır. Ömrü İndiyə qədər qeydə alınmış ən yaşlı kral Eyderi, 18 il 11 ay yaşamış bir dişi idi. O, 1940-cı ildə Alayskanın Qambel bölgəsində yetkin yaşında halqa ilə işarələnmişdi və 1958-ci ildə "Utqiagvikdə" vurulmuşdur.Onun ölümünün təbii olmaması bu ördəklərin daha çox yaşaya bilmə ehtimalını gücləndirir. Qorunma və təhlükələr Kral Eyderinin böyük populyasiyası və geniş yayılması səbəbindən "Beynəlxalq Təbiəti Qoruma İttifaqı" (IUCN) tərəfindən "Ən az narahatlıqda olan növ" kimi qiymətləndirilmişdir. Yumurtalar və bala quşlar çox sayda yırtıcı ilə qarşılaşır (Arktika tülküsü,qağayı,qarğa və başqa). Bu hal onların azalmasına təsir etmir və əksinə onların sayını tənzimləyir. Kral Eyderi, ya da Yupik dilində "gengallek", baharda təzə ət qaynağı olaraq istifadə olunur. Onlar aprel ayının sonlarında "Yukon-Kuskokwim" deltası boyunca miqrasiya edərkək ovlanırlar.
https://en.wikipedia.org/wiki/King_eider
https://a-z-animals.com/animals/king-eider/
https://www.allaboutbirds.org/guide/King_Eider/id
https://ebird.org/species/kineid
https://animaldiversity.org/accounts/Somateria_spectabilis/
https://www.audubon.org/field-guide/bird/king-eider
https://oceanwide-expeditions.com/to-do/wildlife/king-eider
https://birdsoftheworld.org/bow/species/kineid/cur/introduction
https://www.inaturalist.org/taxa/7030-Somateria-spectabilis
https://oceana.org/marine-life/king-eider/
https://animalia.bio/king-eider
https://www.ducks.org/hunting/waterfowl-id/king-eider
Tarix : 28 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.