• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
kovari

Kovari

Kovari ("Dasyuroides byrnei") - Avstraliyanın mərkəzi hissəsindəki "gibber" çöllərində yaşayan kiçik, ət yeyən heyvan. Bu növ, "Dasyuroides" cinsinin tək nümayəndəsidir və özünəməxsus fiziki xüsusiyyətləri, yaşayış mühiti ilə seçilir. Taksonomiya Kovari ilk dəfə 1896-cı ildə Ser Valter Baldvin Spenser tərəfindən təsvir edilmişdir. Növ, "Charlotte Waters" ərazi yaxınlığında toplanan nümunələrə əsaslanaraq təsvir olunub və Patrik Maykl Barnenin ("Charlotte Waters Teleqraf Stansiyasının" teleqraf operatoru) şərəfinə adlandırılmışdır. Lakin, ehtimal olunur ki, bu nümunələri "Arrernte" xalqından bir şəxs toplayıb. Kovari, "Dasyuridae" ailəsinin üzvüdür və "Dasyuroides" cinsinin yeganə nümayəndəsidir. Əvvəllər, o, mulqara növləri ilə birlikdə "Dasycercus" cinsində yer alırdı, amma sonrakı genetik araşdırmalar kovariyə ayrı bir cins olaraq baxılmasına səbəb olmuşdur. Təsvir Kovari, ən yaxın qohumları olan mulqaralardan əsasən quyruğunun ucu ətrafında yerləşən qalın, fırçalı qara tüklərlə aydın şəkildə fərqlənir. Hər iki arxa ayağında dörd barmaq olması (digər "Dasyuridae" növlərində beş barmaq var) və quyruğunun dibinin heç vaxt şişkin olmaması ("brush-tailed" mulqarada quyruğun dibində şişkinlik müşahidə olunur) digər fərqli xüsusiyyətlər arasındadır. Erkək kovarilər dişilərdən bir qədər böykdür. Erkəklərin çəkisi 85–175, dişilərin çəkisi isə 70–140 qram arasındadır. Erkək kovarilərin baş-bədən uzunluğu 14–18, dişilərinki isə 13.5–16 sm olur. Hər iki cinsin quyruğu 11–16 sm uzunluğunda olur. Yayılma və yaşayış mühiti Kovari, Avstraliyanın mərkəzi hissəsindəki Eyre gölü hövzəsinin çöl sahələrində, xüsusən də Cənubi Avstraliyanın şimal-şərqindəki "Sturt Stony Desert" və "Kvinslend"-in cənub-qərbindəki "Channel Country" bölgələrində yayılmışdır. Lakin, onun yayılma sahəsi daralır və şimal ərazilərdə artıq nəsli tükənmişdir. Kovari, çöl sahələrindəki açıq "gibber" düzənliklərində, çay yataqları ilə qum təpələri arasında yaşayır. Bu növ, daha çox kiçik, 5 sm-dən balaca olan düz daşların olduğu və az kollu sahələri üstün tutur. Kovarilər, gündüzlər adətən yuvalarında qalır və yalnız nadir hallarda günəşlənə bilmək üçün yuva çıxışında dayanır. Onlar gecə aktivdirlər və qum təpələri ilə düzənliklər arasında ov edirlər. Qidalanma Kovari, "opportunistic"(Fürsətçi) və acgöz bir ovçudur. Onun əsas qidası uzun tüklü siçan (Rattus villosissimus), ev siçanı (Mus musculus), geckolar (Kərtənkələ növü), həşəratlar və digər buğumayaqlılar və çoxayaqlılardır. Kovarilər, öz ölçüsünə bərabər və ya daha kiçik olan heyvanları, hətta quşları belə ovlamağa cəhd edirlər. Onlar, qurbanlarını əsasən başından dişləyərək öldürürlər, amma həmişə başdan dişləmirlər. Nəsil vermə Kovarilər 10–11 aylıqlarında cinsi yetkinliyə çatırlar və həyatlarının ilk ilində nəsil verməyə başlayırlar. Nəsil vermə mövsümü may-dekabr ayları arasındadır və hər dişi kovari 6-dan çox balaca doğa bilər. Hamiləlik müddəti 35 gün çəkir, bundan sonra balalar möhkəm şəkildə dişilərinin süd vəzisinə yapışır və 56 gün boyunca orada qalırlar. Balaların gözləri 74-cü gündə açılır, 86-cı gündə oynamağa başlayır və 95-ci gündə möhkəm qidaya keçirlər. Balalar, süd içməyi tərgitdikdən sonra müstəqil yaşamağa başlayırlar. Vəhşi təbiətdə kovarilərin orta ömrü bir ildən bir qədər çoxdur, amma bəziləri təbiətdə iki il və ya daha uzun müddət yaşayıb, çoxala bilər. Qorunma vəziyyəti Kovari, həm "Avstraliya Federasiyasının EPBC Aktı", həm də "IUCN" tərəfindən "Vulnerable" (həssas) kimi siyahıya alınmışdır. O, Kvinslenddə "Vulnerable" (həssas), Cənubi Avstraliyada "Endangered" (təhlükə altındadır), Şimalda isə "Extinct" (nəsli tükənmiş) kimi təsnif olunur. Kovari, əsasən maldarlıq üçün istifadə edilən torpaqlarda yaşayır. Kvinslenddə "Astrebla Downs" və "Diamantina Milli Park"larında qorunur, amma 2012-ci ildən bəri "Diamantina Milli Parkı"-nda müşahidə olunmur. Cənubi Avstraliyada isə heç bir qoruma ərazisi yoxdur, amma "Andamooka Stansiyası"-nın yaxınlığında 12,000 hektarlıq yırtıcıdan təmizlənmiş bir qoruq yaradılmışdır. 2022-ci ildə bu qoruğa 12 kovari "Birdsville Track"dan köçürülüb. Təhlükələr Kovari üçün əsas təhlükə yaşayış mühitinin əlverişsiz hala salınmasıdır. Ərazilər əsasən maldarlıq fəaliyyəti və dovşanların sayının çox olması səbəbindən korlanır. Digər təhlükələr arasında vəhşi pişiklər, tülkülər və dinqo kimi yırtıcıların kovariləri ovlaması və onlarla qida rəqabəti etməsi, iqlim dəyişikliyi, pestisidlər və yemlərlə zəhərlənmə, eləcə də yol tikintisi üçün yaşayış sahələrinin məhv olması yer alır. Yüklənmiş mal-qara, kovarilərin sığınmaq üçün istifadə etdiyi qum təpələrini dağıtmağa səbəb olur və az bitki örtüyü olan bu təpələrdəki otları yeyərək kovarilərin qida tədarükünü azaldır. Yüklənmiş maldarlıq bəzi yerlərdə kovari populyasiyalarının azalmasına və bəlkə də areal olaraq onların yox olmasına səbəb olmuşdur. Kovari populyasiyaları hazırda çox parçalanmışdır və mövcud təhlükələrlə qarşılaşan alt-populyasiyaların böyük bir hissəsinin yaşama qabiliyyəti təhlükə altındadır. Zəhərlənmə və xəstəliklər Kovarilərin əsas xəstəliyi ağzın "skvamoz hüceyrəli karsinoması"-dır. Bu karsinomalar, kovarinin ağız boşluğunda şişlər meydana gətirərək diş ətində şişliklərə səbəb olur. Şişlər meydana çıxmadan əvvəl periodont xəstəlikləri güclü şəkildə hiss olunur. Əgər sözü gedən şişlər bədənin digər bölgələrinə yayılarsa, bu zaman kovari uzun müddət sağ qala bilməz.


İstinadlar

Tarix : 28 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.