• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
4
6
2
kimrik-pisiyi

Kimrik pişiyi

Kimrik - Kanadadan yayılan pişik növü. Tarix Men adasının qeydlərinə görə, Manks (və nəticədə Kimrik) növünün quyruqsuzluq xüsusiyyəti adanın yerli pişik populyasiyasında baş vermiş bir mutasiya nəticəsində yaranmışdır. Adanın qapalı mühiti və kiçik gen fondu nəticəsində, pişiklərin quyruqsuzluğunu təyin edən dominant gen və uzun tük geni asanlıqla nəsildən-nəslə ötürülmüşdür. Men adasında Manks pişiklərinin uzun tüklü balaları doğulmuşdur, lakin yetişdiricilər tərəfindən bu balalar "mutant" kimi rədd edilmişdir. 1960-cı illərdə Kanadada oxşar balalar doğulduqda isə onlar qəsdən yetişdirilməyə başlanmışdır. Bu, Kimrik növünün populyarlığının artmasının başlanğıcı oldu. Pişik assosiasiyalarının Kimriki ayrı bir növ kimi tanıması uzun illər çəkdi. Manks 1920-ci illərdə tanınsa da, Kimrik 1960-cı illərdə sərgilənməyə başladı və 1970-ci illərin ortalarında populyarlıq qazandı. "Fédération Internationale Féline" (FIFe, 2006-cı ildən), "World Cat Federation" (WCF), "Canadian Cat Association" (CCA-AFC), "Australian Cat Federation" (ACF), "New Zealand Cat Fancy" (NZCF), "Southern Africa Cat Council" (SACC), "American Cat Fanciers Association" (ACFA) və "Cat Fanciers' Federation" (CFF) kimi təşkilatlar Kimriki ayrı bir növ kimi tanıyır. Çinin "Cat Aficionado Association" (CAA) təşkilatı da ACFA-nın standartlarını qəbul etdiyi üçün Kimriki ayrı bir növ kimi tanıyır, lakin Çində bu növün yetişdiricilərinin olub-olmadığı məlum deyil. "The International Cat Association" (TICA) isə Kimriki Manks növünün bir variasiyası kimi tanıyır və ayrı bir növ kimi qəbul etmir. "Cat Fanciers' Association" (CFA), "Co-ordinating Cat Council of Australia" (CCCA) və "Governing Council of the Cat Fancy" (GCCF) kimi təşkilatlar da Kimriki "Uzun xəzli Manks" kimi tanıyır və ayrı bir növ kimi qəbul etmir. Görünüş Kimrik, əzələli, yığcam, orta və ya iri bədənli, möhkəm sümük quruluşuna malik bir pişikdir, lakin quyruğun olmaması onları daha kiçik göstərə bilər. Erkəklərin çəkisi 5,4 kq-a qədər çıxa bilər, dişilər isə adətən 3,6-5,4 kq arasında olur. Onların yumru görünüşü var və ön ayaqları arxa ayaqlarından daha qısadır. Gözləri müxtəlif rənglərdə ola bilər: qəhvəyi, yaşıl, mis rəngi, qızılı, sarı və narıncı. Kimriklərin iri qulaqları var və qulaqları kənara doğru yönəlmişdir, orta dərəcədə qulaq naxışları ilə bəzədilmişdir. Onların yarı uzun, sıx və elastik ikiqat xəzi var. Tüklər boyun ətrafında daha uzun və həcmli olur, aşağıya doğru uzanaraq "köynək" effekti yaradır. Arxa ayaqların yuxarı hissəsində də tüklər uzun olur və bu, ənənəvi dizə qədər uzanan bol şalvar effekti yaradır. Nümayişlərdə tükün keyfiyyəti rəng və ya naxışlardan daha vacibdir, baxmayaraq ki, Kimriklər müxtəlif rəng və naxışlarda ola bilər. Kimrik balaları, Manks növündə olduğu kimi, müxtəlif quyruq uzunluqlarında ola bilər və aşağıdakı kateqoriyalara ayrılır: -Rampi: Tamamilə quyruqsuzdur, quyruq sümüyü yoxdur. -Rampi Rayzer: Quyruq sümüyünün ucunda üçə qədər oma fəqərəsi var və sevildikdə qalxır. -Stampi: Quyruq sümüyünün ucunda beşə qədər oma fəqərəsi var və kiçik bir qalıq quyruq yaradır. -Longi: Beşdən çox oma fəqərəsi var, lakin tam uzunluqlu quyruqdan qısadır. Nümayişlərdə ən çox dəyərlənən "Rampi" növüdür və bəzi təşkilatlarda yalnız bu növ nümayiş pişiyi kimi qəbul edilir. Quyruqlu növ Men Adası Uzun xəzlisi, tam quyruğa malik olan Kimrik pişiyidir. Bu pişiklər Kimrik qan xəttinə malikdirlər, lakin quyruqsuzluq geni yoxdur. Hal-hazırda yalnız "New Zealand Cat Fancy"(NZCF) tərəfindən ayrı bir növ kimi tanınır. Digər qeydiyyat təşkilatlarında bu pişiklər "Quyruqlu Kimrik" və ya "Quyruqlu Uzun Tüklü Manks" kimi tanınır və yalnız yetişdirilmə üçün istifadə olunur, çünki iki quyruqsuz Manks və ya Kimrikin çoxaldılması doğuş qüsurlarına səbəb ola bilər. Sağlamlıq Kimrik və Manks pişiklərinin quyruqsuzluq geni digər sağlamlıq problemlərinə də səbəb ola bilər. Məsələn, spina bifida (onurğa defekti) kimi problemlər görülə bilər ki, bu da hərəkət və ya tullantı ifrazatı ilə bağlı nevroloji problemlərə səbəb ola bilər. Kimrik pişikləri bəzən dovşan kimi tullanmağa meyllidirlər, bu da onurğa deformasiyası ilə əlaqədardır. Bu problemlər adətən altı aylıqdan əvvəl müəyyən edilir. Quyruqsuzluq geni həm də ölümcül ola bilər. İki quyruqsuzluq geni miras alan balalar doğulmazdan əvvəl ölür və ana bədənində məhv olur. Bu balalar bütün balaların təxminən 25%-ni təşkil edir, buna görə də balalar adətən kiçik olur. Hətta bir quyruqsuzluq geni miras alan pişiklər də "Manks sindromu" adlanan problemlər yaşaya bilər. Bununla belə, hər qısa onurğalı Kimrik pişiyində problem olmur. Bu sadəcə Manks geninin bir xüsusiyyətidir və onun ifadəsi tamamilə qarşısı alına bilməz. Son genetik tədqiqatlar əsasında, "ACF" və "GCCF" kimi təşkilatlar, heyvanların rifahı üçün Manks pişiklərinə (o cümlədən Kimrik) xüsusi yetişdirmə məhdudiyyətləri tətbiq edirlər. Bu pişiklər 9-12 il ömrə sahibdirlər. Xüsusiyyətləri -Oyuncaqlarla oynamağı çox sevir. -Evdə çox fəal davranır. -Kimrik pişikləri oyunsevəndir. -Orta dərəcədə səsli ola bilər. -Kimrik pişikləri orta ölçülü bir növdür. -Gündəlik təmizlik tələb edir. -Kifayət qədər açıq məkan lazımdır. -Gün ərzində tək qala bilər. -Kimrik pişikləri məşğul bir məişətə asanlıqla uyğunlaşır. -Kimrik pişikləri sakit və rahat temperamentə malikdir. -Sahibləri ilə güclü əlaqə qurur. -Kimrik pişikləri mehriban və sevgi dolu xasiyyəti ilə tanınır. -Mülayim fəallıq səviyyəsinə görə mənzil şəraitində yaşamaq üçün idealdır. -Kimrik pişikləri intellektualdır və yeni fəndlər və ya əmrləri tez öyrənir.


İstinadlar

Tarix : 21 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.