- Wikisun
Kai Ken - Yaponiyanın Yamanaşi prefekturasının Kai bölgəsinə aid nadir və qədim bir it cinsi. Bu cins, Yaponiyanın 6 yerli it cinsindən biridir və ölkədə milli abidə olaraq qorunur. Kai Ken, təbii ovçuluq bacarıqları, çevikliyi və sadiqliyi ilə yüksək qiymətləndirilir, bölgənin tarixi və mədəniyyəti üçün simvolik əhəmiyyət kəsb edir. Kai Ken Tora İnu (Pələng iti) olaraq da tanınır. Xüsusiyyətləri Kai Ken orta ölçülü bir itdir. Üçbucaqlı formalı başı və dik qulaqları ilə seçilir. Erkəklər adətən 46–56 sm, dişilər isə bir az kiçik, 43–51 sm olur. Çəkiləri 12-25 kq arasında dəyişir. Bu cins əzələli quruluşu, güclü ayaqları və yaxşı inkişaf etmiş topuq oynaqları ilə fərqlənir ki, bu da onun Yamanaşi bölgəsinin dağlıq ərazilərindəki ovçuluq həyatına uyğunluğunu göstərir. Yaralanma və xəstəliklər olmadıqda, 12-15 il yaşaya bilirlər. Kai Ken ağıllı, çevik, ayıq və cəsur bir itdir. Bu cins təbii ovçudur və yaxşı mühafizəçi it hesab olunur. O, yad insanlara qarşı ehtiyatlı, amma ailəsinə qarşı çox sadiqdir. Uşaqlarla yaxşı münasibətlər qurmağı bacaran bir cinsdir. Adətən digər itlərə qarşı aqressiv deyildir. Kai Kenlər təbii ovçulardır və çox enerjilidir. Onlar üzməyi çox sevirlər və bəzi hallarda ovlarını izləyərkən çayları keçmək və ağaclara dırmaşmaq kimi bacarıqlara malikdirlər. Tükləri sərt, orta uzunluqlu və ya qısa olur. Bu cinsin ən tanınan xüsusiyyəti "pələng zolaqları" olaraq bilinən "brindle" (xətlərlə işarələnmiş) tük rəngidir. Rəngləri "Aka-tora" (Qırmızı pələng) "Chu-tora" (Orta pələng) "Kuro-tora" (Qara pələng) Bala itlər tək rəngdə doğulur, lakin zaman keçdikcə, bəzən beş il ərzində onların "brindle" işarələri tam olaraq inkişaf edir. Xəstəlikləri Göz problemləri (Proqressiv Retina Atrofiyası) Kai Kenlərdə görmə itkisinə səbəb olan "proqressiv retina atrofiyası" (PRA) problemi ola bilər. Bu, görmə qabiliyyətini tədricən azaldır və ciddi olduqda tam korluğa gətirib çıxara bilər. Bu problemi vaxtında aşkarlamaq və müalicə etmək üçün mütəmadi olaraq baytara müraciət etmək önəmlidir. Yaralanmalar Bu itlərin yüksək aktivliyi və enerjisi səbəbindən ən çox rastlanan sağlamlıq problemi, müxtəlif fəaliyyətlər əsnasında yaralanmalardır. Çox çevik və cəsur olduqları üçün, tez-tez fiziki cəhətdən çətin anlar yaşaya bilirlər. Qulaq infeksiyaları Kai Kenlərdə qulaq infeksiyaları da baş verə bilir. Qulaq problemi olan itlər başlarını silkələyərək və ya qulaqlarını qaşıyaraq əlamətləri biruzə verə bilərlər. Bəzi itlərdə isə tünd və görünən ifrazatlar meydana gəlir. Çanaq displaziyası Bu, çanaq oynağının düzgün inkişaf etməməsi nəticəsində yaranan bir vəziyyətdir və ağrıya, oynaqlarda zəifliyə, bəzən hərəkət məhdudiyyətlərinə səbəb ola bilər. Xərçəng Bu cinsdə xərçəngin müxtəlif formalarına da rast gəlinə bilər. Xərçəngin erkən mərhələdə aşkar edilməsi, daha yaxşı müalicə nəticələrinə gətirib çıxara bilər. Alergiyalar Dəridə qaşınma, qızartı və ya tənəffüs problemləri kimi əlamətlərlə özünü göstərə bilər. Alergiya testi və uyğun müalicə üçün baytarla məsləhətləşmək vacibdir. Tarix Kai Ken, Yaponiyanın ən qədim yerli it cinslərindən biridir və Yamanaşi Prefekturasındakı Kai vilayətində yetişdirildiyi düşünülür. Cins, ənənəvi olaraq Yamanaşidəki dağlıq ərazilərdə ovçuluq üçün istifadə olunub və əsasən yapon serousu (Kamoshika), marallar, yabanı donuzlar və bəzən ayılar kimi müxtəlif ovları izləmək üçün yetişdirilmişdir. Cins, 1933-cü ildə Yaponiyada milli abidə olaraq tanındı. 1931-ci ildə "Kai Ken Aigokai" (KKA) adlı qoruma cəmiyyəti quruldu və bu günə qədər cinsin qorunması üçün əsas təşkilat olaraq fəaliyyət göstərir. Mədəniyyətdə Yapon populyar mədəniyyətində bir çox məşhur əsərdə yer almışdır. Xüsusilə, Yoşiro Takahşinin "Ginga" roman seriyasının , "Ginga: Nagareboshi Gin" və onun davamı olan "Ginga Densetsu Weed" hissələrində, "Kurotora", "Chūtora" və "Akatora" kimi xarakterlər Kai Ken itləridir. Həmçinin, Takahaşinin başqa bir əsəri olan "Kacchū no Senshi Gamuda" pis niyyətli bir Kai Ken, "Gama" adlı bir obraz kimi yer alır.
https://en.wikipedia.org/wiki/Kai_Ken
https://a-z-animals.com/animals/kai-ken/
https://www.akc.org/dog-breeds/kai-ken/
https://www.thesprucepets.com/kai-ken-full-profile-history-and-care-5114582
https://dogtime.com/dog-breeds/kai-ken
https://www.dogster.com/dog-breeds/kai-ken
https://animalia.bio/pets/kai-ken
https://dogacademy.org/breeds/kai-ken
https://wagwalking.com/breed/kai-ken
https://allpaws.com/kai-ken-dog/
Tarix : 28 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.