• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
hubris

Hubris

"İkar üçün Ağı" — Herbert Ceyms Dreyper, 1898. İkarın hubris nəticəsindəki faciəvi taleyini təsvir edir. Hubris (/ˈhjuːbrɪs/; qədim yunan. ὕβρις (húbris) — qürur, təhqiramizlik, hədsizlik mənasında işlədilir. Daha az rast gəlinən "hybris" formasında da yazılır, həddindən artıq və ya ifrat qürur, yaxud təhlükəli həddə özünə inam və özündənrazılıq mənasını verir, çox vaxt təkəbbürlə birlikdə (və ya onunla sinonim şəkildə) istifadə olunur. Hubris, təkəbbür və özünü şişirtmə, "dostcasına" qrupların təşviq edə biləcəyi barışıqdan çox, qələbəyə (bu, həmişə qalib gəlmək demək olmasa belə) ehtiyacla əlaqəlidir. Hubris, adətən bir qrupun deyil, bir fərdin xüsusiyyəti kimi qəbul edilir, baxmayaraq ki, təqsirkarın mənsub olduğu qrup, onun səhv hərəkətlərinin dolayı nəticələrindən əziyyət çəkə bilər. Hubris, çox vaxt reallıqla əlaqənin itirilməsinə və şəxsin öz bacarıq, nailiyyət və ya qabiliyyətlərini həddindən artıq qiymətləndirməsinə işarə edir. Etimologiya və qədim yunan istifadəsi Hubris termini, kontekstdən asılı olaraq bir neçə fərqli məna daşıdığı qədim yunan dilində yaranmışdır. Hüquqi istifadədə hücum, cinsi cinayət və ya dövlət əmlakının oğurlanması mənasını verirdi. Dini istifadədə isə ilahiliyi təqlid etmək və ya bir tanrıya qarşı günah işlətmək mənasını verirdi. Qədim yunan dilində hubris "hədsizlik" mənasını verirdi: təbii nizamı pozan, yaxud, bəzən sui-istifadə edənin zövqü və ya məmnunluğu üçün, qurbanı utandıran və alçaldan hərəkətlərə istinad edirdi. Hesiod və Esxil "hubris" sözünü tanrılara qarşı işlənən günahları təsvir etmək üçün istifadə etmişlər. Hubrisin ən çox rast gəlinən işlənmə forması, bir ölümlünün hər hansı bir bacarıq və ya keyfiyyətdə bir tanrıdan üstün olduğunu iddia etməsi olmuşdur. Bu cür iddialar nadir hallarda cəzasız qalırdı, buna görə istedadlı gənc toxucu Arahna, bacarıqlarının ilahə Afinanınkını üstələdiyini iddia etdikdə, bir hörümçəyə çevrilmişdir. Digər nümunələrə İkar, Faeton, Salmoney, Nioba, Kassiopeya, Tantal və Terey daxildir. İlahə Hibris, Encyclopædia Britannica Eleventh Edition-da "başqalarının hüquqlarına təcavüzkar müdaxilə" edən bir varlıq kimi təsvir olunur. Arahna və Afina — Piter Pol Rubens. Arahnanın hubrisi nəticəsində hörümçəyə çevrilməsi hekayəsini təsvir edir. Bu hadisələr mifologiyayla məhdudlaşmamış, tarixdə müəyyən şəxsiyyətlərin də təkəbbürləri səbəbindən hubris işlətdiklərinə görə cəzalandırıldıqları düşünülmüşdür. Belə şəxslərdən biri, Esxilin Farslar pyesində təsvir olunan kral I Kserks olmuşdur — ona görə ki, o, donanmasını məhv etmək cəsarətinə görə cəza olaraq Hellespontu zəncirlə bağlamağa cəhd etmişdir. Bütün bu nümunələrdə ortaq olan, hədlərin pozulmasıdır, çünki yunanlar inanırdılar ki, Moiralar (Μοῖραι) hər varlığa xüsusi bir azadlıq sahəsi ayırmışlar — hətta tanrıların belə poza bilmədiyi bir sahə. Qədim Afinada hüquqi anlayış Qədim Afinada hubris, qurbanı utandırmaq üçün zorakılıq işlətmək kimi müəyyənləşdirilirdi (bu, mənasında zorlama anlayışını da əhatə edə bilərdi). Hüquqi cəhətdən, qanunun hubristik pozuntularına, bu gün "zorakılıq" adlandırıla biləcək hərəkətlər, cinsi cinayətlər, yaxud dövlət və ya müqəddəs əmlakın oğurlanması daxil idi. Bəzi kontekstlərdə terminin cinsi bir mənası da olmuşdur. Rüsvayçılıq, tez-tez, təqsirkarın öz üzərinə də əks olunurdu. Bu tərifin əsasında qədim yunan şərəf (τιμή, timē) və utanc (αἰδώς, aidōs) anlayışları dayanır. Şərəf anlayışı, təkcə şərəf qazananın ucalması ilə deyil, hubris hərəkətinə məruz qalanın alçaldılması ilə də bağlı idi. Bu şərəf anlayışı sıfır-cəm oyuna bənzəyirdi. Raş Rem hubrisin bu tərifini müasir "hədsizlik, nifrət və həddindən artıq zorakılıq" anlayışına sadələşdirir. İki məşhur hal, qədim Yunanıstanın görkəmli dövlət xadimi və natiqi Demosfenin nitqlərində rast gəlinir. Bu iki nümunədən birincisi, Midiasın Demosfeni teatrda üzünə yumruqla vurması (bax: Midiasa qarşı), ikincisi isə (Konona qarşı nitqində) bir müdafiə tərəfinin, iddiaya görə, bir adama hücum edərək qurban üzərində qalib gəlmə sevincini nümayiş etdirməsidir. Hubrisin başqa bir nümunəsi Esxinin Timarxa qarşı nitqində görünür, burada müdafiə tərəfi Timarx, özünü fahişəlik və anal cinsi əlaqəyə tabe etməklə hubris qanununu pozmaqda ittiham olunur. Esxin bu iddianı Timarxa qarşı, onu siyasi vəzifə hüquqlarından məhrum etmək üçün irəli sürmüş və işi uğurla nəticələnmişdir. Aristotel hubrisi belə müəyyənləşdirmişdir: qurbana, təqsirkarın başına gələn və ya gələ biləcək hər hansı bir şeyə görə deyil, sadəcə öz məmnunluğu üçün, utanc gətirmək. Aristotelə görə, hubris keçmiş zərərlərin ödənişi deyil — bu, intiqamdır; hubrisdəki zövqün səbəbi isə, sadəlövh insanların başqalarına pislik edərək öz üstünlüklərini daha da artırdıqlarını düşünmələridir. Dini istifadə Septuagintada "hubris, tez-tez ölümcül cəza və ya nemezis ilə nəticələnən, hədsiz qürur, təkəbbür və ya lovğalıqdır". Əhdi-Cədiddə istifadə edilən hubris sözü, "günah" mənasını verən ivrit pesha sözü ilə paralellik təşkil edir. O, "bir insanı Tanrıya qarşı çıxmağa vadar edən" bir qüruru təmsil edir, bəzən elə bir dərəcəyə çatır ki, insan özünü Tanrıya bərabər hesab edir. Müasir istifadə Müasir istifadəsində hubris, təkəbbürlə birləşmiş həddindən artıq özünə inanan qüruru bildirir. Hubris, həmçinin "kor edən qürur" adlandırılır, çünki o, tez-tez hubris işlədən şəxsi, sağlam düşüncəyə zidd, ağılsız şəkildə davranmağa vadar edir. Oxford English Dictionary, "təkəbbür"ü, "insanın öz bacarıq, əhəmiyyət və s. barədə yüksək və ya şişirdilmiş fikri, bu fikrin isə lovğalığa və ya həddindən artıq özünə inama, yaxud başqalarından üstün olma hissi və ya münasibətinə səbəb olması [...]" kimi müəyyənləşdirir. Adrian Deyvis təkəbbürü hubrisdən daha ümumi və daha az ciddi hesab edir. Həmçinin baxın Qədim yunan dili Qədim Yunanıstan Yunan dili Yunan mifologiyası Mifologiya İstinadlar


İstinadlar

Tarix : 23 iyul 2026