- Wikisun
Həyat Ulduzu (İngiliscə: Star of Life) - Təcili tibbi yardım xidmətlərini tanımaq üçün istifadə olunan simvol. Bu simvol, mavi rəngli altı ulduzdan ibarətdir və ulduzun bütün sərhədləri ağ rənglə əhatə olunub. Ortasında qədim tibbi simvol olan "Asklepius" çubuğu (Rod of Asclepius) yerləşir. Həyat ulduzuna təcili tibbi xidmətlərə aid olan təcili yardım maşınlarında, tibb işçilərinin geyimlərində və digər tibbi yardım vasitələrində rast gəlinir. Həmçinin bu simvolu liftlərdə görmək olar. Tibbi qolbaqlarda da bu simvolu görmək olar. Adətən vəziyyəti çox ağır olan xəstələrin qoluna taxılır. Tarixi Həyat ulduzunun mənşəyi ABŞ-a gedib çıxır. 1963-cü ildə "Amerika Tibb Assosiasiyası" Həyat ulduzunu tibbi tanınma üçün "universal" bir simvol olaraq dizayn etmişdir. Təşkilat bu simvolu ticarət nişanı kimi qeydiyyata almamış, onu istehsalçılara "sərbəst istifadə edilməsi" üçün təqdim etdiklərini bəyan etmişdir. Eyni zamanda bu simvol, tibbi problemləri olan şəxslərin üzərində daşıdığı kartlarda istifadə edilmək üçün nəzərdə tutulmuşdur. Həyat ulduzunun istifadəsindən əvvəl, ABŞ-da təcili yardım maşınlarında adətən narıncı rəng xaç istifadə edilirdi. Bu, "Cenevrə Konvensiyası"na görə istifadəsi məhdudlaşdırılmış olan "Qırmızı Xaç"ın tərs versiyasına oxşayırdı. 1973-cü ildə "Amerika Qırmızı Xaç Komitəsi", narıncı xaçın, onların loqosuna çox oxşadığını bildirərək etiraz etmişdi. Bununla əlaqədar, "Təcili Tibbi Xidmətlər Şöbəsi"nin rəhbəri Doktor Dovson Mils , Həyat ulduzunun ABŞ-da "Təcili Tibbi Xidmətlər üçün milli tanıtım simvolu" olaraq istifadə edilməsi üçün rəsmi icazə istəmişdır. 1977-ci ildə bu, ABŞ-da milli standart olaraq qəbul edilmişdir. Həyat ulduzunun altı ulduzlu qolları, xilasedicilərin təcili tibbi xidmət zəncirində həyata keçirdiyi əsas altı vəzifəni təmsil edir: 1. Kəşfiyyat: Hadisə yerinə ilk çatmış xilasedicilər (çox vaxt təcrübəsiz və ya hadisəyə qarışmış şəxslər), vəziyyəti anlayır, özlərini və başqalarını qorumaq üçün təhlükələri müəyyənləşdirir və təhlükəsizlik tədbirləri görürlər. 2. Bildiriş: Peşəkar yardım çağırılır və təcili tibbi xidmət əməkdaşları ilə əlaqə qurulması təmin edilir. 3. İlkin yardım: İlk gələn xilasedicilər, bacardıqları qədər ilkin tibbi yardım göstərir. 4. Hadisə yerində yardım: EMS (Təcili Tibbi Xidmət) personalı hadisə yerində həyatı riski minimuma endirmək üçün daha intensiv yardım göstərir. 5. Nəqliyyatda yardım: EMS (Təcili Tibbi Xidmət) personalı xəstəni xəstəxanaya nəql edərkən ona tibbi yardım göstərir. 6. Təyin olunmuş tibbi yardım: Xəstə xəstəxanada müvafiq mütəxəssisin yardımını alır. Beynəlxalq istifadə Asiya: Tayvan, Çin, Honq Konq və Makaoda sadəcə təcili yardım maşınlarında Həyat ulduzunu görmək olar. Yaponiya, Malayziya, Filippin və Sinqapurda da bu simvol daha geniş istifadə olunur. Yaxın Şərq: İsraildə Həyat ulduzu Yəhudi ulduzu ilə birləşdirərək istifadə edilir. İran, Misir və Birləşmiş Ərəb Əmirliklərində təcili yardım maşınlarında Həyat ulduzunu görmək olar. Hindistan: Milli Ambulans Assosasiyası, bütün növ ambulanslarda Həyat ulduzunun təsvir olunmasını tələb edir. Cənubi Amerika: Həyat ulduzu, bir çox ispan dilli ölkələrdə istifadə olunur və "La Estrella De La Vida" olaraq tanınır. Avstraliya və Yeni Zelandiya: Bu bölgədə daha çox Xaç simvolu istifadə olunur, lakin bəzi təcili yardım xidmətləri Həyat ulduzundan istifadə edir. Avropa: Xüsusən Portuqaliya, Almaniya, Niderland və Latviya kimi ölkələrdə Həyat ulduzu geniş yayılıb.
https://en.wikipedia.org/wiki/Star_of_Life
https://www.ems.gov/what-is-ems/star-of-life/
https://northern.vaems.org/index.php/about-us/star-of-life
https://www.gainesville.org/216/Star-of-Life
https://www.ems1.com/ems-advocacy/articles/the-star-of-life-a-shining-symbol-of-what-it-means-to-be-in-ems-kF2FK8KwZKEZhQaj/
https://www.cabq.gov/fire/our-department/emergency-medical-services/history-of-the-blue-star-of-life
Tarix : 20 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.