• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
fransiz-lop-dovsani-oryctolagus-cuniculus

Fransız Lop dovşanı (Oryctolagus cuniculus)

Fransız Lop dovşanı (İngiliscə: French Lop) - Fransada 19-cu əsrdə, "ingilis Lop" və "Flemish giant" (Flandriya nəhəngi) cinslərinin selektiv törəmələrindən yaradılmış evcil dovşan növü. Fransız Lop dovşanı, "ingilis lop"a bənzəsə də, daha böyük bədən quruluşuna malikdir və qulaqları daha qısadır. Bu cins hazırda "Amerikanın Dovşan Yetiştiriciləri Assosiasiyası" (ARBA) və "Britaniya Dovşan Şurası" (BRC) tərəfindən tanınır. Taksanomiya Elmi adı "Oryctolagus cuniculus"dur. Maraqlıdır ki, bu dovşanın aid olduğu "Oryctolagus" cinsinə 305 ev dovşanı cinsi daxildir. Bunun səbəbi, bütün ev dovşanlarının vəhşi Avropa dovşanı ilə ortaq bir mənşəyə sahib olmalarıdır. "Oryctolagus" sözü, yunan dilində "oryktos" ("torpağa qazılmış") və "lagos" ("çuval") sözlərindən yaranıb. "Cuniculus" isə daha mürəkkəb bir mənaya malikdir. Latın dilində, bu söz texniki olaraq "yuva" və ya "yeraltı yaşayış yeri" deməkdir, lakin "dovşan" mənasında da istifadə olunur. Fransız Lop dovşanının ümumi adı isə onun mənşə ölkəsi olan Fransaya və başının yan tərəfinə sallanan fərqli "lop" qulaqlarına istinad edir. Tarixi İlk dəfə 1850-ci illərdən etibarən Fransada ətlik dovşan olaraq yetişdirilməyə başlanmışdır. Yeni yaradılan bu cins, yaxın ölkələrdə də populyarlaşmış və 1933-cü ildə Niderlanddan 10 nümunə Böyük Britaniyaya sərgi üçün ixrac edilmişdir. 1960-cı illərdə fransız lop dovşanı Böyük Britaniyada geniş yayılmağa başlamış, 1970-1971-ci illərdə isə ABŞ-a gətirilmişdir. Görünüşü Qulaqları adətən 12-20 sm arasında olur və çənəsinin altına qədər sallanır. Bədəni güclü və möhkəm, başı isə böyükdür. Erkək dovşanların başı daha yuvarlaq, dişilərin başı isə daha iti olur. Rahat hərəkət etmələri üçün ön ayaqları qısa və düz, arxa ayaqları isə bədənə paralel olur. Sıx və yumşaq tükləri var. Bu növ ən çox qara, şinşilla, qəhvəyi və başqa qarışıq rənglərdə olur. 5-9 kq arasında çəkiyə malikdir və ortalama ömrü 5-7 il arasında dəyişir. Bu növün ən böyük nümayəndəsi "Humphrey" adlı dovşandır. O, təxminən 107 sm uzunluğunda və 12,7 kq-dan artıq çəkiyə sahib olub. Davranışı Digər cinslərlə müqayisədə daha iri olduğu üçün, geniş yaşam sahəsinə ehtiyacı var. Onlar nə açıq havada, nə də dar qəfəsdə yaxşı yaşaya bilərlər. Sakit və mehriban xarakterə malikdirlər, hətta pişiklər, itlər və kiçik uşaqlarla yaxşı əlaqələr qura bilirlər. İlk dəfə dovşan sahibi olacaq şəxslər üçün tövsiyə edilmir, çünki onlar çox böyükdür və idarə edilmələri çətin ola bilər. Güclü arxa ayaqlara sahib olduqları üçün, qeyri-ixtiyari olaraq sahiblərinə zərər verə bilərlər. Xüsusən cütləşmə dövründə aqressiv olurlar. Adətən 9-cu ayından sonra cinsi yetkinliyə çatırlar. Qorxu və stres səbəbindən ürək dayanması kimi problemlər yaşaya bilərlər. Sağlamlıq problemləri arasında artıq çəkiyə bağlı olaraq, ayaq dabanlarında yaranan problemlər, miksomatoz və artrit kimi xəstəliklər yer alır.


İstinadlar

Tarix : 26 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.