• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
fido-it

Fido (it)

Fido (1941 – 9 iyun 1958) — 1943-cü ildə ölmüş sahibinə sarsılmaz sədaqəti ilə ictimaiyyətin diqqətini cəlb edən italyan iti. Fido haqqında İtaliyada və digər ölkələrdə çoxsaylı jurnal və qəzet məqalələri dərc edilmiş, onun haqqında bütün İtaliyada xəbər xronikaları nümayiş etdirilmiş və ona bir sıra mükafatlar verilmişdir. Bunların arasında onun şərəfinə ucaldılmış ictimai abidə də var idi. Həyatı Fido, ehtimal ki, 1941-ci ilin payızında İtaliyanın Toskana regionundakı Florensiya əyalətinin Borgo San Lorenzo kommunasına daxil olan kiçik Luco di Mugello qəsəbəsində küçə iti kimi həyata başlamışdır. 1941-ci ilin noyabrında, Borgo San Lorenzoda kərpic sobasında işləyən Karlo Soriani, avtobus dayanacağından evə qayıdarkən yol kənarındakı xəndəkdə yaralı vəziyyətdə uzanan iti görmüşdür. İtin kimə məxsus olduğunu bilməyən Soriani onu evinə apararaq sağalana qədər ona qulluq etmişdir. Soriani və həyat yoldaşı iti sahiblənmək qərarına gəlmiş və ona latınca fidus sözündən gələn, "sadiq" mənasını verən Fido adını vermişdilər. Fido sağaldıqdan sonra Sorianini Luco di Mugellonun mərkəzi meydanındakı avtobus dayanacağına qədər müşayiət edir və onun işə getmək üçün avtobusa minməsini gözləyirdi. Axşam avtobus qayıtdıqda Fido Sorianini qarşılayır və onunla birlikdə evə gedirdi. Bu hadisə iki il ərzində hər iş günü təkrarlanmışdır. Gözləməsi 30 dekabr 1943-cü ildə İkinci Dünya müharibəsi zamanı Borgo San Lorenzo Müttəfiq qüvvələr tərəfindən bombalanmış və Soriani həlak olmuşdur. Həmin axşam Fido həmişəki kimi avtobus dayanacağına gəlmiş, lakin Sorianinin avtobusdan düşdüyünü görməmişdir. Fido daha sonra evə qayıtmış, lakin növbəti on dörd il ərzində — ölüm gününə qədər — hər gün dayanacağa gedərək Sorianinin avtobusdan düşməsini gözləmişdir. Bu, 5 min dəfədən çox baş vermişdir. Fido sağlığında ictimaiyyətin böyük marağına səbəb olmuşdur. İtaliyanın Gente və Grand Hotel jurnalları itin hekayəsini dərc etmiş, bu hekayə həmçinin Istituto Luce tərəfindən hazırlanan bir neçə xəbər xronikasında yer almışdır. Bir çox oxucunu Fidonun qeyri-adi sədaqəti heyrətləndirmişdi. Onların arasında Borgo San Lorenzonun meri də vardı. Mer 9 noyabr 1957-ci ildə çoxsaylı şəhər sakinlərinin, o cümlədən Sorianinin təsirlənmiş dul arvadının iştirakı ilə Fidoya qızıl medal təqdim etmişdir. Time jurnalı 1957-ci ilin aprelində Fido haqqında məqalə dərc etmişdir. Ölümü və irsi Fido 9 iyun 1958-ci ildə hələ də sahibini gözlədiyi halda ölmüşdür. Onun ölümü barədə qəzet La Nazionenin ilk səhifəsində dörd sütunlu geniş məqalə ilə ictimaiyyətə xəbər vermişdir. İyunun 22-də La Domenica del Corriere Fidonun xatirəsinə təsirli üz qabığı məqaləsi dərc etmişdir. Valter Molino tərəfindən çəkilmiş üz qabığındakı rəsmdə Fido yol kənarında can verərkən, arxa planda isə avtobus gözləyərkən təsvir olunmuşdur.Fido Luco di Mugello qəbiristanlığının kənarında sahibi Karlo Sorianinin yanında dəfn edilmişdir. 1957-ci ilin sonunda, Fido hələ sağ ikən, Borgo San Lorenzo kommunası heykəltəraş Salvatore Cipollaya bu nümunəvi sevgi və sədaqət hekayəsinin xatirəsi olaraq itin abidəsini hazırlamağı tapşırmışdır. "Fido adlı itə abidə" adlandırılan əsər Borgo San Lorenzodakı Piazza Dante meydanında, bələdiyyə binasının yanında yerləşdirilmişdir. İti təsvir edən heykəlin altında A FIDO, ESEMPIO DI FEDELTÀ ("FİDOYA, SƏDAQƏT NÜMUNƏSİ") yazısı həkk olunmuşdur. Abidənin açılışı Borgo San Lorenzonun meri tərəfindən, Fido və Sorianinin dul arvadının iştirakı ilə keçirilmişdir. Heykəl əvvəlcə mayolikadan hazırlanmışdı, lakin açılışdan bir neçə ay sonra vandallar onu dağıtmışdılar. Bundan sonra Borgo San Lorenzonun meri Salvatore Cipollaya yeni heykəl hazırlamağı tapşırmışdır. Bu dəfə heykəl bürüncdən hazırlanmış və ilk heykəli əvəz etmişdir. Bürünc heykəl bu gün də Piazza Dante meydanında yerləşir. Oxşar hekayələr Fido bir insana qarşı hədsiz sədaqət nümayiş etdirməsi ilə məşhurlaşan yeganə it deyil. Buna bənzər hekayələri olan və kollektiv yaddaşda iz buraxmış digər itlər arasında yapon iti Haçiko, amerikalı Şep, hindistanlı Vaqya və şotland Qreyfriars Bobbi, həmçinin qədim yunan mifologiyasından olan əfsanəvi Arqos da var. Həmçinin bax Layka Haçiko İstinadlar Əlavə ədəbiyyat Becattini, Massimo; Granchi, Andrea. Alto Mugello, Mugello, Val di Sieve (italyan). Florensiya. 1985. Xarici keçidlər Istituto Luce tərəfindən hazırlanmış Fido haqqında xəbər xronikasından səhnələr


İstinadlar

Tarix : 4 sentyabr 2026