- Wikisun
İlahə Enyonun təsviri Enyo (qədim yunan Ἐνυώ) — yunan mifologiyasında tez-tez müharibə tanrısı Ares ilə əlaqələndirilən bir müharibə ilahəsidir. Romalılar onu Bellona ilə eyniləşdirmişlər. Enyo, həmçinin Qrayalardan (bir göz və bir dişi bölüşən boz saçlı 3 bacı) birinin də adıdır. Mifologiyada Enyo, Kvintus Smirneus tərəfindən "Müharibənin bacısı" (yunanca Polemos) adlandırılır. Bu rol, ixtilaf və çəkişmənin təcəssümü olan Erisin roluna çox bənzəyir; xüsusilə Homer bu iki fiquru eyni hesab edir. Bəzi miflərdə o, müharibə tanrısı Enyaliusun da anası kimi göstərilir. Bu miflərdə atası kimi isə Ares göstərilir, baxmayaraq ki, "Enyalius" (və ya "Enyalios") kişi adı idi və bəzən Aresin özünə bir titul kimi də istifadə oluna bilərdi. Müharibə ilahəsi olaraq, Enyo, şəhərlərin dağıdılmasını təşkil etməkdən məsuliyyət daşıyır, tez-tez Aresi döyüşdə müşayiət edir. O, "müharibədə hökmran" kimi təsvir olunur. Döyüşə o qədər həvəslidir ki, Zevs ilə canavar Tifon arasındakı döyüşdə belə hər hansı bir tərəfi tutmaqdan imtina etmişdir: rəvayətə görə, döyüş meydanında Eris (Çəkişmə) Tifonun müşayiətçisi olmuş, Nike (Qələbə) isə Zevsi döyüşə aparmışdır — Enyo isə tərəfsiz qalaraq Zevs və Tifon arasında bərabər tarazlıq saxlamış, bu zaman ildırımlar göy üzündə rəqqaslar kimi gurultu ilə şənlənmişdir. Enyo, Yeddilər Fivaya qarşı müharibəsində, həmçinin Dionisin hindlilərlə müharibəsində iştirak etmişdir. Troyanın süqutu zamanı, Enyo, Eris ("Çəkişmə"), Fobos ("Qorxu") və Deymos ("Dəhşət") ilə birgə — sonuncu ikisi Aresin oğulları olmaqla — müharibədə vahimə və qan tökülməsinə səbəb olmuşdur. O, Eris və Aresin iki oğlu ilə birgə Axillesin qalxanı üzərində təsvir olunmuşdur. Mədəniyyətdə Fivada və Orxomenosda, Zevs, Demetra, Afina və Enyonun şərəfinə keçirilən "Homoloia" adlı bir bayram, Enyonun rahibəsi Homolois'in şərəfinə "Homoloius" ləqəbini almışdır. Praksitelin oğulları tərəfindən hazırlanmış bir Enyo heykəli, Afinadakı Ares məbədində dururdu. Onun adı, Nəhənglər döyüşü (Gigantomaxiya) qurbangahının frizlərindən birinin karnizində, on dörd başqa adla birgə, həkk olunmuşdu. Həmçinin baxın Ares Zefs Artemida Yunan mifologiyası İstinadlar
https://az.wikipedia.org/wiki/Enyo
https://www.theoi.com/Daimon/Enyo.html
https://dunya.mitolojisi.com/enyo-kanli-savaslarin-tanricasi
https://az.wikipedia.org/wiki/Enyo
Tarix : 23 iyul 2026