- Wikisun
Əfqan çoban iti (Kuçi) - Əfqanıstana aid çoban iti. Adını Əfqanıstandakı Kuçi (köçəri) xalqından almışdır. Bu itlər əsrlər boyu qoyun, keçi, dəvə və digər mal-qara növlərini qurdlar, ayılar, böyük pişiklər və oğrulardan qorumaq üçün istifadə olunmuşdur. Kuçi itləri sərtliyi, zəkası və müstəqil təbiəti ilə tanınır. Mənşəyi Bu itlər "Pashto" dilində "De Kochyano Spai" və ya "Jangi Spai" kimi adlandırılır ki, bu da müvafiq olaraq "Köçəri it" və "Döyüş iti" mənasını verir. Kuçi itləri əsasən Əfqanıstanın mərkəzi və şimal bölgələrində tapılır. Onlar digər "Molossian" tipli çoban itləri ilə, xüsusən Alabay (Mərkəzi Asiya çoban iti) ilə genetik əlaqəyə malikdir, amma Kuçi itləri köçəri həyat tərzinə uyğunlaşdığı üçün fərqlənir. Bu cinsin özünəməxsus xüsusiyyətləri köçəri həyat tərzi ilə əlaqəlidir. Əfqanıstandakı münaqişələr və narahatlıq səbəbindən Kuçi xalqları şəhərlərə köçmüş, bu da Kuçi itlərinin digər itlərlə hibridləşməsinə səbəb olmuşdur. Görünüş Kuçi itləri böyük və əzələlidir, qısa, orta və ya uzun tüklü kürklə örtülmüşdür və qalın alt kürkü var. Dişi itlər adətən 58-66 sm, erkək itlər isə 61-74 sm və daha hündür ola bilər. Dişi itlərin çəkisi təxminən 38-54 kq, erkək itlərin çəkisi isə 40-80 kq arasında dəyişir. İtlərin başları bucaqlı, kərpic və ayı tipli olur. Quyruqları adətən uzunluğunun üçdə biri qədər kəsilir və düz saxlanılır. Qulaqları ənənəvi olaraq kəsilir. Kuçi itləri hündür boylu, düz arxaya sahibdir. Arxa və ön ayaqları ilə kvadrat bir profil formalaşdırır. Boynu uzun və qalındır, çənədən döşə qədər çoxlu artıq dəri olur. Baş üfüqi və ya azca aşağı meyilli şəkildə tutulur, gözlər isə irəli baxır. Üz cizgiləri quru və əzələlidir. Onların bədənində tünd ləkələr ola bilər, lakin bunlar kürkdə çox da görünmür. Bu ləkələr ağız içi, burun körpüsü və qarın nahiyəsində də tapıla bilər. Növləri 1. Dağ tipi: Bu itlər böyük sümüklərə, qalın kürkə sahibdir və Pamir dağları kimi yüksək dağlıq ərazilərdə yaxşı inkişaf edirlər. Bu itlər daha soyuq və rütubətli iqlimlərə uyğunlaşmışdır. 2. Çöl tipi: Daha yüngül quruluşa malik, orta və ya uzun tüklü itlərdir. Onlar dağ növlərindən daha sürətli və çevik, bədən quruluşu ilə gözqamaşdırıcı görkəmə malikdir. 3. Səhra tipi: Bu itlər daha çox əkin sahələri və səhralarla əhatə olunmuş, az bitki örtüyü olan isti mühitlərdə tapılır. Orta boyda olurlar, kürkləri qısa və ya orta uzunluqdadır. Davranış Kuçi itləri köçəri xalqın mal-qara, ailə və əmlakını, sahiblərinin düşərgələrini və karvanlarını qorumağa çalışırıdlar. Bu itlər təhlükəyə qarşı son dərəcə dözümlü olmaqla yanaşı, çətin ətraf mühit şərtlərinə də uyğunlaşmağa qadirdir. Bu itlər digər itlərə və tanımadıqları insanlar da daxil olmaqla, əraziyə girməyə çalışan hər kəsə qarşı aqressiv ola bilər.
https://en.wikipedia.org/wiki/Kuchi_dog
https://wagwalking.com/breed/kuchi
https://www.dog-learn.com/dog-breeds/kuchi
https://globaldogbreeds.com/Kuchi-Dog-Afghan-Shepherd-Dog#google_vignette
https://www.dogproductpicker.com/kuchi-dog-breed-info/
https://www.101dogbreeds.com/kuchi-dog.asp
Tarix : 31 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.