- Wikisun
Efiopiya ağgözü (Zosterops poliogastrus) - Əvvəllər Heuqlin ağgözü və ya dağ ağgözü kimi tanınan, "Zosteropidae" fəsiləsinə aid olan kiçik ötücü quş növü. Bu quş cənub-şərqi Sudan, Eritreya və Efiopiyanın şimal, mərkəz və şərq hissələrində tapılır. Onun təbii yaşayış mühiti subtropik və ya tropik rütubətli dağ meşələrindən tutmuş subtropik və ya tropik yüksək dağlıq kolluqlar, plantasiyalar və kənd bağlarına qədər dəyişir. Taksonomiya Efiopiya ağgözü ilk dəfə 1861-ci ildə alman səyyah və ornitoloq Teodor fon Heuqlin tərəfindən "Abissiniyanın yüksək dağlıq ərazilərindən" toplanan nümunələr əsasında təsvir edilmiş və təqdim edilmişdir. Heuqlin bu quşu "Zosterops" cinsinə daxil edərək "Zosterops poliogastra" binominal adını vermişdir. "Zosterops" cins adı qədim yunan dilində "kəmər" və ya "qurşaq" mənasını verən ζωστηρος/zōstēros sözü ilə "göz" mənasını verən ωπος/ōpos sözünün birləşməsindən yaranıb. Xüsusi epitet olan "poliogastrus" isə qədim yunan dilində "boz" mənasını verən πολιος/polios sözü ilə "qarın" mənasını verən γαστηρ/gastēr, γαστρος/gastros sözlərinin birləşməsindən əmələ gəlib. Efiopiya ağgözü əvvəllər "dağ ağgözü" və ya "geniş halqalı ağgöz" kimi tanınan politipik növ kimi qəbul edilirdi. Molekulyar filogenetik araşdırmaların nəticələrinə əsasən, yarımnövlər ayrı-ayrı növlərə çevrildi. Dörd növün (cənub Pare ağgözü (Zosterops winifredae), Mbulu ağgözü (Zosterops mbuluensis), Taita ağgözü (Zosterops silvanus) və geniş halqalı ağgöz (Zosterops eurycricotus)) ayrılmasından sonra ingilis dilində adı "Heuqlin ağgözü" olaraq dəyişdirildi. Nəhayət, 2024-cü ildə Kafa ağgözünün (Zosterops kaffensis) ayrı növ kimi tanınması ilə ingilis dilində adı yenidən dəyişdirilərək "Efiopiya ağgözü" adlandırıldı. Efiopiya ağgözü monotipik növdür: heç bir yarımnövü tanınmır. Təsvir Efiopiya ağgözünün başı və tacı parlaq sarı rəngdədir və bu rəng ağ göz halqasına qədər uzanır. Gözdən qara dimdiyə qədər uzanan nazik qara xətt var. Dimdiyin altındakı hissə də sarı rəngdədir. Uçuş lələkləri limon-yaşıl rəngdədir, lələklərin ucları isə qəhvəyi-qara rəngə çalır. Erkək və dişi fərdlər görünüş baxımından oxşardır. Yayılması və yaşayış mühiti Quru mövsümdə Heuqlin ağgözü adətən 50 quşdan ibarət böyük dəstələr halında tapılır. Lakin yağışlı mövsümdə bu ölçülü dəstələr yalnız səhər tezdən və ya axşam gün batımına yaxın müşahidə edilir. Onların yaşayış mühiti ümumiyyətlə meşə kənarları və təcrid olunmuş əkin sahələrindən ibarətdir. Bu ərazilərdə onlar əsasən gənc ağaclıqlarda və ya qısa ağaclarda yaşayırlar. Dəniz səviyyəsindən 1340–3640 metr yüksəklikdə rast gəlinirlər. Qidalanma Əsas qidası giləmeyvə və kiçik həşəratlardan ibarətdir. Lakin sentyabr və noyabr aylarında onlar "Leonotis" çiçəklərindən qidalandığı müşahidə edilmişdir. Quru mövsümdə əsasən meyvə ilə qidalanır, yağışlı mövsümdə isə həşəratlarla qidalanır.
https://en.wikipedia.org/wiki/Ethiopian_white-eye
https://birdsoftheworld.org/bow/species/heuwhe2/cur/introduction
https://datazone.birdlife.org/species/factsheet/ethiopian-white-eye-zosterops-poliogastrus
https://ebird.org/species/heuwhe2
https://inaturalist.lu/taxa/980052-Zosterops-poliogastrus
https://avibase.bsc-eoc.org/species.jsp?avibaseid=BF3D3E2660C7673E
https://xeno-canto.org/species/Zosterops-poliogastrus
Tarix : 26 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.