• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
cetirler

Çətirlər

Çətirlər — Pyer-Ogüst Renuar tərəfindən 1880-ci illərdə iki mərhələdə çəkilmiş, kətan üzərində yağlı boya əsəridir. Əsər London Milli Qalereyasının kolleksiyasındadır. Həmçinin əsər, növbə ilə London və Dublin Şəhər Qalereyasında nümayiş etdirilir. 2013-cü ilin mayından 2019-cu ilə qədər altı il müddətinə Dublində sərgilənib. Tablo, ən son Parisdəki Muzey d'Orseydə Renuarın "Renoir et l'amour: La modernité heureuse (1865–1885)" adlı retrospektiv sərgisi üçün müvəqqəti nümayiş etdirilir. Sərgi 17 mart–19 iyul 2026-cı il tarixlərində keçirilib. Yaradılması Renuar əsər üzərində təxminən 1880–1881-ci illərdə işləməyə başlayıb. O, həmin dövrdə impressionist cərəyan üçün səciyyəvi olan, tünd və parlaq tonlarla işlənmiş sərbəst fırça vuruşlarından istifadə edib. Təxminən 1885-ci ildə Renuar impressionizmə bağlılığını itirdikdən və İtaliyada gördüyü klassik incəsənətdən, həmçinin Engr və Sezanın əsərlərindən ilhamlandıqdan sonra tablonun bəzi hissələrini yenidən işləyib. Xüsusilə kompozisiyanın sol tərəfindəki əsas qadın fiquru daha klassik, xətti üslubda və daha sakit rənglərlə yenidən işlənib. Eyni mərhələdə arxa plan və çətirlər də əlavə edilib. Rentgen müayinəsi qadının geyiminin əvvəlcə fərqli olduğunu göstərib: onun başında papaq olub, paltarında isə üfüqi büzmələr və yaxa ilə qollarda ağ krujeva olub. Bu geyim onun, orta təbəqəyə mənsub olduğunu göstərirdi. Sonrakı variantda geyimin sadələşdirilməsi isə, qadını fəhlə sinfinin nümayəndəsi — qrizetka, yəni burjua qadını deyil, şəhər işçi təbəqəsinə aid qadın kimi təqdim edir. Rentgen təhlili və həmin dövrdəki geyim dəbinin dəyişməsi, əsərin iki ayrı mərhələdə işlənmə tarixini kifayət qədər dəqiq müəyyənləşdirməyə imkan verir. Təsviri Əsərin hündürlüyü 180,3 sm, eni isə 114,9 sm-dir. Tabloda yağışlı havada çətirlərdən istifadə edən insanların təsvir olunduğu, izdihamlı Paris küçəsi göstərilib. Sağ tərəfdə bir ana, 1881-ci ilin günorta gəzintisi dəbinə uyğun geyinmiş iki qızına baxır. O, kompozisiyanın mərkəzində yerləşən və çətirini açıb-bağlamaq üzrə olan qadını böyük ölçüdə gizlədir. Bu detal yağışın yeni başlamaq və ya artıq dayanmaq üzrə olduğunu düşündürür. Kompozisiyanın sol tərəfində əsas qadın fiquru yerləşir. Renuarın sevgilisi və əsərlərində tez-tez təsvir etdiyi Süzanna Valadonun modellik etdiyi bu qadın papaq mağazasında çalışan köməkçi və ya modistka kimi təqdim olunur. O, əlində papaq qutusu daşıyarkən palçıq və sudan qorunmaq üçün ətəyini qaldırıb. Qadının başında papaq, üzərində yağış plaşı və əlində çətir yoxdur. Saqqallı, enerjili gənc kişi sanki qadına yaxınlaşaraq ona çətirinin altında sığınacaq təklif etmək üzrədir. Qadın və sağdakı iki qızdan halqa və çubuqla oynayan qızlardan biri tamaşaçıya baxır. Digər fiqurlar isə öz işləri ilə məşğuldur. Qeyri-adi cəhətlərdən biri, tablonun əsas diqqət mərkəzinin, kompozisiyanın ortasında yerləşməməsidir. Bir çox fiqur çərçivə tərəfindən kəsilir və bu, əsərə fotoşəkil təsiri verir. Kompozisiya təbii təsir bağışlasa da, çətirlərin bucaqları diqqətlə qurularaq həndəsi formalar yaradılıb. Əsas qadının papaq qutusu və qızın halqası isə bu həndəsi quruluşa dairəvi elementlər əlavə edir. Əsərin rəng palitrasında əsasən mavi və boz tonlar üstünlük təşkil edir. Tablonun yuxarı hissəsində çətirlərin örtükləri, aşağı hissəsində isə insanların paltarları və paltoları ritmik rəng naxışı yaradır. Materialların təhlili London Milli Qalereyasının alimləri tərəfindən Renuarın Çətirlər əsərindəki piqmentlər üzərində aparılmış təhlil, əsərin yuxarıda təsvir edilən iki ayrı mərhələdə çəkildiyi fərziyyəsini təsdiqləyib. Sol tərəfdəki qadının paltarında iki boya qatı müəyyən edilib. Alt qatda kobalt mavisi, sink sarısı və qırmızı lak qarışığından istifadə olunub. Bu piqment qarışığı sağ tərəfdəki qadının və onun iki qızının geyimində də tətbiq edilib. Hər iki qat 1881-ci ildə, əsərin ilkin mərhələsində çəkilib. Sağdakı qadının paltarının 1886-cı ildə, ikinci mərhələdə çəkilmiş üst qatında isə ultramarin və digər piqmentlərin qarışığından istifadə olunub. Bu qarışıq əvvəlki mərhələdəki rənglərdən nəzərəçarpacaq dərəcədə daha solğun, bozumtul-mavi çalara malikdir. Mənşəyi Renuar Çətirlər əsərini dərhal sərgiləməyib. Ehtimal olunur ki, rəssam üslubların bu şəkildə birləşdirilməsinin tamaşaçılar üçün həddindən artıq mürəkkəb görünəcəyini düşünürdü. Nəhayət, 1892-ci ildə əsəri fransız sənət taciri Pol Düran-Ryuelə satdı. Daha sonra Düran-Ryuel əsəri ser Hy Leynə satdı. Leyn 1915-ci ildə RMS Lusitania gəmisinin batması nəticəsində həlak oldu və vəsiyyətində bu əsəri, eləcə də digər tablolarını Londondakı Teyt qalereyasına bağışladı. Əsər 1917-ci ildə qalereyanın mülkiyyətinə keçdi. Lakin imzalanmış əlavə vəsiyyətnamədə Leynin ölümündən əvvəl fikrini dəyişdiyi və əsərlərin Dublində nümayiş etdirilməsini üstün tutduğu bildirilirdi. Əlavə sənəd əks imza ilə təsdiqlənmədiyindən onun hüquqi qüvvəsi mübahisəli sayıldı. 1935-ci ildə tablo London Milli Qalereyasına verildi. 1959-cu ildə isə Hy Leyn vəsiyyətinə daxil olan digər yeddi əsərlə birlikdə tablonun London və Dublin arasında növbə ilə nümayiş etdirilməsi barədə razılıq əldə edildi. 2013-cü ildə əsər müstəsna olaraq Nyu-Yorkdakı Frik kolleksiyasında keçirilən sərgi üçün oraya göndərildi. Həmçinin bax Qızıl buzova sitayiş Müqəddəs Georgi və əjdaha Vendramin ailəsinin portreti Madonna çəmənlikdə Müqəddəs Sebastianın şəhidliyi Qeydlər Ədəbiyyat London Milli Qalereyası BBC Roy, A.; Billinge, R.; Riopelle, C. «Renoir's "Umbrellas" Unfurled Again». National Gallery Technical Bulletin, cild 33, s. 73–81, 2012. Renoir: The Umbrellas, video, Frik kolleksiyası Painting the Difference: Sex and Spectator in Modern Art, Çarlz Harrison, s. 30.


İstinadlar

Tarix : 9 sentyabr 2026