- Wikisun
Berger Pikard və ya "Pikardy Shepherd" - Fransanın Pikardiya bölgəsinə aid çoban iti. Bu cinsin, həm Birinci, həm də İkinci Dünya Müharibəsindən sonra demək olar ki, nəsli kəsilmişdir. Lakin sonradan qalan fərdlərdən istifadə edərək saylarını nisbətən artırmaq mümkün olmuşdur. Xüsusiyyətləri Berger Pikard orta boylu, əzələli bir itdir. Hündürlüyü yüksək olsa da, görünüşcə zərifdir. Erkəklər ortalama 61-66, dişilər isə 56-61 santimetr hündürlükdə olur. Çəkiləri isə hər iki cinsdə ortalama 23-32 kiloqram arasındadır. Qulaqları təbii olaraq dik, hündür və dibində genişdir. Qaşları qalındır, lakin bu, itlərin tünd gözlərini örtmür. Cinsin ən məşhur xüsusiyyətlərindən biri onların "gülüşləri"dir. Təbii quyruğu çənəyə çatır və ucunda yüngül bir "J" əyrisi ilə aşağıya doğru sallanır. Kürkü sərt, minimal alt örtüklə, çox uzun olmayan bir quruluşa malikdir. Rəngləri müxtəlif çalarlarla iki əsas rəngə bölünür: açıq qəhvəyi və tünd qırmızı. Temperament Berger Pikardın xarakteri canlı, ağıllı və təlimə tez cavab verən, lakin eyni zamanda həssas və iddialı bir xarakterə sahibdir. Bu itlər rahat və yumşaq təbiətlidir, amma yad insanlara qarşı aqressiv ola bilərlər. Cinsin sosiallaşması üçün ilk iki ildə böyük diqqət və çoxlu təcrübə tələb olunur. Pikardlar enerjili və çalışqandır, ayıqdırlar və həddindən artıq hürməklə məşhurdurlar. Bəzi Pikardlar yeməklərə qarşı çox seçicidir. Bu cinsin həmçinin yaxşı inkişaf etmiş yumor hissi var, bu da onları sevimli yoldaş edir. Berger Pikardlar hələ də Fransada həm qoyun, həm də mal-qara çoban iti kimi çox səmərəli şəkildə istifadə olunurlar. Bir çox digər çoban iti cinsləri kimi, Pikardlar insan yoldaşlığına ehtiyac duyurlar. Sahiblərinə çox bağlıdırlar və digər heyvanlara qarşı da həvəsli ola bilərlər. Bu səbəbdən formal itaət təlimi və müsbət sosiallaşma vacibdir. Sağlamlıq Berger Pikard nisbətən sağlam bir cinsdir. Bu cinsin qarşılaşa biləcəyi bəzi tibbi problemlər arasında omba displazisi və mütərəqqi retinal atrofiya (PRA) yer alır. Gözləri OFA (Amerikan Kineoloji Assosiasiyası) tərəfindən irsi xəstəliklərə görə sertifikatlaşdırılmalı və nəticələr OFA məlumat bazasında dərc edilməlidir. Berger Pikardın orta ömrü 12-14 ildir. Məşq və fəaliyyətlər Berger Pikard çeviklik yarışlarında, izləmə, itaətkarlıq, şoumenlik, "Schutzhund", "flyball", Fransız ring idmanı və sürü yarışlarında iştirak edə bilər. Bu cinsin sürü qoruma instinktləri və məşq qabiliyyəti,müxtəlif testlərlə ölçülə bilər. Berger Pikardlar, sürü instinktlərini nümayiş etdirərək sürü sınaqlarında yarışmaq üçün öyrədilə bilərlər. Tarix 2018-ci ildə aparılan bir genetik araşdırma, Berger Pikard cinsinin "Fransız Berger Pikard", "Alman Çoban İti" və beş italyan cinsindən törədiyini göstərdi. Bu italyan cinslər"Bergamasco Shepherd", "Cane Paratore", "Lupino del Gigante", "Pastore d'Oropa" və "Pastore della Lessinia e del Lagorai" idi. Bəzi mütəxəssislər Berger Pikard cinsinin 9-cu əsrdə Fransanın şimalına və "Pas de Kaley"ə franklar tərəfindən gətirildiyini irəli sürürlər. Digər mütəxəssislər isə, bu cinsin daha məşhur "Briard" və "Beauceron" cinsləri ilə əlaqəli olduğunu iddia edirlər. Cinsin görünüşü, şou itləri kimi məşhur olmasına man olub. İlk dəfə 1863-cü ildə Fransada keçirilən it sərgisində nümayiş olunub, amma o dövrün şou standartlarına uyğun olaraq populyarlıq qazana bilməyib. Berger Pikard cinsinin nəsli həm Birinci, həm də İkinci Dünya Müharibələri zamanı demək olar ki, tükəndi. Cinsin nümayəndələrinin, Fransanın şimal-şərqindəki kənd təsərrüfatlarında cəmləşdiyindən, Somma döyüşlərində cinsin sayının azaldığı və nəslinin kəsilmək təhlükəsi yaşandığı bildirilir. Bu cinsin bütün dünyada yayılması hələ də məhduddur və Fransada təxminən 3500 Berger Pikard mövcuddur. Berger Pikard 1955-ci ildə "Beynəlxalq Kinoloji Federasiyası" (FCI) tərəfindən tanınmışdır. Almaniyada bu cinsin təxminən 500 nümayəndəsi var. ABŞ və Kanadada isə təxminən 400 Berger Pikard mövcuddur. "Berger Picard Club of America" və "Berger Picard Club Canada" bu cinsi təbliğ etmək və qorumaq məqsədilə yaradılmışdır. Berger Pikard 1 iyul 2015-ci ildə "American Kennel Club" tərəfindən sürü qoruyan itlər qrupunda tam olaraq tanındı. O, həmçinin "Kanada Kennel Klub"-u tərəfindən çoban iti qrupuna daxildir. "Picardy Sheepdog" üçün müvəqqəti cins standartı 1 aprel 2014-cü ildə Böyük Britaniyanın "Kennel Club"-u tərəfindən təsdiq edilmişdir. Berger Pikard ilk dəfə 2016-cı ilin martında "Crufts" sərgisində "Pastoral" (Herding) qrupunda nümayiş etdirildi. Mədəniyyətdə Berger Pikard cinsi ən azı üç filmdə görünmüşdür. Bunlar "Daniel and the Superdogs" (2004); "Because of Winn-Dixie" (2005); "Are We Done Yet?" (2007) filmləridir. "Because of Winn-Dixie" filminin prodüserləri Avropadan beş Pikard gətirmişlər.(bu beş itdən üçü “Skott”, “Layko” və “Taşa” — həqiqətən də film çəkilişlərində iştirak etmişdir).
https://en.wikipedia.org/wiki/Berger_Picard
https://a-z-animals.com/animals/berger-picard/
https://www.akc.org/dog-breeds/berger-picard/
https://dogtime.com/dog-breeds/berger-picard
https://bergerpicard.breedarchive.com/home/index
https://bpclubofamerica.org/history-in-france
https://www.webmd.com/pets/dogs/what-to-know-about-berger-picards
https://wagwalking.com/breed/berger-picard
https://blog.petihtiyac.com/picardy-coban-kopegi-berger-picard-ozellikleri
https://blog.zoo.com.tr/berger-de-picard-picardy-coban-kopegi/
Tarix : 28 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.