- Wikisun
Amendolara (Lukan dialektində: Minnuare) — İtaliyanın cənubunda, Kalabriya regionunun Kozensa əyalətində yerləşən şəhər və bələdiyyədir. Şəhər dəniz səviyyəsindən 200 metr yüksəklikdə yerləşir və İon dənizinə baxır. Tarixi Amendolara adının ərazidə badam istehsalının geniş yayılması ilə əlaqədar latınca Amygdalaria (mandorlai) sözündən yarandığı ehtimal olunur. Ərazidə aparılan arxeoloji araşdırmalar göstərir ki, burada artıq Neolit dövründə (e.ə. 6000–4000-ci illər) məskunlaşma mövcud olmuşdur. İnsanların ərazidə daimi məskunlaşması isə proto-tarixi dövrdə (e.ə. 3500–3000-ci illər), indiki Köhnə rayonun (Rione Vekkio) ərazisində bir icmanın məskunlaşması ilə başlamışdır. E.ə. VII əsrdə axeylər tərəfindən Sibaris şəhərinin salınmasından sonra, köhnə rayon ərazisində yaşayan əhali daha geniş olan San Nikola ərazisinə köçmüşdür. Burada Laqariya adlandırılan yeni şəhər salınmışdır. Roma Respublikasının hakimiyyətindən sonra Amendolara əsasən dini mərkəzə çevrilmişdir. Əvvəlcə ərazi Bizans imperiyasının hakimiyyəti altında olmuş, daha sonra isə sistersi rahiblərinin fəaliyyəti ilə dini əhəmiyyətini qorumuşdur. Ərazidəki çoxsaylı kilsələr və zahidlərin mağaraları bunu təsdiqləyir. Təxminən 1000-ci ildə burada qala tikilmişdir. XVI əsrdə dominikanlar monastır və "Torre Spakkata" ("Yarılmış qüllə") adlandırılan qülləni inşa etmişdilər. İki əsr ərzində feodal dövründə müsadirə edilmiş torpaqlar uğrunda feodallarla şəhər arasında mübarizə gedirdi. XVIII əsrdə torpaq sahələri təsərrüfatlara çevrildi və bələdiyyə ilə dövlət arasında bölüşdürüldü. Dövlətə məxsus torpaqlar daha sonra ən nüfuzlu orta təbəqə ailələrinin nümayəndələrinə satıldı. XIX əsrdə Amendolara liberal ideyaların yayılması üçün əlverişli mərkəzə çevrilmişdi. Bununla yanaşı, kilsələrdə saxlanılan ən mühüm sənət əsərləri talan edilmişdi. 1848-ci ildə əhalinin böyük hissəsi yoxsulluq içində yaşayırdı və torpaq sahiblərinə qarşı üsyan edərək Strafase torpaqlarını zəbt etmişdi. Yoxsulluq və işsizlik Argentinaya və Şimali İtaliyaya əhəmiyyətli miqrasiyaya səbəb oldu. Bu miqrasiya təxminən bir əsr davam etmişdir. Mətbəx Yerli mətbəx Amendolaranın güclü ənənələrindən biri və mühüm mədəni-turizm amilidir. O, yerli iqtisadiyyata və cəmiyyətə mühüm töhfə verir. Mətbəx sadə və təbii məhsullara əsaslanır, əsasən yerli tərəvəzlərdən istifadə olunur. Amendolaranın kulinariya ənənəsi "Alto İonio Kozentino" ərazisinin kənd təsərrüfatına əsaslanır və Sibari ərazisində geniş istifadə olunan əsas ərzaq məhsullarının tətbiqi ilə səciyyələnir. Yerli mətbəxdə geniş yayılmış ilk yeməklərdən biri raşkatillidir. Bu, un və sudan hazırlanan, barmaqlarla kiçik hissələrə ayrılan təzə makarondur. Üzərinə təzə pomidor sousu və reyhan, yaxud quzu əti sousu və bir qədər acı bibər əlavə edilir. Ferrazuoli isə nazik dəmir çubuqla üzərində izlər yaradılan çubuqşəkilli təzə makarondur və ət sousu ilə təqdim edilir. Hər iki yemək kəndli mətbəxinə aiddir. Onlara servis zamanı rəndələnmiş rikotta pendiri əlavə edilir. Milad bayramında hazırlanan ənənəvi şirniyyatlardan biri I krispidir. Bu şirniyyat buğda unu, su və mayadan hazırlanır, iri halqa formasında yoğrulur, zeytun yağında qızardılır və üzərinə şəkər şirəsi əlavə edilir. I kannarikoli isə un, qara istiot, şərab və az miqdarda mayadan hazırlanan iri xəmir kündələridir. Onlar zeytun yağında qızardılır. Pasxa bayramında kullura və pastitsi hazırlamaq ənənəsi mövcud olmuşdur. Kullura yeni həyatın rəmzi hesab edilən Pasxa çörəyidir. Xəmir un, yumurta, darçın, razyana toxumu, piy, duz və mayadan hazırlanır və çələng formasında yoğrulur. Pastitsilər isə un, piy, duz və istiotdan hazırlanan xəmir yeməyidir. İçərisinə keçi əti və içalatı qoyulur, istiot, cəfəri və sarımsaqla ədviyyələndirilir. Daha sonra zeytun yağında kolbasa əlavə edilməklə qızardılır və sobada bişirilir. İstinadlar Xarici keçidlər Vikianbarda Amendolara ilə əlaqəli mediafayllar var.
https://az.wikipedia.org/wiki/Amendolara
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Amendolara¶ms=39_57_0_N_16_35_0_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=39.95000,16.58333&q=39.95000,16.58333&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=16.58333,39.95000&pt=16.58333,39.95000&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=39.95000&mlon=16.58333&zoom=12
https://www.comune.amendolara.cs.it/
https://www.comune.amendolara.cs.it/Home/Guida-al-paese
Tarix : 8 oktyabr 2026